Bu xəbərlər də eynən zəlzələ xəbəri kimidi. Məkanı bəlli olmayınca təsir gücü bilinməz. Dünyanın o başında zəlzələ olsa, zərərçəkən sayına baxıb da təəssüflənirik - iştə bu qədər. Amma elə ki, bu dəhşətli təbii fəlakətin sorağı yaxın ərazilərdən, qonşu ölkələrdən gəldi, canımıza vicvicə düşür, nə düşür. Yaxındadırsa, demək, bizdə də ola bilər.
Haqqında danışacağımsa zəlzələ yox, elə əsl vəlvələ xəbərləridir ki, son vaxtlar bütün məmləkəti sarmaqda. Nə olub? Nə baş verib? Axı ictimai-siyasi anlamda elə bir ciddi dəyişiklik yox, həyat öz axarı ilə davam edir, yeni-yeni müəssisələr açılır, yollar çəkilir, şəhər böyüyür, inkişaf edir - bunlar göz qabağında. Ruslar kimi inflyasiya belimizi bükməyib, gürcülər kimi dəhşətli kasıblıq, işsizlik problemimiz yox, bəs nədir cəmiyyəti narahat edən, bu vəlvələ təlatümü necə izah olunsun?
***
İnanın, heyvanlar aləmində də beləsinə rast gəlməzsiniz. Heç bir bioloji fərd öz tayına qarşı bu qədər qəddar olmaz. Vəhşi heyvan öz ovunu didib parçalayır, amma ovunu yeyir, yəni başqa növdən olan heyvanı, daha özü kimisini yox. Pələng pələngi yeməz, dovşan dovşanı. Hətta dilsiz-ağızsız balinalardan yaralanan olanda, başqa balinalar birləşib ona kömək edər, üzüb yuxarı - suyun səthinə qaldırarlar ki, bir udum hava ala bilsin. Etologiyanın, yəni heyvanların davranışından bəhs edən elmin əsasını qoyan Konrad Lorens 60-cı illərdə yazdığı “Təcavüz” əsərilə bəşəriyyətə elə bu ismarışı göndərmişdi - “ey insanlar, durun, dayanın, - demişdi,- ən vəhşi heyvanlar belə sizdən daha mərhəmətli, daha insaniyyətlidir!”. Elə bu çağırışına görə əsərin kvintessensiyasının dəyəri baxımından alim fiziologiya və təbabət üzrə Nobel mükafatına layiq görülmüşdü. Bu, soyuq müharibə zamanı idi. Bəşəriyyət iki qütbə bölünərək bir-birinin qanını içməyə, axırına çıxmağa hazır idi. Ortada bir ideologiya söhbəti vardı çünki. “Kim kimi?” məsələsi idi gündəmdə olan. Və dünyanın iti beyinləri kütləvi silahlanmanın qarşısını almağın yollarını arayırdılar. Əsər ideoloji missiyaya xidmət etsə də, kökündəki həqiqət təsirli və əsaslı idi.
***
Elə gün olmur ki, bizim məkanda məişət zəminində dəhşətli kriminal hadisə baş verməsin. Ər arvadın başını kəsir, bir yaramaz iki qardaşı birdən güllələyir, başqa biri it gəzdirən oğlanı bıçaqlayıb öldürür ki, bəs gərək itin hürməyəydi, hürdü, arvadımı qorxutdu, qardaş bacısını və bacısının ərini, üstəlik, onların iki azyaşlı uşaqlarını bıçaqdan keçirir, 20 il dostluq edənlərdən biri o birinin canına qəsd edir, sərxoş ata vurub oğlunu qətlə yetirir, ana iki yaşlı oğlunu boğub öldürür, sonra da meyiti xəstəxanaya aparır ki, guya uşaq yeməkdən zəhərlənib. Saymaqla, sadalamaqla bitib-tükənmir də. Niyə? Nə səbəbə? Dünya ki bir pəncərəydi, hər gələn baxıb gedən - indi belə qan-qada arenasına çevrilməsinin səbəbi nə? Azərbaycan da ovuc içi boyda bir məmləkət - bir hadisənin zərərçəkəni tanış çıxır, digərinin zərərverəni, üçüncü hadisənin baş verdiyi məkan - budu ha, lap gözümüzün qabağında. Atan kim? Vurulan kim? Tam bəlli - bizdən biri. Bəlli olmayan bu ki, bu qan-qada psixologiyası ilə hara gedirik? Özümüz özümüzə, doğmamıza, sevdiyimizə niyə düşmən çıxmışıq? Dərinə getməyin də bir faydası yox.
***
Linç məhkəməsi Amerika tarixindən qalan pis bir miras. Okeanın o tayındakılar azadlıq savaşı aparanda bir-birinin qanına susayır, adamı məhkəməsiz, hökmsüz, heç bir əsas olmadan tutub öldürürdülər. Amerikalı hakim Çarlz Linçin adıyla bağlıydı bu hadisələr. Sonradan demokratlar o dərəbəyliyin qarşısını alsalar da, insan oğlunun belə vəhşiliyə qadir olduğu tarixi həqiqətə çevrildi.
***
Fakt bu ki, bizim məkanda baş verən ağır cinayətlərin əksəriyyəti məişət zəminində olur. Yəni adi məişətdə belə bir-birimizi anlamır, normal danışıb razılaşmağı bacarmır, daha çox güc nümayişinə meyl edirik, söz qalır arxa planda. Halbuki biz dünyaya gələndə normal nağıllarımız olub, qəhrəmanlara aşiq olmuşuq və xəyalımızda hər birimiz bir ev qurmuşuq - ora girib nifrətdən, qorxudan, pislikdən xilas olaq deyə. Hanı bəs o ev? İçimizdəki ev.. Niyə bizi qorumur? Həmrəy olduğumuz kəslər hanı? Niyə hamılıqla həmrəy ola bilmirik? Allahın verdiyi fərqlilik axı qan töküb adam öldürməyə rəvac veməsin gərək. Bəs niyə belədir vəziyyət? Fikirləşdikcə qorxuram.