8 Avqust 2015 13:44
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolboyu uzanan bomboz təpələr, saralmış düzənlər, qızmar yayda yaşıllığını güc-bala qoruyan ağaclar... Sarı kövşənlərə düzülü dərzlər... Hətta bu da gözəldi! Şamaxıya gedirik.

Səhər təzə günün hələ tam başlanğıcı deyil, vaxtın bu vədəsində dünəndən nələrsə özünü adama sırımağa çalışır. Bu dəfə ötən günlərin dad-aman istisindən narahatıq. Mikroavtobusun kondisionerli salonunda da bu narahatlıq özünü hiss etdirir.

Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahına, hazırlanmaqda olan “Şamaxı ensiklopediyası”nın yerli ziyalılarla birgə müzakirəsinə yol almışıq və ensiklopediyanın layihə rəhbəri Fuad Babayev həm də yola-səfərə məsul şəxs kimi kiminsə darıxmasına imkan verməməyə çalışır. Zatən söhbətcil, zarafatcıl bir insan kimi bunu gözəl bacarır və ən əsası, buna nail olur.

Kiməsə bəbə-mövzu, ya bayağı məsələ kimi görünsə də, mən yenə vətən haqda düşünürəm, insanın doğulduğu, boya-başa çatdığı torpağın mənası, cazibəsi və əhəmiyyəti barədə fikirləşirəm. Bəlkə, kimsə belə bağlılığı özündə çoxdan qıra bilib, yaxud qırdığını güman edir; di gəl insanlar müxtəlifdi - xoşbəxti var, romantiki, sentimentalı, yazığı, əlacsızı var, lap elə türkün sözü, kosmopoliti də var...

İt ağzından çıxmış günə düşən - saxtakarların ucbatından - vətənpərvərlik, patriotizm anlayışının halından danışmayacağıq.

Tanınmamış filosof (eləcə sakit ömür yaşayıb günlərin birində dinməzcə də dünyasını dəyişən) Həsən Quliyev on il qabaq mənə müsahibədə elə onda da tüklərimi biz-biz eləyən bir proqnozunu demişdi; bu proqnozun vətənə də aidiyyəti vardı, zira indi o haqda da danışmayacağıq.

Tədbirdə də dedim, mənimçün vətən sakral bir ünvandı, çünki həyatımın ən böyük hadisəsi məhz orda baş verib - orda doğulmuşam, ciyərlərimə ilk oksigeni orda çəkmişəm, dünyanı orda görmüşəm, göyü, yeri, adamları orda bilmişəm, tanımışam. Dünya düzənini orda bulmuşam və ondan sonra belə böyük hadisə olmayıb həyatımda. Olmayacaq da. Əlbəttə, ölüm xaric...

***

Metafizik söhbətləri kənara qoyaq. Tədbir çox maraqlıydı. Çünki böyük vətənimizin bir hissəsi olan kiçik vətənimiz haqda yazılmaqda olan ensiklopediya ideyası özü maraqlıdı, gərəklidi, faydalıdı. Ensiklopediya hər şey haqda məlumatı ehtiva edən yazılar toplusudu və belə bir ƏSƏRin ortaya çıxacağına necə sevinməmək və ona kömək etməmək olar? Söhbət, əlbəttə, indi az qala bir şəhərin sərhədlərinə sığışmalı olan Şamaxıdan yox, Dərbənddən Kürün sol sahilinə qədər uzanan tarixi Şirvandan gedir. Bəli, tarix, keçmiş, olmuş hadisələr...

Keçmişimizlə rahat nəfəs alaq. Bu keçmişdə geniş torpaqlar, sufi-dərviş gözüylə görünən ucsuz-bucaqsız göyüzü, adil və şəriksiz Allah var.

Filologiya elmlər doktoru Seyfəddin Qəniyev dedi ki, adında Şirvan sözü olan 2000 şair bəllidi. Onların hamısını ensiklopediyaya salmaq mümkün olmasa da, belə bir məlumat qeyd edilsə gərəkli olar. Şair Zahid Sarıtorpağın təklifləri maraqla qarşılandı. Yerli ziyalılar danışdı.

Tədbirdən sonra Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin məzarlarını ziyarət eləmək də proqrama daxiliydi. Şair-xeyriyyəçi Gülağa Tənhanın maliyyəsiylə bilmirəm hansı ildə-əyyamda Sabirin qəbri üstə ucaldılmış məqbərəni ziyarət zamanı Fuad Babayev xəbərdarlıq elədi: “Burda ehtiyatlı olun, sözün hərfi mənasında başınıza daş düşə bilər”.

Məqbərənin yuxarısından mərmər kafellər “imkan tapan kimi” qopub aşağı yuvarlanır və biz belə daş-mərmər parçalarını yerdə də gördük.

Sabir özü necə demişdi? “Bəxti-mənhusimə bax...” Ancaq mən bunu nəhs işarət saymadım. Çünki sökülüb dağılan Sabirin yox, Gülağa Tənhanın məqbərəsidi...

***

Az qala unutmuşdum. Həmin gün Şamaxının göyündə zərif bulud qatı vardı və sizi inandırıram ki, bu, birinci dəfə deyil. Nə zaman istisindən narahat yola çıxmışam, vətənin səması məni belə qarşılayıb.


Müəllif: Qurban Yaquboğlu