ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutu(Filadelfiya) Avrasiya Proqramının baş elmi işçisi Stephen Blank Ermənistana maliyyə sanksiyaları tətbiq edilə biləcəyi haqda Bal, sirkə ve Rusiyanı zəiflətməyin başaq bir yolu adlı yazı qələmə alıb.
Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) və Sənaye və Təhlükəsizlik Bürosu (BIS) Ermənistanı sanksiya qoyulmuş malların Rusiya və Belarusa keçə biləcəyi ölkələr siyahısına daxil edib. Sanksiya tətbiq olunan mallara hərbi məqsədlər üçün istifadə ediləcək avadanlıqlar: təyyarə hissələri, sonar(hidrolaokator) sistemləri, antenlər, GPS sistemləri, neft-mədən avadanlıqları və s. daxildir.
May ayında Ermənistanda Rusiyadan pul daxilolmaların izlənməsinin bütün tarixində mütləq rekord qeydə alınıb - 266 milyon dollar. Bu, mart ayında qeydə alınmış 115 milyon dollardan iki dəfə çoxdur. Xaricdən pul köçürmələri ilə yanaşı, Ermənistandan da xaricə pul göndərilir. 2022-ci ilin yanvar-may aylarında Ermənistandan fiziki şəxslərin banklar vasitəsilə xaricə pul köçürmələri təxminən 660 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur. O cümlədən, Rusiyaya 19% artımla 182 milyon dollar göndərilib. 2022-ci ilin may ayında fiziki şəxslər xaricdən Ermənistana banklar vasitəsilə 412 milyon dollar göndərib.
Ermənistan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, bu da Ermənistan üçün rekord göstəricidir. 2022-ci ilin mart ayının sonuna bank sistemi vasitəsilə xaricdən respublikaya pul köçürmələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 155 milyon dollar və ya 38,2% artaraq 561 milyon dollara çatıb.
“Həm də bu rəqəmlər Rusiya ilə Ermənistan arasında pulların tam hərəkətini əks etdirmir. Ermənistanın kiçik ölçüsünü nəzərə alsaq, biz yalnız Rusiya ilə daha böyük ölkələr baş verən pul köçürmələrinin həcmini təsəvvür edə bilərik” deyə müəllif yazır. Onun fikrincə, Bayden Administrasiyası və onun avropalı müttəfiqləri Ermənistana təzyiq göstərməlidirlər ki, sanksiyaların qurbanı olmasın deyə bu əməlləri dayandırsın. Lakin eyni zamanda, onlar İrəvana (və digər maraqlı auditoriyalara) Ermənistanın demokratikləşməsinin dəstəklənməsində daha böyük rol oynamağa hazır olduqlarını və Azərbaycanla sülhün möhkəmləndirilməsinə və Ermənistan-Türkiyə münasibətlərindəki çıxılmaz vəziyyətə son qoymağa kömək etməyə hazır olduqlarını bildirməlidirlər. Dağlıq Qarabağda davam edən çəkişmələrdən yalnız Rusiya faydalanır .
Ekspertə görə, indi ABŞ-ın Ermənistana münasibətdə həm baldan, həm də sirkədən həm öz, həm də Ukrayna maraqlarını eyni vaxtda həyata keçirmək üçün istifadə etmək imkanı və stimulu var. Rusiyanın döyüş maşınına gizli dəstək verməyə şirniklənən və ya məcbur qalan hökumətlər üçün həm riskləri, həm də qazanclarını nümayiş etdirmək üçün Ermənistanın nümunəsi gec deyil, tez bir zamanda istifadə edilməlidir. “Moskvanı “müttəfiqlərindən” və dəstəkçilərindən məhrum etməklə biz bu müharibəni daha tez bitirə, özümüzün və ümumi maraqları müdafiə edə və digər münaqişə zonalarında sülhün bərqərar olmasına kömək edə bilərik. Bunu etmək vaxtıdır və biz unutmamalıyıq ki, nadir hallarda dövlətlər doğru davranmaq üçün ikinci şans əldə edirlər.”
Yazıda gətirlmiş faktlar, rəqəmlər, narahatlıqlar başa düşüləndir. Amma bu narahatlıqları aradan qaldırmaq üçün təklif edilən metod ( sirkədən əvvəl bal təklif etmək, yəni Ermənistanı Qarabağ münaqişəsi ilə bağlı və Türkiyə ilə əlaqələrdə qane edəcək variantla şirnikləndirmək, sanksiya tətbiq etməmək) anlaşılan deyil. Sanksiyaları sadəcə poza bilmə ehtimalına görə Türkiyəyə "sirkə" (sanksiya) xəbərdarlığı edilirsə, qeydə alınmış fakta görə Ermənistana niyə şirnikləndirici şərtlər və ya ekspertin təbirincə desək, "bal" təklif edilməlidir?