19 Noyabr 2015 13:22
2 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmməd Əmin Rəsulzadənin Novxanıdakı ata yurduna gedirəm. Yol boyu yadıma burada olduğum 2014-cü ilin payızı düşür...


Tarixi 1813-cü ilə gedib çıxan bu ev mənim üçün sirli-sehirli bir yer idi. İlk dəfə gedəndə buranın bağça olmasına təəccüblənmişdim. Amma yaşlı bir kişinin bu evin çoxdan xeyriyyə məqsədi ilə bağça edildiyini deməsi və bu evlə bağlı danışdıqları məni çox maraqlandırmışdı.

Bağçadakı uşaq səsləri...

Evin ətrafında gəzişə-gəzişə fotoaparatı çıxarıb şəkil çəkmək istəyəndə orta yaşlı bir kişi mənə yaxınlaşır:

- Qardaş, görürəm buraların şəklin çəkirsən. Bu, nəylə bağlıdır?

Məsələni başa salıb ondan soruşuram:


- Buraların tarixini bilən Səlim kişi vardı. Bəlkə, tanıyasınız?

O, bura sonradan köçdüyünü deyib yoluna davam edir.

Mən də iki əsr tarixi olan evin yan-yörəsinə keçə-keçə ona isnişirəm. Pəncərənin ağzına çatıram ki, içəridən uşaqların sevinc və fərəh dolu səslərini eşidirəm. Yavaş-yavaş gəlib Məmməd Əmin Rəsulzadənin ata yurdunun – bu isti ocağın qapısını açmaq istəyirəm ki, küçənin tinini dönən iki yaşlı kişini görüb onlara yaxınlaşıram.

Mövzuyla bağlı onlara da məlumat verirəm ki, biri kəndin tarixini yaxşı bilən Yusif kişini məsləhət görüb deyir:

- Bax, orda oturur. Nə sualın varsa, ona ver.

Üz tuturam Yusif kişinin yanına.

“Bu ev Məmməd Əmin Rəsulzadənin olmayıb”

Qapını tıqqıldadıb içəri keçirəm. Əmini məsələdən agah edirəm. O da özünü Mirzəyev Yusif Şükür oğlu kimi təqdim edib, sözə başlayır:

- Mənim bildiyimə görə, Məmməd Əmin Rəsulzadənin guşəsi olan həmin ev tarixə baxanda həqiqətən də Məmməd Əmin Rəsulzadənin olmayıb. O, Hacı Nadir kişinin olub. Hacı Nadirin oğlu Hacı Abdüləlini sürgün eləyəndən sonra sovetlər dönəmində bu evi də kolxoza verib atlar üçün tövlə elədilər. Xuruşşov gələndən sonra bu evlərin hamısını qaytarırlar yiyələrinə. Hacı Nadirin də bir bacısı oğlu olub, adını bilmirəm, amma savadlı adam olub. Gəliblər ki, bu ev sizindir, buna yiyə durun. O da deyib ki, burda kim yaşayır? Cavab verirlər ki, tövləni ləğv edib bağça eləmişik. Hacı Nadir də qayıdır ki, bağışladım uşaqlara.

- Bəs Məmməd Əmin Rəsulzadənin bu evlə heç bir əlaqəsi yoxdur?

- Məmməd Əminin bacısı o evdə olduğuna görə kənd camaatı deyirdi ki, buranı Məmməd Əmin Rəsulzadənin evi eləyək. Beləcə, həmin yerdə ona guşə düzəldirlər. İndi də bildi-bilmədi çox adam deyir ki, bura Məmməd Əminin Rəsulzadənin evidir. Ancaq mən bunu yüz faiz deyirəm ki, bu elə deyil. Məmməd Əminin evi aşağıda köhnə məscidin, hamamın yanında idi. Bunu da mən bilmirdim. Yaşlılarımız deyirdilər ki, burdan-buracan Məmməd Əmin Rəsulzadənin evi olub. Mehdi Hüseynzadənin olduğu evin xəzri tərəfində yerləşirdi.

