- Elə zəhləm gedir sənnən!
- Nöşün?
- Çünki çox bilirsən!
Xanəndə Hacıbaba Hüseynovla tarzən Valeh Rəhimov arasındakı bu dialoqdan hali olanda əvvəl çaşdım. Sonra anladım ki, söhbət sənət rəqabətindən gedir. Elə bir rəqabət ki, o olmasa, inkişafdan söhbət gedə bilməz.
Müsahibim əvvəlcə muğamı ustadların lent yazılarından öyrənib. Sonra özlərindən dərs alıb. Ən incə təfərrüatlarına kimi öyrənmək üçün hətta müəllimlərini bərkə-boşa salıb. Muğamların incəliyinə varmaq istəyi onu saatlarca tar çalmağa, ustadlarını sorğu- suala çəkməyə, klassik ədəbiyyatı mənimsəməyə, yuxusuz gecələr keçirməyə sövq edib. Sonsuz suallarına cavab tapmaq üçün özü müşahidə, sonralar isə araşdırmalar aparıb.
"Ədə, hövsanlı balası, bu canlı insandı e! Bəhram Mansurovdu, plastinka döyül!"
Özünəməxsus danışıq tərzi var. Sənətkarların sözlərini elə onların öz səsiylə ciddi-ciddi çatdırır. Hər biri haqqında əzizi kimi danışır, xoşlamadığı cəhətlərini də zarafata salıb deyir və bilirsən ki, bu özü də doğmalıqdandır.
Beləliklə, ustad tarzən, muğam bilicisi, əməkdar artist Valeh Rəhimovla müsahibəni təqdim edirik.
- Valeh müəllim, sizin hər mətləblə bağlı bir hekayətiniz var. Yəqin muğama gəlişiniz də bir ayrıca hekayətdir.
- Əvvəla onu deyim ki, mənim musiqiyə gəlməyimin obyektiv və subyektiv səbəbləri var. Mən musiqiçi ailəsində doğulmuşam. Anam qarmon və qaval ifaçısı idi. Qavalla toylara gedirdi.
Anam Nardarandandı, muğamı da yaxşı bilirdi. “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Çahargah”, “Mahur” kimi muğamları gözəl oxuyurdu. Bəzi ifalarını mən lentə yazmışam.
Evdə göz açıb qarmon, qaval görmüşəm. Bu, istər-istəməz mənə təsir edirdi. İlk dəfə tar yox, nağara çalmışam.
Anamın xalası Nardaranda olurdu, övladı yox idi, yayda onlara kömək eləməyə gedirdim. Qayıdanda çöllü-biyabanda oturub nağara çalırdım, məşq eləyirdim. Sonra yavaş-yavaş toylara getməyə başladım.
Nardaranın və Hövsanın - mənim ata tərəfimin musiqi mühiti olduqca münbitdir. Toylarda böyük sənətkarlar görmüşəm. İstər-istəməz bunlarla yüklənirdim.
Bizim məhəllənin dalanında 8-9 uşaq vardı. Səhərdən axşama qədər top qovurduq, “şumaqədər” oynayırdıq, aşıq atırdıq. Bir gün valideynlər fikirləşdi ki, bizi bu şeylərdən uzaqlaşdırsınlar. 1961- ci il idi. “Təzə bazar”a gedən yolda, indiki Əli bəy Hüseynzadə küçəsində (əvvəl bu küçənin adı "İskra" idi) “Yuri Qaqarin” adına pionerlər evi vardı.
Bizi yazdırdılar pionerlər evinə, getdik imtahan verməyə. Bir müəllim bizi yoxlayırdı. Əvvəlcə nardaranlı balası İsmayılı yoxladı, dedi ki, səndən heç nə çıxmaz. Mənə çatanda, dedi, əlini tarın simlərinə vur. Əlimi tarın simlərinə çəkdim. Dedi ki, sən keç bu tərəfdə dur, səndən nəsə çıxacaq.1965-ci ilə qədər mən burda məşğul oldum.
Sonra sənədlərimi 1 nömrəli musiqi məktəbinə verdim, qəbul olundum. Müəllimim Aftandil Cəfərov idi, çox böyük pedaqoq idi, o mənə atalıq qayğısı göstərdi. Dedi ki, səninlə proqramı sürətlə keçirəm, görək necə olacaq. Bir müddət sonra proqramı vaxtından tez ödədiyim üçün 1-ci sinifdən 3-cü sinifə, sonra isə 3-dən 5-ə keçirdilər məni.
