12 Noyabr 2015 11:47
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir leysandı, tut ucundan çıx göyə. Küçədə-bacada ins-cins yox. Belə havada şüursuz heyvanı da bayıra buraxsan qaçıb başını gizlətməyə yer axtarasıdı, onda ola adam. Əslinə qalsa, insanların da, heyvanların da can qoruması tam eyni, yalnız motivasiyalar fərqli. Onlar instinktlə eləyir bunu, biz şüurla. Və yaşam boyu hər bioloji növ fərdi bacarıq və imkanlarını sərgiləyir, vəssalam.

***

Çimkəndli rəfiqəmlə bircə ortaq şəklimiz var – uşaq vaxtı Krımda, yazıçıların Koktebeldəki yaradıcılıq evində çəkdirmişik. O zaman həmin məkanda 5-6 qazax ailəsi dincəlirdi, hamısı da oğlanlarını “Dimaş, Dimaş” deyə səsləyirdi. Qazaxıstanda dəb idi – yazıçılar, ictimai xadimlər oğul balalarına ölkənin o vaxtkı rəhbəri Dinmühəmməd Kunayevin adını qoyardılar, amma kişiyə hörmətsizlik olmasın deyə adı bütöv söyləməzdilər, qısaca Dimaş deyərdilər. Əl-qərəz, Dimaşlardan birinin bacısı ilə dostlaşmışdıq. Bakıya dönəndən sonra da 2-3 il məktublaşdıq, böyüyüncə o vərdiş də yaddan çıxıb getdi. Bir də sosial şəbəkədə tapışdıq – upuzun illərdən sonra sağ olmuş Mark köhnə ənənələri bərpa etdi.

***

Payızın bu yağışlı-çiskinli günlərini sevirəm. Nə evinə qəfil qonaq gəlir, nə özün harasa getməyə həvəslənirsən. İşləyən xanımların hərdən belə evə bağlanmaq, dörd divardan kənara çıxmamaq, sakitcə film seyr etmək kimi istəkləri də olur.

***

Filmin ilk kadrları Qahirədə qəzaya uğrayan rus təyyarəsini yadıma salır deyə kanalı çevirmirəm. Bir futbol komandasının üzvləridi təyyarədə yol gedənlər. Hər şey bir göz qırpımında baş verir. Qəza. Okean. Adam yaşamayan tənha ada. Fəlakətdən sağ çıxan komanda üzvləri. Rejissor Şiam Madirajunun “Eden” filminin ən dramatik səhnələri də bundan sonra başlanır. Dünənki dostlar su və yemək üstündə düşmənə çevrilirlər. Burada artıq cəngəllik qanunları qüvvədə. Güclü zəifi məhv edir, sağlam yaralının suyunu, qidasını kəsir, kələk, əclaflıq, xəyanət işə düşür. Ölüm-dirim savaşında insanlar bir-birinin ətini yeməyə amadə. Eynən heyvanlar kimi. Ekran əsərinin əvvəlində səslənən bir fikir, demə filmin əsas leyt-motividir. Rejissor mesajı bu ki, insan təbiətən heyvandan qətiyyən fərqlənmir, sivilizasiya isə olsa-olsa insanın heyvani xislətini gizlədən maskadır, başqa şey deyil. Filmdəki hər faciəvi epizod bu gerçəyi bir daha sübut edir. İspaniya və Malayziya kinematoqrafçılarının bu son işi sənətkarlıq baxımından adi, sıradan bir ekran əsəri, mahiyyəti, məğzi isə dəqiq və doğru, düppələmdüz.

***

Çimkəndli rəfiqəm Ayşəgülün skaypla söylədikləri filmin emosional təsirindən qat-qat artıq. Rejissor təxəyyülü ilə bir əlaqəsi də yox, sırf həqiqət. Gördüklərini danışır. Xeyli vaxtdı Almatıda ev kirayələyən rəfiqəm deyir ki, lap bu günlərdə 49 yaşlı iki ekiz bacı şəhərdəki iri ticarət mərkəzinin damından atılaraq intihar ediblər. Hadisə düz gözünün qabağında baş verdiyindən rəfiqəm hələ də şokda. İntihar hansı ölkədə yoxdur ki – deyəcəksiniz. Bizdə də nadir hadisə sayılmaz. Amma biri var sevgi motivli intihar, ya ailə münaqişəsi zəminində, ya qısqanclıq üstündə intihar ki, bu zaman fərd hər hansı konflikt situasiyadan yol tapa bilmir deyə canına qıyıb günaha batır. Almatıdakı faciəninsə kökü birbaşa hakimiyyətin yaratdığı sosial böhranla bağlı. Yaşı 50-yə çatan bacılar işsiz, evsiz, pulsuz, yəni çarəsiz və ümidsiz bir durumda. Təqaüd yaşlarına xeyli var. Ölkədəki iqtisadi böhrandan sonra heç yerdə iş tapa bilməyən bacılar həm də bank kreditləri məngənəsində. Əllərində nə var – hamısını dəyər-dəyməzinə satıb borclarını ödəyiblər. İsrarla iş axtarıblar. Çabalar boşa çıxanda son ağıllarına gələn intihar olub. İki bacı birdən. Geriyə boylanmadan. Geriyə yol olmayanda boylanmaq nə verir ki?

***

Ayşəgül danışdıqca gözləri dolur. Deyir Qazaxıstan ərzisinə görə dünyanın 9-cu böyük dövlətidi. Əhalinin sayı isə əraziylə müqayisədə azdır, vur-tut 17 milyon. 15 ilin neft gəlirləri insanların kiçik bir qismini multi-milyonçuya çevirsə də böhran başlayınca milyonlarla qazax səfalətin girdabına yuvarlanıb. Yol tapanlar bir təhər çulunu sudan çıxarır, kor dalana dirənənlərinsə gücü özlərinə çatır – tab gətirməyəndə canlarına qəsd edirlər. Deyir intiharlar necə çoxalıbsa artıq bu hadisəyə təəccüblənmirlər də.

***

Mənsə təəccüblənirəm. 2 milyon 700 min kvadrat kilometrlik ərazisi olan iri bir dövləti necə talayıb o vəziyyətə salmaq olar ki, insanlar çarəsizlikdən intihar etsin? Həm də iki bacı birdən? Həm də sırf sosial problemlər ucbatından? Əhalinin təhlükəsizliyinə məsul və qarant olanlar, niyə tədbir görmürsünüz? Hanı sosial ədalətə yönəlik humanist qərarlar? Yoxsa içinizdəki heyvanmı oyanıb?

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı