1 Sentyabr 2021 00:13
6 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Pakistan dövlətinin Türkiyədəki ilk səfiri ədəbiyyatçı idi.

Adı Mian Bəşir Əhməd xandı.

Maraqlıdır ki, Türkiyənin də Pakistandakı ilk səfiri ədəbiyyatçı idi.

Məşhur Yəhya Kamal Beyatlı.

Pakistanın qurucusu Məhəmmədəli Cinnah müsəlman ölkələri ilə diplomatik münasibətlər qurmağı fəaliyyətinin ilk sırasına qeyd etmişdi.

Yəhya Kamal 1948-ci il martın 4-də etimadnaməsini təqdim edərkən Cinnah ona belə demişdi:

“Tarixdə dövlət xadimlərinizin bir çox sahələrdəki uğurları, komandanlarınızın müharibədəki zəfərləri, islahatlarınızın getdikcə yoluna düşməsi, Qazi Mustafa Kamal Atatürkün doğuşu və mücadiləsi, bənzərsiz dövlət xadimliyi, cəsarəti və bəsirətiylə millətinizi şahlandırması, bütün bu həyəcanverici inkişafı Pakistan xalqı yaxşı bilməkdədir. Sizi təmin edirəm ki, pakistanlı müsəlmanlar ölkənizə qarşı böyük bir heyranlıq bəsləməkdədir və artıq iki azad, suveren və müstəqil dövlət olaraq Türkiyə ilə Pakistan aralarındakı bağları daha da gücləndirəcəkdirlər”.

Cinnahın Atatürkə olan ehtiramı təsadüfi deyildi. Qurtuluş savaşının zəfərlə bitməsi və Atatürk islahatları Türkiyəni müsəlman dünyasına nümunə təşkil etmişdi. Şərqdə baş verən yeni həyəcanlar, inqilablar, doğuşlar məhz onun cazibəsi ilə baş verirdi.
1938-ci ilin dekabr ayındakı qurultayda Cinnah çıxışında bu ifadələrə yer vermişdi:

“Aramızdan ayrılan başqa bir şəxsiyyət dünya miqyasında tanınan dövlət xadimi Mustafa Kamal Atatürkdür. Onun ölümü İslam dünyası üçün böyük itkidir. O, müsəlman şərqinin görkəmli simalarından biri idi. Mustafa Kamal Atatürkün şəxsində İslam dünyası böyük bir qəhrəmanını itirmişdir. Qarşılarında bu cür ilham verən bir nümunə olduğu halda Hind müsəlmanları bataqlıqda qalmağa davam edəcəklərmi?”

Bu ölüm Hind müsəlmanlarına ağır zərbə olmuşdu. Mətbuat bu kədərli hadisədən yazmış, cənazə namazları qılınmışdı.
Çünki Qurtuluş savaşı ingilis müstəmləkəsi altında yaşayan müsəlman xalqlarına bir ümid olmuşdu.

Təsadüfi deyil ki, 1921-ci ilin 30 dekabrında Məhəmmədəli Cinnahın rəhbəri olduğu Hindistan Müsəlman Birliyinin Əhmədabaddakı 14-cü qurultayında yunanlar üzərində qazandığı qələbə münasibətilə Mustafa Kamal Paşa təbrik edilmiş, onun İslam dünyasına böyük xidməti olduğu vurğulanmışdır.

Bu tarixdən bir qədər öncə iyul ayında Karaçidə təşkil edilən Hindistan Xilafət Konfransında da Ankara hökumətinin qələbəsinə rəğbət ifadə edilmiş, hətta Mustafa Kamal Paşaya Seyfül-İslam (İslamın qılıncı) ünvanının verilməsi qərarlaşdırılmışdı.

Şair Məhəmməd İqbalın timsalında isə dövrün ədibləri Mustafa Kamala şeirlər yazmışdılar.

Pakistan Mian Bəşir Əhməd xanı məhz belə bir əhval-ruhiyyə ilə müstəqil olduqdan sonra Türkiyəyə göndərmişdi.
Səfirin Türkiyədəki ilk işlərindən biri də Türkiyənin idarəçiliyini öyrənmək idi. Dövrün qəzetlərindəki məlumata görə, səfir xanımı və qızı ilə birgə Ədliyyə nazirliyinə getmiş, bəzi məhkəmə proseslərini də izləmişdi.

Qardaş ölkənin Ankaradakı ilk səfiri oradakı mühacir azərbaycanlıların da diqqətini çəkmişdi.

1949-cu ildə Ankarada Məhəmmədəmin Rəsulzadə tərəfindən qurulan Azərbaycan Kültür Dərnəyi toplantılarından birinə Bəşir Əhməd xanı da dəvət etmişdi.

1950-ci il martın 16-da təşkil edilən toplantıya müxtəlif dövlət rəsmiləri, Qars millət vəkilləri ilə yanaşı Pakistan səfiri də xanımı ilə birlikdə gəlmişdi.

Həmin gün ən maraqlı səhnələrdən biri də Bəşir Əhmədin Pakistanın istiqlal mücadiləsi dövründə yazdığı bir şeirinin üç pakistanlı xanım tərəfindən oxunması olmuşdu.

Həmin tədbirdə böyük ehtimalla dərnəyin fəxri sədri M.Rəsulzadə də iştirak etmişdi...


Müəllif: Dilqəm Əhməd