Əhməd Bakıxanov və Bəhram Mansurovun vurğunuydum. Aftandil müəllim gördü ki, mən onların dəst-xəttini çalıram. Dedi, mən Əhməd xanın tələbəsi olmuşam. Səni aparım, onunla tanış ol, həm də ondan öyrən.
- Deyirlər, Əhməd Bakıxanov istedadlı gənclərə çox köməklik edirmiş, yol göstərirmiş.
- Elədir. Mən ondan dərs alanda 17 yaşım olmamışdı. Baxdı ki, sürətlə öyrənirəm. Bir dəfə belə bir məsələ oldu: Asəf Zeynallı adına məktəbdə əvvəlcə "Rast" keçirdilər, sonra "Bayatı-Şiraz".
Əhməd xan mənə "Şikəstəyi-fars"ı öyrədəndə "Bərdaşt"ı iki dəfə çaldı. Dedim: Əhməd müəlliim, nəyə görə iki dəfə "Bərdaşt" öyrədirsiz? Dedi: "Ədə, bura bax, iynəli suallar vermə. Səni iti qovan kimi qovaram burdan".
- Zəhmli-zabitəli adam imiş.
- Hə, ciddi, çox çətin adam idi. Danışmadım. İkinci kursda "Mahur hindi" keçirəm. Yenə iki "Bərdaşt"! Dedim: "Əhməd müəllim, burda da iki "Bərdaşt" var?" Dedi: "Ədə, deməmişəm mənə iynəli suallar vermə? Dur itil burdan".
Çıxdım. Neynim-neynim deyə fikirləşirdim ki, 60 nömrəli avtobus gəldi, ona minib getdim bibimgilə. Bibimgil Haqverdiyev küçəsi ilə Nərimanov prospektinin kəsişməsində olurdu. Getdim gördüm ki, Qulamhüseyn kişi ordadır, oturub bibim oğluyla çay içirlər. Həm bibimin qaynıdır, həm də bibim oğlunun qayınatası. Atama da uzaqdan qohumluqları çatır. Mənimçün də Allahdan düşdü. Əhməd Bakıxanovla dost olduqlarını bilirdim. Qulamhüseyn kişi, Vamiq Məmmədəliyevin atası Məmmədəli kişi, İlhamə Quliyevanın atası Məzahir Quliyev, Məşədi Hüseynağa - bunlar dost idilər.
Nə isə, söhbəti də aça bilmirəm ki, bibimoğlu deyəcək, neyləmisən ki, Əhməd xan qovub səni.
Gözlədim, Qulamhüseyn kişi sağollaşıb çıxdı. Heç bir dəqiqə keçmədi çıxdım dalınca. O da çox qabiliyyətli adam idi, klassik ədəbiyyatı, dini, irfanı gözəl bilirdi.
Dedim: "Əhməd xanın yanına dərsə gedirəm. Pul da verib eləmirəm. Nə başqaları kimi tut, nə də əncir aparıram. Elə-belə gedirəm, öyrənirəm. Bəs Əhməd xan məni qovub evindən".
"Necə yəni qovub? Düş qabağıma görüm", dedi Qulamhüseyn kişi.
İstədim taksi saxlayım, dedi: “Lazım deyil, indi 60 nömrə gələr, minib gedərik".
Gəldik, girdik bunların həyətinə. Əhməd xanın böyük bir pəncərəsi vardı. Qulamhüseyn kişi dedi, pəncərəni döy, özün də gəl dayan yanımda.
Pəncərəni döydüm, gəlib dayandım kişinin arxasında. Əhməd xan çıxıb Qulamhüseyn kişini gördü, amma onun arxasında gizlənəni görə bilmədi. Sağdan baxanda sol, soldan baxanda sağ tərəfə əyilirdim.
Əhməd xan dedi: "Ay Qulamhüseyn, hardan gün çıxıb ki, sən Zərgərpalan məhəlləsinə gəlmisən?"
Qulamhüseyn dedi ki: "Gəlişimin səbəbi var. Bu uşağı nöş qovmusan? Sən bizdən din öyrənirsən, biz də səndən muğam öyrənirik. Sən bizdən din öyrənəndə biz səni qovurduq bəyəm?"
Əhməd xan dedi ki: "Məsməxanımla şəhər dava eləmişdik, arada bu uşaq qəzaya düşdü. Gəlsin. Yaxşı öyrənir, xoşuma gəlir".
- Səhv etmirəmsə, Asəf Zeynallı adına məktəbə qəbul imtahanını da sizdən Əhməd Bakıxanov götürüb.