O, sözünü yekunlaşdırır ki, orta yaşlı bir kişi içəri girir və az sonra söhbətin nədən getdiyini öyrənib Yusif kişini təsdiqləyir. Yusif əmi deyir ki, həmişə kəndin içində olmuşam deyə bunları bilirəm. Az keçmiş içəri adamla dolur. Onlar da bu sarıdan Yusif kişinin daha çox bilgili olduğunu deyirlər.

“Məmməd Əmin Rəsulzadənin əsl evi Şah Sultan məscidinin yanında olub”

İçəridəki adamlara Səlim adlı yaşlı bir kişinin də bunları mənə dediyini söyləyirəm. O, hətta deyib ki, Məmməd Əmin Rəsulzadənin su basdığına görə dağılmış əsl ata yurdunun yerini kənd qəbiristanlığının yanından baxsan, görərsən.

Elə bu vədə Hacı Rahim kişi deyir:
- Hə elədir. Qəbiristanlığının yanından görünür.

Yusif kişi sözə qoşulur:

- Düzdür. Məmməd Əmin Rəsulzadənin əsl evi Şah Sultan məscidinin yanında olub. Burdan bir az aşağı düşsən, görərsən.

Hacı Rahim kişinin bələdçiliyi ilə gəlirik həmin qəbiristanlığın yanına. O, əvvəllər Məmməd Əmin Rəsulzadə ilə babasıgilin evlərinin barı-barıya olduğunu deyir.

Söhbətləşə-söhbətləşə fotoaparatı çıxardıb uzaqdan oranın şəklini çəkirəm.

Rahim dayı “Qəbiristanlıqda Məmməd Əmin Rəsulzadənin ailəsindən kiminsə qəbrin tanıyırsınızmı?” sualına isə “Gedək göstərim” deyə cavab verir.

Məmməd Əmin Rəsulzadənin atası və oğlunun qəbri...

Gəlib çatırıq qəbirlərin yanına. Məmməd Əmin Rəsulzadənin atası – Axund Ələkbər Rəsulzadə və oğlu – Azər Rəsulzadə burda yan-yana dəfn olunub. Oğlunun qəbrinin üstündə belə bir yazı var: “Məmməd Əminin ailəsindən. Doğma vətəndə uyumaq əlli altı il sürgündən sonra yalnız sənə nəsib oldu. Ulu tanrı sənə və məzarı vətəndən uzaqda qalmış soydaşlarımıza cənnəti çox görməsin. Amin”.

Biz də amin deyib Rahim kişi ilə söhbətləşə-söhbətləşə üzü bağçaya tərəf gəlirik. Yolda onunla sağollaşıb ayrılırıq. Saata baxıram ki, beş tamamdır. Bağçadan uşaqların çıxan vaxtıdır.

Bağçadan çıxan uşaqlar...

Az keçmiş-çox keçmiş “Məmməd Əmin Rəsulzadə” küçəsinə çatıram. Bağçanın qapısı açıqdır və uşaqlar yavaş-yavaş valideyinləri ilə ordan çıxırlar. Mən də bir-bir valideynlərə, uşaqlara yaxınlaşıram. Xanımlardan biri deyir:

- Bura bağça kimi əlimizdən çox tutur. Ayda on bir manat pul veririk. Yeməyi, içməyi hər şeyi yaxşıdır. Həm də şeirlər öyrədirlər, yazıya, oxuya həvəs oyadırlar.

Sonra başqa bir xanımı yaxınlaşıb onu söhbətə çəkirik. Xanım da uşaqların savadı üçün buranın çox əhəmiyyətli olduğunu deyir. Daha sonra oğlu bizə Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyir.

Beləcə, çiskinləyən yağışın altında onları çox saxlamayıb sağollaşırıq.

Və biz inanırıq ki, məşhur pedaqoq S.M.Qənizadənin müdir olduğu ikinci “Rus – müsəlman” məktəbinin gələcək mütəfəkkiri – Məmməd Əmin Rəsulzadənin taleyində böyük rol oynadığı kimi bu gün də bu bağçadan gələcəyin Məmməd Əmin Rəsulzadələri çıxacaq.

Sərvər Şirin


Müəllif: