Əhməd bəy Ağaoğlu xatirələrində tələbə ikən Fransanın tanınmış qadın ictimai xadimlərindən Madam Adamla görüşünü illər sonra belə yada salırdı: “Ömrümdə üç məsud günüm olmuşdur: Birisi o gündü, digəri ilk yazım çıxdığı gün, üçüncüsü də Dumlupınar zəfəri günüdür!”.
Birinci görüşdə Əhməd bəyə Fransa ictimaiyyətinin qapısı açılmış, ikinci hadisədə mətbuat həyatının qapısı açılmış, üçüncüdə isə ömrünün sonunadək xidmət edəcəyi Türkiyə Cümhuriyyətinin qapısı açılmışdı. Bir siyasətçi, publisist, ictimai xadim kimi hər üç hadisə Əhməd bəyin yaddaşında əbədi iz qoymuşdu.
Bu gün üçüncü izin yüzüncü ildönümüdür. 1922-ci il avqustun 30-da Dumlupınar zəfərində Türk ordusu yunanları məğlub edərək işğalı sonlandıran mərhələyə çatmışdı.
Ortaq tariximizin şanlı günü olan bu hadisə barədə azərbaycanlı mühacirlər də yazılarında dəyərli fikirlər bölüşüblər. Məhəmmədəmin Rəsulzadə 1925-ci ildə “Halk” qəzetində qələmə aldığı məqaləsində bu barədə belə yazıb: “Hərbi-ümumi nəticəsində Sevr müqaviləsi ilə əsarət altına alınmaq istənilən Türkiyə yeddi dövlətə qarşı hərb edərək milli vəhdət və istiqlalını qurtarmaq üçün silaha sarıldı.
Millətdəki müqavimət qüvvətlərini hər kəsdən yaxşı sezən qiymətdar bir rəhbərin sövqü ilə bütün cahanı heyrətə salan müzəffəriyyətə nail oldu. Türkiyə yalnız əcnəbi düşmənləri deyil, onu hər növ tərəqqi və inkişafdan məhrum qoyan daxili əngəlləri də qəti və məhvedici zərbələrlə kəsib atdı”.
30 Avqust zəfəri Rəsulzadənin də dediyi kimi Türkiyəni yer üzündən silməyə hesablanan Sevr müqaviləsini kağız parçasına çevirdi, Lozannaya gedən yolu açmış oldu. Nəticədə həm cümhuriyyət elan edildi, həm də işğaldan qurtarılan ərazilərdə Türkiyənin suverenliyi təsdiqləndi.
Buna görə də Məhəmmədəmin bəy Atatürkü qurtulan Şərqin simvolu adlandırırdı.
Cümhuriyyətin qurulmasından sonra Mustafa Kamal paşa yeni dövlətin çağdaş dünya dəyərlərini yaşatması üçün inqilabi addımlar atdı. Rəsulzadə 1928-ci ildə Atatürklə bağlı məqaləsində onun bu addımlarını həm Amerika, həm də Fransa inqilabı ilə müqayisə edirdi: “Mənhus Sevr müqaviləsi ilə məhvə və uçuruma yuvarlanan Türkiyəni bugünkü şanlı mövqeyinə yüksəldən hərəkat Türkiyənin istiqlalını qazanmağa yönəlmiş bir hərəkat idi. Şərqdəki böyük hərəkatın şərəfli rəhbərliyini təmsil edən bu şanlı mübarizənin Qazi rəhbərini Amerika istiqlal müharibəsinin böyük qəhrəmanı Vaşinqtonla müqayisə edənlər əlbəttə yanılmırlar! Fəqət Qazi Paşa təkcə Vaşinqton deyildir. O, Türkiyənin əcnəbilərə qarşı istiqlal və hakimiyyətini müdafiə etməklə yetinmədi, eyni zamanda Böyük Fransa İnqilabının təmin etdiyi hürriyyəti də təsis etdi ki, bu örnəklə o, durğun Şərq mühitinin hürriyyət və hərəkat meydanına atılmasını da təşviq etmiş oldu.
Bəzi tənqidçilər Qazi Paşanı böyük amerikalı ilə müqayisə edərkən onun daxili və firqəvi bir məsələ saydıqları cümhuriyyət və demokratiya mücadilələrində bitərəf qalmasını arzu etmişdilər. Bu arzu bizə görə o zamankı Amerika hərəkatı ilə indiki Şərq hərəkatı arasındakı mövcud böyük fərqi görməməkdən irəli gəlirdi.
XX əsrin Şərqi XIX əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı ilə Fransa inqilabını bir həmlədə həyata keçirmək zərurətindədir. Mustafa Kamalın böyüklüyü məhz tarixin bu zərurətini qavramasındadır. Bu geniş dühası ilə türk milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan Şərqin simvoludur!”.
Sevrin cırılması, Türkün dirilməsi gününün yüzüncü ildönümü qutlu olsun!