- Hə, "Nəvai Şabur"u, çalınmayan muğamı ifa eləməyim Əhməd Bakıxanovun xoşuna gəldi. Soruşdu: "Bunu hardan öyrənmisən?" Dedim ki: "Köhnə vallardan. Radionun fondunda tanış var, sizin və Bəhram Mansurovun səs yazılarını köçürüb mənə verib". Qəbul olundum, başladım oxumağa.
Əvəz Rəhmətovun sinfinə düşmüşdüm, amma məni Bəhram Mansurov maraqlandırırdı. Demək, həm Əhməd xanın üslubunu öyrənirəm, həm də Bəhram Mansurovun. Onların heç biri bilmir ki, mən ikisinin də yanına gedirəm. Bir-biriləri ilə münasibətləri yox idi. Köhnə musiqiçilərin hamısı eləydi. Həm də həmyerliydilər də, o da qabağından yemir, bu da. Onun da əsli-nəcabəti var, bunun da. Hər kəs də özünü daha böyük bilici hesab edir. İkisi də bilici idi. Azərbaycanda onlardan böyük bilici görmədim mən.
- Bəhram Mansurovun sinfinə nəhayət düşə bildinizmi?
- Düşdüm. Gəldim Bəhram dayının sinfinə, başladım dərs keçməyə. Birinci "Bayatı- Şiraz"ı keçirik. Yanbayan oturub çalırıq. Düz bir ay "Bayatı- Şiraz"ı öyrəndim. "Bayatı-Şiraz"ı təhvil verəndə quş qoydu ki, "Bayatı- Şiraz" qurtardı. “Hə, keçək "Rast"ı”? Dedim: “Yox”. Prinsipial adamam axı. Soruşdu: “Nə üçün?” Dedim ki: “Axı mən heç nə öyrənmədim”.
- Doğrudan öyrənməmişdiniz, yoxsa daha dərindən öyrənmək istəyirdiniz?
- Təfərrüatlarınacan, incəliyinəcən öyrənmək istəyirdim. Bəhram Mansurovun bütün valları, opera, radio-televiziyadakı ifalarının lent yazılarını hamısı məndə vardı, evimizin zirzəmisinə girib öyrənirdim. Orda mənə qaranlıq qalan məqamlar vardı.
Dedim ki: "Mən bunları sizdən öyrənə bilmədim. Xahiş edirəm, təzədən başlayaq, mən sizdən səlis öyrənim".
Təzədən başladıq. Bildiklərimi ötürürdüm, bilmədiklərimi görəndə deyirdim: "Bəhram müəllim, dayanın, bir də". Mizrabın uclarının cürbəcür növlərini öyrənirdim. Sən demə, mən özüm də xəbərsiz məktəb öyrənmişəm!
Dərs qurtarandan sonra halsız, zəif səslə dedi ki: "Ədə, hövsanlı balası, bu canlı insandı e! Bəhram Mansurovdu, plastinka döyül!" Dedim: “Başqa cür öyrənə bilmirəm”.
Əhməd xan bir müddət sonra kəndə toya gedir, soruşurlar ki: "Bizim uşaq necədi?" Deyib: "Əşi, bunu sinfimə götürməklə başımı bəlaya salmışam. Bir dənə qaşov alıb vermisiz bunun əlinə, göndərmisiz üstümə. Səhərdən axşama qədər qaşovlayır məni". Yəni dərimi soyur. (Gülür).
Onun çox tələbələri olub, amma üslub kimi mən öyrənmişəm ondan. Adi elementar şeylər var ki, eləyə bilmirlər. Məsələn, "barmaq açması" var, edə bilmirlər. Amma mən Bəhram dayıdan bunların hamısını öyrənmişəm.
- "Barmaq açması" hər tarzənin mütləq bilməli olduğu üsuldur?
- Yox, hər məktəbin öz priyomları var. Məsələn, Əhməd xanda bir başqadı. "Sim dartmaq", "ikiqat, üçqat cırmaq atmaq"... Əhməd xanın çalğısı olduqca dəhşətli bir çalğı idi.
Onun "Şur" çalmağını eşitsəz, xəstələnərsiz. "Xaric segah" çalmağını... Sonra Bəhram dayı ilə yanbayan kənddə toylarda çalmışam. Bu minvalla Bəhram Mansurovun da üslubunu öyrəndim.
- Hacıbaba Hüseynovdan da bəhrələnmisiz...
- Hə, Hacıbaba Hüseynovun da sinfinə gedirdim, zəli kimi sevirdim onun sənətini. Muğam bilicisidi də, böyük ifaçıdır.
