7 Aprel 2016 14:30
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə üç gün davam edən müharibə göstərdi ki, Azərbaycan Ordusu döyüşə hazırdır, beynəlxalq siyasi basqılar olmasa, torpaqların azad edilməsi uzun sürəcək bir proses deyil.

Bu üç gündə gördük ki, I Qarabağ savaşını görən yaşlı və orta yaşlı nəsillə müqayisədə gənc nəsil özünə daha inamlıdır.

Bunu orduya könüllü yazılmağa gedən, qan verməyə, orduya yardım toplamağa çalışan gənclərin timsalında gördük.

Demək olar ki, ölkənin hər yerində gənclər kütləvi aksiyalar keçirdi, bayraqlı yürüşlər oldu, şəhidləri son mənzilə yola salınması izdihamlı keçdi.

Xalq və gənclik haqqında xalqdan olmayan, zahiri gənc, beyni çürümüş olanların dediklərinin hamısının yalan olduğu, Azərbaycan gəncliyinin Qarabağ uğrunda səfərbər olmağa hazır olduğu göründü.


Bu üç gündə ilk dəfə gördük ki, müxtəlif siyasi çevrələr birmənalı şəkildə eyni hədəf ətrafında birləşdi, Azərbaycan iqtidarı və müxalifəti ordumuzun arxasında dayandı, onlara ruh yüksəkliyi verdi.

Hətta I Qarabağ savaşında paytaxta siyasi mübarizənin cəbhəyə necə təsir etdiyini görənlər də bu dəfə eyni səhvləri təkrar etmədilər.

Ən əsası bu üç gündə gördük ki, aradan keçən 24 ildə xalq Qarabağ tələbindən zərrə qədər də geri çəkilməyib, müharibə başlayanda kimin düşmən, kimin dost olacağını açıq şəkildə bilir.

***

Bu üç gündə həm də onu gördük ki, kimlər sülh qaranquşu adı ilə psevdoziyalılıq sərgiləyir, özünü çoxbilmiş kimi göstərir.

Şahid olduq ki, sən demə zamanında Stalin və Bağırovun törətdiyi repressiyanın əzabını hələ də çəkirik.
Çünki 1937-ci ilə qədər mövcud olan ziyalı, vətənpərvər kəsimlə müqayisədə, ziyalı kimi Əkrəm Əylisli təqdim olundu.

“Agos”un manşetinə çıxan Əkrəm Əylislini dilimizi ən mükəmməl bilən yazıçı kimi önə sürənlər unudurlar ki, o dilə elə birinci xəyanət edən Əkrəm bəy oldu və başqa dildə, başqa xalqın mənafeyinə çalışmaqla özünü utanc tarixinə salmış oldu.

Eləcə də Üzeyir Hacıbəylidən notların yarısını öyrənib, Vətən sevgisini öyrənə bilməyən Elmir Mirzoyev Prussiya tarixindən yazısına başlamaqdansa, elə 1918-ci ildə çıxan “Azərbaycan” qəzetini səhifələyib Üzeyir bəyin erməni məsələsində necə mətin mövqe sərgilədiyini görsəydi, göyərçin olmaq eşqinə düşməzdi.

Bu üç gündə sülhpərvər görünənlər isə tarixdən dərs çıxarmayan, tarix bilgisi olmayan kəslər oldu.

1920-ci ildə ruslar Cümhuriyyəti işğal etdikdən sonra iki kəsimi güllələdilər: birincisi, cümhuriyyəti müdafiə edən siyasi hakimiyyətin təmsilçilərini. Çünki onların sağ qalması bolşevik hökuməti üçün təhlükəli idi. Necə ki, qırğınlardan xilas olanlar 1937-ci ilə qədər mübarizə apardılar.

İkincisi isə bu ordunu ölkəyə dəvət edən, onlara canla-başla xidmət edən, bolşeviklərin nəinki ölkəyə, dünyaya sülh gətirəcəklərini iddia edənlər oldu. Ruslar bu kəsimə cəmi 10-15 il dözdü və sırayla, müxtəlif bəhanə ilə hamısını məhv elədi. Çünki düşmən də qarşısında hər zaman mətin adam görmək istəyir.

Ölkəsi işğal altında olan insanın sülh istəməsi tarixin ən böyük ironiyalarından biridir. Bu sindroma hələ ki ciddi ad tapılmayıb.

Çünki bizə sırımağa çalışdıqları kimi bu, heç Qərb dəyəri də deyil, sadəcə qorxaqlığın cilalanmış bir formasıdır.

Qərb dəyəri odur ki, ölkəndə biri terror törədəndə okeanın o tayında da olsa, təyyarəni qaldırıb bombanı düşmənin başına yağdırırsan. Bu zaman əsgərin ölmürmü? Əlbəttə ölür, yaralı qalanlar isə daha əzab çəkir. Amma dünyada azadlıq və ədalət uğrunda çalışan hər bir əsgər kimi onlar da vətəndaşlarının daha təhlükəsiz yaşaması üçün ölürlər.

Necə ki, 1918-də Bakının azadlığı üçün ölənlər olmasaydı, bu gün heç Bakıda oturub Qarabağa ürəyimiz yanmazdı.

O zaman ölən əsgərlər bu gün 200-ə yaxın dövlət içərisində olmağımıza səbəb oldu.

Ermənilərlə sülhə gəldikdə isə, 24 il göstərdi ki, xalq diplomatiyası, yemək-içməkli Tiflis görüşmələri Qərbin və Rusiyanın manqurt yetişdirmək amalına xidmət edirdi və çox şükür ki, bu üç gün göstərdi ki, yetişdirilənlərin sayı çox cüzidir, onların səsi eşidilmədi.

Sülhlə bağlı onu da deyim ki, hələ 1919-cu ildə bugünkü dünyanın xəritəsinin cızılması üçün Parisdə sülh konfransı keçirilərkən Azərbaycan nümayəndə heyəti aylarla İstanbulda gözləməli olmuşdu. Çünki ermənilərin fəal təbliğatı buna səbəb olmuşdu, hətta ermənilər bir nömrəli düşmən olaraq gördükləri Əhməd bəy Ağaoğlunu heyətdən çıxara bilmişdilər.

Ermənilərin o zamandan sülh anlayışı belə idi...

1905-1907, 1918-ci il, 1988-1993-cü illər kimlərəsə dərs deyilsə, bu, artıq genişlik problemidir.
İnsan bu qədər də genişliyə sahib olmamalıdır axı...

P.S. Son zamanlar sərgilədiyi mövqeyə görə xalqın şairi adını qazanan Aqşin Yeniseyə, gənc fəal Bəxtiyar Hacıyevə, Avropada yaşayan həmyerlimiz Fəxri Odələ təşəkkür edirəm.


Müəllif: Dilqəm Əhməd