15 Yanvar 2021 13:20
3 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman sürətlə dəyişir. Yeni dövrün çağırışlarına öncədən hazır olmaq qarşıya çıxan problemlərin uğurla dəf edilməsinə imkan yaradır. Problemlərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün müvafiq addımların atılması istiqamətində ölkəmizin uğurları şübhəsizdir. Məhz bu uğurlar beynəlxalq təşkilatların reytinq hesabatlarında Azərbaycanı ən islahatçı ölkələr sırasında ilk onluğa yüksəldib. Durmadan irəli yürüyən zaman cəmiyyət həyatında da daha sürətli irəliləyiş tələb edir. Cəmiyyətin güzgüsü hesab edilən mətbuat isə həyatımıza daxil olan bütün yeniliklərin lokomotividir.

Mətbuata dövlət qayğısı Azərbaycanda özünəməxsus üstün keyfiyyətləri səciyyələnir. Müstəqilliyin ilk illərindən mətbuatın inkişafı ilə bağlı qanunvericilik bazasının yaradılması, senzuranın ləğvi, KİV -lərə dövlət dəstəyi Azərbaycan dövlətinin prioritetləri sırasında olub. Bu günlərdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında AR Medianın inkişafı Agentliyinin yaradılması da media qurumlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi üçün ölkə başçısı tərəfindən atılmış növbəti addımdır.

İstənilən ölkədə söz və fikir azadlığının ən yüksək standartlar əsasında təmin edilməsi ikitərəfli prosesdir. Bir tərəfdən, dövlət azad mətbuatın təşəkkül tapması və cəmiyyətin mənafeyinə xidmət etməsi üçün lazımi hüquqi bazanın və ictimai-siyasi şəraitin bərqərar olunmasını təmin edir. Digər tərəfdən, jurnalist peşəsinə yiyələnən vətəndaş cəmiyyətin maraq dairəsində olan məsələlərin öyrənilməsini, araşdırılmasını və mətbuat vasitəsilə obyektiv təqdimatını milli qanunvericiliyə müvafiq qaydada vicdanla və ləyaqətlə yerinə yetirir. Müstəqillik illərimizdə dövlətin öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirdiyi danılmaz faktdır. Yeni nəsil jurnalist mütəxəssislərinin yetişməsi isə zaman tələb edən məsələdir. Bu sadəcə bir neçə qanunun qəbul edilməsi ilə ərsəyə gələn bir reallıq deyil. İnformasiya bolluğu şəraitində, gündən-günə dəyişən və yeni imkanlar yaradan İT mühitində işləmək müasir jurnalistikadan daha hazırlıqlı olmağı tələb edir. Hadisələrə və faktlara yeni dövrün tələblərinə uyğun baxışın formalaşması, faktların əldə edilməsi və araşdırılması ilə bağlı vərdiş və bacarıqlarının öyrənilməsi, materialların cəmiyyətə təqdimatı üsullarının müxtəlifliyi və mürəkkəbliyi rəqabət şəraitində çalışan jurnalistlər qarşısında ikiqat məsuliyyət qoyur. Bu məsuliyyət hissinin peşə hazırlığı prosesində aşılanması və əmək fəaliyyətinə başlayan jurnalistlər tərəfindən dərk edilməsi sağlam ruhlu, nikbin məqsədli və yaradıcı jurnalistikanın mövqeyini gücləndirə biləcək amillərdir.

Zənnimcə, yeni yaradılan Medianın İnkişafı Agentliyinin ümdə vəzifələrindən biri bu ixtisasın tədrisi və təcrübəsi prosesinin təkmilləşdirilməsinə dəstək verməklə jurnalist peşəkarlığının artırılmasına nail olmaqdır. Qlobal jurnalistikanın irəli sürdüyü yeni trendlər peşə hazırlığı prosesində dərindən öyrənilməli və peşəkar fəaliyyətdə tətbiq olunmalıdır. Milli jurnalistika tariximiz həm janr və həm də təqdimat üslublarının rəngarəngliyi baxımından kifayət qədər zəngin təcrübəyə malikdir. 145 illik təcrübəmizin ən dəyərli örnəklərinin klassik irs kimi öyrənilməsi də müasir şəraitdə peşəkarlığın artırılmasında mühüm rol oynamalıdır. Jurnalist peşəsindən qeyri-etik məqsədlərlə istifadə etməyə cəhd göstərən şayiə, şantaj və sensasiya müəlliflərinin mətbuat sahəsinə girişinin qarşısı daha peşəkar, ədalətli və ləyaqətli jurnalist fəaliyyəti ilə alınmalıdır. Azərbaycan jurnalisti öz xalqını sevərək yazmalı, öz dövlətinin və dövlətçiliyinin maraqlarına xidmət etməli, öz vətəndaşlarının qayğısına qalaraq və ona hörmət bəsləyərək yazmalıdır. Bu istiqamətdə əldə olunacaq hər bir uğur cəmiyyətimiz tərəfindən milli mətbuatımıza inamın və rəğbətin güclənməsinə səbəb olacaq.


Müəllif: Cavanşir Feyziyev