Bir qarlı qış günü müəllimlərimdən xəbərsiz Əhməd xangilə getmişdim. Əhməd xan üzünü mənə tutub soruşdu: "Ədə, "Nəva”nın guşələrini bilirsən?" Dedim, "biləni bilirəm, bilməyəni bilmirəm". Dedi: "Ədə, necə yəni biləni bilirəm? Mənim 73 yaşım var, hələ deməmişəm bilirəm. Orda "Əmiri", "Maye Nəva", "Bəhri Nur", "Qəraça", "Gövhəri", "Hacı Dərvişi" var.
Qoca kişiydi, dişləri yox idi. "Gövhəri" deyəndə mən "Cövhəri" başa düşdüm. Dedim ki: “Əhməd müəllim, bəyəm "Cövhəri" burda da var”? Əsəblə dedi ki: “Cövhəri yox e, Gövhəri. Sən ki, belə edirsən, mən səni iti qovan kimi qocam burdan". Elə qovdu da. (Gülür).
Mən burdan çıxaram, götürüb zəng edər Hacıbabaya. Deyər: “O Bəhramın tələbəsi yenə gəlmişdi, məndən "Gövhəri", "Cövhəri" soruşurdu. Bəhram öyrədib o köpəkoğlunu göndərib üstümə”.
Sabahısı günü dərsə gəlmişəm. İçəri girdim, gördüm Hacıbaba Hüseynov dərs keçir.
Salam verdim, dedim: "Gəlmək olar"? Dedi: "Ədə, hələ bir dayan görüm. De görüm, dünən hara getmişdin?" Dedim: "Heç yerə. Qar yağmışdı, hava soyuq idi, buz-buza idi, hara gedəcəkdim. Qaz peçinin yanında durub tar çalırdım". Qaz peçinin istisi dəyəndə tarın üstü qalxır, tar qəşəng çalınır onda. "Yox, yaxşı fikirləş". Dedim: "Həə...yadıma düşdü. " Dedi, "qara zəhrimar!" Dedim: "Əhməd xangilə getmişdim, yolum düşüb getmişəm". Dedi: "Həə, gedərsən müəllimingilə! Keç otur".
Oturdum. Dedi: "Bura bax, sən Gövhəri, Cövhəri bilirsən?" Dedim: "Nöş bilmirəm". "Hardadır Gövhəri?" Dedim: "Pəhləviylə Mənəvinin arasında". Dedi: "İndi mən sənə bir sual verəcəyəm. Əgər ona cavab versən, bundan sonra bura gələcəksən. Əgər bilməsən, bir də mənim sinfimə girmə. "Maye"də "Şur" oxu, ordan keç "Sarəng"ə, görüm necə keçirsən".
Mən muğamın şöbə, guşələrinin funksional cəhətlərini, əhəmiyyətlərini bilirəm, bu mənim üçün bir dəqiqəlik işdi. Oxudum. Dedi: "Ay köpəkoğlu, onu da bilirsən!"
Üzünü tutdu uşaqlara: "Bax, bu oğlanın 20 yaşı var, 20 ildən sonra muğamları bundan soruşacaqsız".
-Valeh müəllim, muğamlara belə bələdsiz, qəzəlləri əzbərdən bilirsiz, səsiniz də var, bəs nə əcəb özünüz xanəndəlik etmədiniz?
- Bu səssiz oxuyanların hamısını görmüşəm də, mən oxusaydım, çoxdan xalq artisti idim. Fikirləşdim ki, bu səs imkanıyla adam oxumaz. Səsim bundan zil idi, ürək əməliyyatından sonra bir az düşdü aşağı. Bəmləşdi, dəyişdi səsim...
- Hacıbaba Hüseynovun da orta səsi olduğunu deyirlər, amma necə xariqələr yaradıb.
- Yox, o başqadı. O imkanlara malik səs heç olmayıb. O, lazım olsa zilləri də oxuyub. Soruşurduq ki, niyə "Şur"da "Sarəng"i oxumursan? Deyirdi: “Bu səs "Sarəng" səsi deyil. Onu gərək Xan Şuşinski oxusun”.
- Hacıbaba Hüseynovla birlikdə toylarda da olmuşuz. Hansı yaddaqalan xatirələriniz var?
- Çox olub elə hadisələr. Binəylə Hövsanın arasında bir kənd var, ora "Baybak" da deyirdilər. Politbüroda Baybokov olub ha, onun anadan olduğu kənd.
