Facebook-dakı dostlarımdan biri, bir də görürəm, mənə zəng edir. Xoş-beşdən sonra: “Osetrini haradan almısınız?”, - soruşur. Çaşıram əvvəlcə. “Nə osetrin? Bu gün balıq almamışam ki...” Demə, adam bu günü soruşmur, 3-4 gün qabaq sosial şəbəkədə paylaşdığım statusu görüb, üzünə həsrət qaldığımız balığın dadına baxmaq qərarına gəlib. Zatən istirahətə Tiflisə getməyi planlayıbmış. Statusumdan oxuduğu məlumatı dəqiqləşdirmək istəyib, sadəcə. Bura Qafqazdı, bəli. Yüz il əvvəl Həsən bəy Zərdabi kimi oxumuş müsəlman qızı tapıb evlənmək istəyənlər, Mirzə Cəlil kimi jurnal buraxmaq istəyənlər Tiflisə gedərdilər, indi o adamların xələfləri - ucuz və keyfiyyətli istirahət etmək üçün bu şəhərə yollanırlar. Və gözəlim Azərbaycanda xərclənməli olan pul-para sakit və mədəni tərzdə yad məmləkətlərin xəzinəsinə axır.
***
Bura Qafqazdı. Şimal sərhədindən Rusiyaya adlayınca bizim 90-cı illərə düşürsən elə bil: polisin yolçusayağı rüşvət dilənməsi, şosselərdəki özbaşınalıq - yaxın tariximizin nişanəsidir. Dağıstanda qüvvədə olan sanki yalnız şəriət qaydalarıdı, bir də yerli “avtoritet”lərin arzu-istəkləri. Mahaçqala Xəzərin sahilindədi, eynən Bakı kimi. Sahildəki restoranda şam etdiyimiz müddətdə “papa uşaqları”ndan biri təzə üstüaçıq sport maşınını dəniz qırağında guya sınaqdan çıxarır. 5-6 sotluq ərazidə bu çox bahalı maşınla dayanmadan dairələr cızır, bəlkə, yüz dəfə, hay-küyündən qulaq tutulur. Kimciyəzdirsə - adama “gözün üstə qaşın var” deyə bilən bir kimsə yox.
***
Bura Qafqazdı. Dağıstanın hər benzindoldurma məntəqəsində dua otaqları adlanan mini-məscid kimi tikililər var. Şadlıq evlərinin üzərində də “islam” və “halal” sözləri yazılıb. Burada açıq geyimli turistlərə bir az pis baxırlar. Amma həm də rüşvət istəyirlər - sərhəddə, gömrükdə, yolda - harada gəldi, səbəbsiz-filansız. Rüşvətin haram olduğunu bilmirmi müsəlman qardaşlar? Nə bilim...
***
Bura Qafqazdı. Burada biz məğlubuq, onlarsa yazıq. Erməniləri deyirəm. Heç birinin simasında bircə qalibanə nişanə də yox. İşğalçı tərəfi bu aciz durumda görmək ağlıma belə gəlməzdi. Biz ora pul xərcləməyə gedirik, onlar qulluq edib pul qazanmağa. Biz onları görməzdən gəlirik, onlar kimliklərini bizə bildirmək üçün sinov gedirlər. Kislovodskun ən məşhur restoranı. Müğənni danışığımızı eşidincə birnəfəsə bizim xalq mahnılarını, bəstəkar mahnılarını oxumağa başlayır. Ofisiant qızdan “azərbaycanlıdırmı?” soruşuram. “Yox,- deyir,- Gəncədəndi”. “Bizim ölkənin sabiq vətəndaşıdı, - deyirəm, - xəyanət edib vuruşmasaydılar, hələ də dövlətimizdə şad-xürrəm yaşayasıydılar”. Sözümdəki zəhəri qız sakitcə udur, burada biz sifarişçiyik, o icraçı, başqa variantı yoxdu ki.
Qaf dağının o üzündəki keçmiş vətəndaşlarımız bizi tanıyan kimi yarınmağa, dilimizdə danışmağa başlayırlar. Gözlərində həsrətqarışıq peşmanlıq. Rəzil günündədi əksəriyyəti - xidmət sektorunda qulluq göstərirlər.
***
Bura Qafqazdı. Rusiyanın bu cənub əyalətində o, hələ də “sağdır” - hələ də Leninin adına küçələr, meydanlar var, heykəlləri elə köhnə yerindəcə durur. Əsas ünsiyyət vasitəsi də elə onun dilidi - rus dili. Əhalinin beynəlmiləl tərkibi köhnə Bakını xatırladır. Köhnə tramvay yolları, trolleybuslar, avtomat su köşkləri - zaman maşınıyla uşaqlığımıza qayıdırıq elə bil. Kolbasaları da, dondurmaları da həmən-həməndir. Bu məkanın rəsmi saatı Moskva vaxtıyla qurulsa da, coğrafi saatı eynən bizimki kimidi. Bu yerlərdə toponimlərin də böyük əksəriyyəti türk sözüdü - Qazıbəy (Kazbek), Qaraçay, Dağıstan, Qarabulaq, Qızılyurd, Beşdağ, Nərdqala və s.
Postsovet məkanındakı ən qorxulu yollardan biri də buradadı - Gürcüstan hərbi yolu. 1780-lərdə çəkilən yolun 208 kilometri dəniz səviyyəsindən 2300 metr yüksəkdəki dağ aşırımlarından keçir. Əzəmətli dağ elə belə olur gerçək. Və bu əzəməti hər kəsin bircə dəfə seyr etməyi lazım.
***
Bura Qafqazdı. Yüzillər boyu rusun, monqolun, farsın, türkün hərb meydanına çevrilmiş nazənin məkan. Bütün digər yerlər kimi buranın da xoşbəxt və bədbəxt sakinləri var. Bədbəxtin birinə Tiflisdə rast gəlirik. “Atam azərbaycanlıdı, anam erməni, - deyir,- sizə gələndə əmilər, bibilər mənə pis baxır, İrəvana gedəndə xalalar, dayılar. Tiflisdə qərar tutmuşam. İkisinə də yaxın...”
***
Bura Qafqazdı. Bu gün biz bu məkanda dik gəzirik, vüqarla. Bakı deyincə “Avropa oyunları”, “açılış mərasimi”, “neft pulları”, “zəngin şəhər”, “Qafqazın gözəli”, “dövlətli əhali” sözlərini eşidirsən. Bu adamlar sənə həsədlə, paxıl-paxıl baxırlar. Qürurundan qanadlanıb göylərə qalxırsan. Yüksəklikdən Xəzər daha aydın görünür. Tiflisdə kilosu 9 manata satılan osetrinlər bu dənizdə azad, sərbəst artıb törəyirlər. Könlü balıq istəyənlər bir balıq qonaqlığına verdiyi pula Tiflisə də gedib qayıdar, balıq yeyib qurdunu da öldürər. Bura Qafqazdı. Və bu məkanın qəribə sirli olayları var...