Günel Fərhadqızı
Kimə deyim axı? Susuram, susduqca, anlamırlar, susmayanda ondan betər… Hər kəs hesabat tələb edir, hər kəs gəlir üstümə, təzyiqlər, təsirlər… Qaçıram insanlardan… Səbəbini özüm bilirəm… Dünyam var, həyatım var, onlar boyda dərdim var…
Kimə deyim axı?! Bu gənc yaşımda atılmışam…
Kimə deyim axı? Ərim tapdı başqasını, atdı məni də, övladlarını da… Hədələyir ki, evdən bizi çölə atacaqdır…
Kimə deyim axı? Övladlarım evdə acdır… Onların qarınlarını doydurmaq üçün işləyirəm iki işdə, evə də götürürəm sifarişləri…
Kimə deyim axı? Bəzən evə niyə gec gəlirəm…
Kimə deyim axı? Yoxdur evdə kişi… Evin kişisi də mənəm, qadını da…
Evdə nəsə sınanda, xarab olanda, usta çağıra bilmirəm, təmir etməliyəm özüm… Sonra deyərlər axı, oynaşıdır evə gələn… Oynaşını gətirdi evə, mazaqlaşırlar…
Kimə deyim axı? Ərim kömək etmir mənə, baxmır övladlarına, ayrılsaq da, ödəmir alimenti…
Kimə deyim axı? Möhtacam… Pula, insanlara, köməyə, işə… Hər dəfə möhtaclığımı biləndə kimsə, sui istifadə etmək istəyirlər… Təhqir edirlər, alçaldırlar, əxlaqsız təkliflər ardıcıl olaraq edirlər mənə…
Kimə deyim axı? İtirmişəm qadınlığımı, düşünmürəm kişiləri… İtirmişəm qadın kimi hiss və duyğularımı, ehtirasım sönüb… İstəmir kişiləri…
Kimə deyim axı? Tək fikrim pul qazanmaq, ailəmi saxlamaqdır…
Kimə deyim axı? Ərimin məşuqəsi həyasızca zəng edirdi mənə, çağırırdı ərimi telefona… Acıq verirdi mənə, “ərini aldım əlindən, evini də alacağam, sənə qalan ancaq bir küçə olacaq, körpü altında, bir də iki övladın…”
Kimə deyim axı? Niyə küçədə durub satıram nəyisə… Niyə fikir verə bilmirəm özümə… Niyə pis qoxular gəlir üstümdən…
Kimə deyim axı? Övladlarımı ata bilmirəm, xəstələnə bilmərəm mən… Tək ümidləri mənəm… Xəstələnəndə onlar özümü itirirəm, köməyim yoxdur…
Kimə deyim axı? Ərimin məni atıb getməsində valideyn və qohum-əqrəbam günahkar kimi məni görür? Sahib çıxmırlar nə mənə, nə nəvələrinə… Qovdular evdən məni… Ölümlə hədələdilər… Getməyə yerim yoxdur ən pis günümdə…
Kimə deyim axı? Geyindiyim paltarlarım Nuh əyyamından qalıb, qazandığım pula nəsə ala bilmirəm özümə…
Kimə deyim axı? Halal zəhmətimlə pul qazanıram, fahişə deyiləm, evə bəzən gec gəlsəm də, küçədə, mağazalara bəzən bişirdiyim, toxuduğum, tikdiyim nəylərisə satmağa məcbur olsam da… İki övladım var…
Kimsə olmur dayaq, kimsə tutmur əllərimdən, qaldırmır… Vurduqca, vururlar…
Kimə deyim axı? Övladlarımla mağaza, marketə çıxa bilmirəm, gəzmək istəyirlər… Utanıram, onlar da görür, istəyir oyuncaq, dəbli geyimlər, şirniyyatlar…
Kimə deyim axı? Yoxsulam pul baxımdan, zənginəm mənəviyyatımda…
Əsl fahişələr qalıb kənarda, bədənimi satmıram, namusumla qazanıram çörəyimi, əl uzadırlar adıma…
Kimə deyim axı? Çətinliyim nədədir? Günahkar kimdir? Ərimlə niyə ayrıldıq?
Kimə deyim axı? İki qız anasıyam, yoxdur qardaşları? Evə niyə kimisə qonaq çağırmıram…
Kimə deyim axı? Kommunal ödənişləri gecikdirdiyimdən qışda evim çox soyuq olur, yayda çox isti…
Övladlarımı qoya bilmirəm uşaq bağçasına, pulum yoxdur rüşvətə…
Kimə deyim axı? Böyük qızım edir analıq kiçik bacısına… Tək qalır övladlarım mən evə gələnədək… Ürəyim səksəkədədir hər an… Nigaranam hər gün evdən işə getdiyim zaman…
Dərdim birdir, ikidir, üçdür, o qədərdir ki?! Hansı birini deyim? Kimə deyim axı?!
Guya desəm, əl tutan olacaq, kömək edəcək kimsə?! Hay-hay…
Xeyriyyəni də edirlər reklam xətrinə… Göstərirlər özlərini, etdikdən sonra asılı olursan onlardan, minnət ardınca minnət… Yaltaqlığı bacarmıram…
Kimə deyim axı?!