Orda toydayıq. Hacıbabadır, mənəm, bir də Tələt Bakıxanov. Bizdə həmişə iki dəstə olur. Bir xanəndə dəstəsi, bir də müğənni və klarnetçalanlar dəstəsi. Camaatı şövqə gətirmək üçün xalq mahnıları, ara mahnıları oxuyurlar, oynadırlar camaatı.
Bizimlə üzbəüz Hacıbabanın bir tələbəsi oturub, o da çox üzlü adamdı. Oxuyur, bir gözü də Hacıbabadadır ki, görsün o necə reaksiya verəcək. Sonra gəlib öpür, sulayır bunun üzünü, yenə gedib oturur yerində. Özü də muğam oxuyur. Hacıbaba da asta-asta deyinir ki, axı sənin muğamla nə işin var, mahnılarını oxu da.
Üzlü gədə bu arada "Rast" oxumağa başladı. "Rast"da da bir guşə var, əruzlu guşədir. Qəzələ başladı:
"Məndə Məcnundan füzun aşiqlik istedadı var..."
Bir də təkrar elədi:
"Məndə Məcnundan füzun aşiqlik istedadı var".
Hacıbaba başa düşdü ki, bu bilmir qəzəlin ardını. Yenə deyəndə ki:
- Məndə Məcnundan füzun aşiqlik istedadı var...
Hacıbaba özünü çatdırdı buna, muğam üstündə oxudu ki:
- Gorbagor olsun sənin atan ki, sən tək övladı var!
Toy əhli qəşş elədi. Hacıbabanın belə bədahətən sözləri vardı.
Bəhram Mansurov və Əhməd Bakıxanovun bir-biri ilə danışmaması Hacıbabanın döşünə yatırdı. Onlardan öyrənməyin priyomunu tapmışdı. Bəhramla toya gedirdi. Sabahısı gün Əhməd xana gedib deyirdi ki: "Dünən Bəhramla toydaydım. Bir guşə çaldı, dedi bunun adı "Naleyi- Zənbur"du".
Əhməd xan deyirdi: "Qələt eləyir! O "Naleyi- Zənbur" nə bilir? İndi səninçün oxuyaram, sən baxarsan".
Hacıbaba bundan bir-iki guşə öyrənib gedirdi Bəhramın yanına. Deyirdi: "Əhməd səninlə yola getmir də. Deyir ki, filan guşəni ancaq mən bilirəm".
Sonra hansısa muğamı soruşurdu, görsün, hansı düz deyib. Beləcə, Hacıbaba onları qiyabi vuruşdururdu, öyrənirdi onlardan.
- Sənətkarların bir-birini yarızarafat, yarıciddi qısqanmaları, sənət rəqabəti aparmaları, bilikdə, musiqi savadında bir-birini üstələməyə çalışmaları o dövrün sənət meyarları haqqında çox söz deyir.
- Hə, Hacıbaba mənə həmişə deyirdi ki: "Zəhləm gedir səndən!" Deyirdim: "Həci, nə üçün? Neynəmişəm sənə? Toyuğuna "kiş" demişəm, itinə "paşol" demişəm, yoxsa pişiyinə "pişş" demişəm? Mən neynəmişəm məni söyürsən?" Deyirdi: "Çox bilirsən!" Deyirdim: "Bilməliyəm də!" Deyirdi: "Nə üçün bilməlisən? Mən bilməliyəm! Çünki mən Əhməd xanla Bəhramı vuruşdurub öyrənmişəm".
Deyirdim: "Mən vuruşdurmamışam, amma öyrənmişəm. Mənim işim öyrənməkdir". Deyirdi: "Hə, bəsdi. Keçək dərsə".
Ümumiyyətlə, bütün musiqiçilərdə bu rəqabət olub. Rəqabət olmasa, inkişaf olmaz. Bu gün o rəqabət yoxdur. Hamı eyni cür çalır, eyni cür oxuyur. Qəzəllər də təkrar. Elm başqa şeydi.
- Muğamda inkişaf olmalıdırmı?
- Mütləq. Bizdə ifaçılıqda inkişaf var. Muğamda inkişaf yoxdur.
- Muğamda inkişaf necə olur?
- Məsələn, mən Alım Qasımova nə qədər lazımdır, material vermişəm, gedib öyrənib. Bir dəfə Hövsana toya gedəcəkdi. Dedim: “Bax, Alim, mənə qulaq as. Gedəcəksən toya, soruşacaqsan ki, kim nə oxuyub? Deyəcəklər, Hacıbaba "Mahur" oxuyub. Canəli Əkbərov, o da səsli oxuyandı, o da "Mahur" oxuyub. Ağaxan Abdullayev də "Mahur" oxuyub. İndi növbə sənə çatıb. Elə bil ki, bunlar sizi döyüşdürürlər. Nə oxuyacaqsan bunların qarşısında? Canəlinin səsi paravoz kimidi, əla oxuyandı, əsl xanəndədi. O birilər də mahir oxuyandır. Sən elə şey eləməlisən ki, bunlar hamısı təəccüblənsin.
Dedi: "Mahur"da nə eləmək olar? Dedim: "Eləmək olar. "Rak Abdullahi" deyilən guşə var, əgər sən onu bilsən, "Əraq"da onu oxuyarsan, ordan keçərsən "Şüştər"ə. Xeyli "Şüştər" oxuyandan sonra yenə o guşəni oxuyarsan, "Mahur"a ayaq verərsən".
Hə, ona çox köməklik eləmişəm. Uzun illərdən sonra Alim Qasımovu Səyavuş Kəriminin atasının 40 məclisində gördüm. Mənə dedi ki, bax, səni mən aparacam evə. Demə, bunun məqsədi var, "Nəva" öyrənmək istəyir.
Yolda mənə deyir: "Valeh müəllim, xırda şöbə guşələr üçün nə edək?" Mənim dalağım sancdı. Bildim ki, "Nəva" istəyir. Dedim: "Bax, tarçalan Mehman Mikayılov sənin yerlindi, şamaxılıdı, götür onu, bir də Şamil İsmayılov, onun da əruzdan xəbəri var, bir yerə yığılıb "Nəva" dəstgahı düzəldin".
Dedi: "Yox, mən istəyirəm sizdən öyrənim". Dedim: "Məndən öyrənəcəksən, gedəcəksən Amerikaya, orda elan edəcəklər: "Nəva-Şabur" dəstgahı. Oxuyur Alim Qasımov. Müşayiət edir Firuz Əliyev və Fəxrəddin Dadaşov".
Sən orda oxuyub dollar qazanacaqsan, mən burda oturub dirsəyimi gəmirəcəyəm". Dedi: "Öyrətmirsən?" Dedim: "Yox, öyrətmirəm. Öyrətmişəm də. Nə qədər lazımdı lent yazısı vermişəm".
Etiraf eləmirdi, sonra qızının "Nəva" təqdimat mərasimində nümayişkaranə elan elədi ki, mən Valeh Rəhimovu özümə müəllim hesab edirəm.
- Fərqanənin ifasını bəyəndiz?
- Bəyəndim, kişi müğənnilərin cəsarət edə bilmədiyi muğamı o oxuyub. Ona görə təqdir edirəm, çox gözəldir. Alimə dedim ki, qızın yaxşı oxuyub, mən bir söz demirəm, amma “Nəva”nı gərək sən özün oxuyardın. Dedi: “Valeh müəllim, yaşa dolmuşam, qəzəl yadımda qalmır...”
- Ağaxan Abdullayevlə Alim Qasımov təxminən eyni nəslin xanəndələridir, eləmi?
- Yox, Ağaxan çoxdan oxuyurdu. Alim 79-80-cı illərdə gəldi. Tez formalaşdı. Bakı kəndlərində dedilər ki, bunun müəllimi kimdi? Ağaxan Abdullayev? Gəl, onu da dinləyək, görək necədir?
Ağa məcbur oldu sənətinə ciddi yanaşmağa. Hacıbabadan öyrəndi, Alimin özündən öyrəndi. Müəllim-tələbə idilər, amma aralarında rəqabət vardı, yaxşı mənada.
- Bəs hansının tutduğu yol düzgün oldu?
- Hər ikisinin yolu düzdür. Hərçənd Alim son vaxtlar bir az cəfəngiyyata varır. Pakistanlı Fateh Əlixan vardı, "deklamasiya" edirdi, Alimin də oxuyanda əl hərəkətləri onu xatırladır.
Amma Alim çox intellektual səviyyəli xanəndədir. Savadı yoxdu, amma nə alır səndən, onu beşqat artıq dəyərlə qaytarır.
- Alim Qasımovun əcnəbilərlə oxumağına necə baxırsız?
- Yaxşı baxıram. Musiqinin inteqrasiyasıdı da. Olar. Göstərir ki, bu da mümkündür.
Muğama bəzək vurmaq olar. Amma məntiqlə. İfrata varmadan. Konfutsi deyir ki, yaxşıların yaxşısı əladı. Amma əlaların əlası ifratdı.
- “Muğam insanı ruh düşkünlüyünə sürükləyir, pessimist əhval-ruhiyyəyə səbəb olur” - bu fikirdə olanlar da var.
- Muğam intellektual səviyyəsi yüksək olanlar, mənəvi zövq sahibləri üçündür. Hər adam onu anlamaz.
- Ümumiyyətlə, muğamın mahiyyəti nədir, insana nəyi çatdırmalıdır?
- "Qurani Kərim" nəyi çatdırır? "Qurani Kərim" insanları düzgünlüyə, mənəvi əxlaqa, həyat qanunlarına alışmağa, insanın əvvəli, indisi və sonrasını düşünməyə çağırır. Muğam düşünmək üçündür, ayaq oynatmaq üçün deyil.
Xanəndə səni ani olaraq özündən alıb aparır, iki-üç dəqiqə o məkanda gəzdirir, yenə gətirib təhvil verir yerə. Muğam planetlərlə, göy, səma aləmiylə bağlidır.
- Bakı muğam məktəbi nə ilə fərqlənir digər muğam məktəblərindən?
- Muğam məktəbi hər yerdə eynidir. Amma Bakının payına başqa bir şey düşüb: qəzəl, əruz, qəzəllərin sətiraltı mənaları və irfanı keyfiyyətlərin əhəmiyyəti.
Başqa yerdə səsə əhəmiyyət verirlər. Bakıda qışqırmağı xoşlamırlar, deyirlər, oxu görək nə deyirsən. De görüm, nədən söhbət gedir.
- Bu nə ilə bağlıdır?
- Bu regionun özünün fərdi xüsusiyyətləri ilə bağlıdır. Bakı kəndlərində muğamı necə bilirdilər! Hətta hansı guşədən sonra hansı guşə gələcək, onu da bilirdilər. Qəzəlləri əzbər deyirdilər.
- Deyirlər, Hövsan toylarına hər xanəndə cəsarət edib gəlməzmiş.
- Yox, cəsarət edib gəlirdilər, çünki bilirdilər ki, Hövsanda qəzəl və muğam biliyi çox önəm təşkil edir.
Xanəndə yaxşı oxumayanda Hövsanda heç vaxt deməzdilər ki, çıx, sən oxuya bilmirsən. Sadəcə, gələn dəfə daha o xanəndəni toya çağırmırdılar. Amma Nardaranda deyirdilər: "Qaldı ha orda! Üşşaq qaldı!" "Pənci-gah qaldı! Belə dəstgah olmaz!"
Xanəndələrin ən yaxşıları Nardarana, Hövsana gəlib həmişə. Məsələn, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov Bakı toylarının yaraşığı olub.
- Seyid Şuşinskini görmək də sizə müyəssər olub. Onun özünəməxsusluğu nədə idi?
- Onun özünəməxsusluğu ifasındaydı. Burunda oxumağa "qünnə" deyirlər, fermata verəndə elə bilirdin balaban dəm tutub. Bunu o yüksək səviyyədə bacarırdı.
Başqa özünəməxsusluğu muğamları gözəl bilməsi, muğamda qəzəlləri seçməsi idi.
Kamil Əhmədov 27 il onun sinfində tar çalıb. Bir gün görüb ki, Seyid ikinci mərtəbədən düşür. Deyib: “Kamil, tarın burdadı?” Cavab verib ki, hə. Seyid deyib: “Onda tarını götür gəl mənim sinfimə”.
Kamil gəlib. "Darəmət" çal, - deyib Seyid. Oxumağa başlayıb. Qəzəl oxuyub. Soruşub: "Kamil, necədi?" Kamil deyib: "Lap yaxşıdı". "Səninçün yaxşıdı, mənimçün yox",- deyib Seyid.
Çünki o, qəzəlin metroritmik ölçüsüylə muğamın metroritmik ölçüsünü birləşdirməyi, qəzəli muğamın içində həll eləməyi, onları uzlaşdırmağı çox gözəl bilirdi. İrfan elə onda əmələ gəlir.
-Elə ustadlar var ki, yaddaşda musiqi tarixi kimi qalıb. Məsələn, Əhsən Dadaşov deyəndə insanın yadına xalq çalğı alətləri orkestri düşür. İnanmaq çətindir ki, bu tarix bir vaxtlar canlı insan şəklində olub. Onu necə xatırlayırsız?
- Çox gözəl xatırlayıram. Əhsən Dadaşov yaradıcı xanəndəydi. Çala-çala, düşünə- düşünə yaradırdı. O da Mansurovlar məktəbinin nümayəndəsidir. Çox istedadlı adam idi, oxumağı da vardı.
İndi heç bir dəstgah da oxumurlar. Hövsanda mən doqquz dəstgah oxuyanları görmüşəm. Hacıbaba Hüseynov, məsələn. Mənə deyirdi ki, qohum-qardaşında toy olanda de mənə. Lap elə maşın tut gəl, maşının pulunu da verəcəyəm. İnanan daşa dönsün. Sonra vermirdi. (Gülür).
- Əli bərk idi?
- Çox. Pul verməklə arası yox idi.
- Bəs xanəndələrdən kimlər əliaçıq idi?
- Alim. Sonra Ağaxan. Bir gün Alimlə Salyanda toyda olduq. Səhərisi gün dükana gedəcəyəm, görürəm pul çoxdu. 300 manatdan yuxarı pul var. Pulu götürüb gəldim. Dedim: "Alim, deyəsən mənə çox vermisən. Mənə nə qədər verəcəkdin, o qədər ver, qalanını götür". Dedi: "Yox, elə sənə vermişəm o qədər. Halal olsun sənə".
Xanəndə bütün işini tar-kamançanın üzərində qurur. Amma xanəndələrin çoxu pulkəsəndilər.
- Toylarda pul bölgüsü necə olurdu?
- Məsələn, əvvəllər muğam üçlüyü 300 manata, sonra 400 manata gəlirdi. Alim xanəndə kimi tanınandan sonra muğam üçlüyünün qiyməti 600 manata qalxdı. İndi 1000-1500 manatdır.
Pul bölməyin əsasını Cabbar qoyub. O deyirdi, 1 manatın 40 qəpiyi xanəndənindir, 35 qəpiyi tarındı, 25 kamançanın. İndi bilmirəm necədir.
- İndi də Bakı toylarına muğam üçlüyü gəlirmi?
- Gəlir, amma əvvəlki kimi deyil. O vaxt hər toyda muğam üçlüyü olurdu. Muğam üçlüyü olmayanda elə bil toya şuluq düşürdü.
- Siz özünüz sonuncu dəfə nə vaxt ifaçı kimi toyda olmusuz?
- 2012-ci ildə. 62 yaşım vardı onda. Bir məsələ oldu, dedim daha qurtardıq. Bir də getmədim… O ki qaldı konservatoriyada oxumağıma, əslində mən oxumaq istəmirdim. Səyavuş Kərimi təkid etdi.
-Üzr istəyirəm, hansı tarixdən söhbət gedir?
-2002-ci ildən. Mən 2003-cü ildə 53 yaşında konservatoriyaya daxil oldum. Səyavuş müəllim dedi ki, sən oxumalısan. Dedim: “Mən oxuya bilmərəm, mənim bir çətən külfətim var, onları dolandırmaq lazımdır”. Dedi: “Yox, elmi işlər yazmaq üçün konservatoriya təhsili lazımdır, sən bizə lazımsan”. Həm orda işləyirdim - müşayiətçi, həm də oxuyurdum.
Uşaqlarla bir yerdə imtahan verməyə getdim. Bir polis gəlib deyir ki, baba, bir az aralı dur. Dedim: “Baba yox e, abituriyent! İndi görərsən, adım çıxan kimi birinci mən qaçacam”. Mat-məəttəl baxır üzümə.
İçəri girəndə müəllimlər çaşdılar, elə bildilər müəlliməm, yoxlamağa gəlmişəm. Dedim: “Mən abituriyentəm, imtahan verməyə gəlmişəm”. Nəsə, imtahan verdim, daxil oldum.
2007-ci ildə konservatoriyanı bitirdim. 57 yaşım vardı. Magistr təhsili almaq istəmirdim. Səyavuş müəllim dedi ki, yox, oxumalısan. Dedim: “Ay müəllim, bəyəm anam məni qarğıyıb ki, ay köpəkoğlu, ömrünün axırına kimi oxumasan, sənə südümü halal eləməyəcəyəm?” Dedi, yox, get hazırlaş.
Səyavuş müəllim mənə atalıq qayğısı göstərib. Mən onun elədiyi yaxşılıqları heç vaxt yaddan çıxarmaram…
Bu dəm Valeh müəllimin telefonu zəng çalır. Qocaman tarzən tar musiqisi kimi təmkinlə və ağır-ağır, aramla danışarkən mən söhbətimizin dolu-dolu keçdiyini və xeyli çəkdiyini, ustadı yorduğumu, odur ki, söhbətə xitam verməli olduğumu düşünürəm.
Mən bu fikirdəykən həmsöhbətim telefonu söndürüb mənə tərəf dönür:
- Hə, harda qaldıq?.. Muğamdan danışmaqla qurtarmaz...
Foto: Elnur Muxtar