Avropa çempionu, taekvondo idman növü üzrə dünya üçüncüsü Fəridə Əzizova “Brifinq”in qonağıdır.
19 yaşlı gənc xanım “Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək taekvondoçularımızdandır. Səhhətindəki problemə görə idmana üz tutan bu gözəl qız səyi və əməyi nəticəsində peşəkar taekvondonçuya çevrilib. O, teleqrafçılarla söhbətində Avropa Oyunlarının əhəmiyyəti, bu idman növünə olan marağından, gələcək planlarından danışdı. Fəridə Əzizova son illər müasirləşən, elektron taekvondonun köhnə taekvondo ilə fərqlərinə də toxundu.
“Avropa Oyunlarına görə Prezidentə təşəkkür edirik”
Nərgiz Ehlamqızı: Fəridə, Avropa Oyunlarına cəmi 20 gün qalıb. Bu Oyunların ölkəmizdə keçirilməsini bir idmançı kimi necə qarşılayırsınız?
- Bir neçə gün bundan əvvəl Bakıya dönmüşəm. Mayın 19-da baş verən faciəli yanğın hadisəsinə görə Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Uğurlarımıza baxmayaraq kədərlənirik. Azərbaycana qayıdan gün eşitdik ki, belə bir yanğın baş verib, 15 nəfər, körpələr və böyüklər həlak olub. Əlbəttə, hamımız hüznlüyük. Avropa Oyunlarının Bakıda keçirilməsinə görə isə Azərbaycan Prezidentinə və birinci xanım Mehriban xanıma öz təşəkkürümüzü bildiririk. Azərbaycan idmançılarının Avropa Oyunları kimi yarışmada iştirakına imkan yaradılıb və bizi dəstəkləyirlər.
N.Ehlamqızı: Azərbaycanın idman yarışına ev sahibliyi etməsinin idmançı üçün nə kimi məsuliyyəti və fərqi var?
- Öz ölkəndə döyüşmək daha çətindir. Çünki Azərbaycanda olanda daha çox məsuliyyət daşıyırsan. Bilirsən ki, 9 milyon insan sənə azarkeşlik edir. Döyüşdən qabaq hisslər səni o qədər sıxır ki, tatamiyə ancaq çempion olmaq üçün çıxırsan. Digər tərəfdən o da yaxşıdır ki, nə qədər insan səni dəstəkləyir.
Aygün İlqarqızı: Dediniz ki, yarışdan qayıtmısınız. Hansı ölkədə səfərdə idiniz?
- Rusiyanın Çelyabinsk şəhərində idik. Dünya çempionatı keçirilirdi, 139 ölkənin idmançısı yarışırdı. Özüm elə də yaxşı iştirak edə bilmədim. İnşallah, gücümüzü Avropa Oyunlarında göstərərik.
Aqil Lətifov: Bəlkə o yarışda fikriniz Avropa Oyunlarında qalmışdı?
- Biz hər bir yarışa özünəməxsus şəkildə hazırlaşırıq və hansı çempionata qatılırıqsa, ona motivasiya olunuruq. Doğrudur, Taekvondo Federasiyası gücünü daha çox Avropa Oyunlarına qoyub. Hər bir idmançı bütün yarışlara ciddi hazırlaşmağa çalışır və hər bir oyun dəyərlidir. Çünki bizə xallar yazılır. İlin sonunda xalı çox olan, altılığa düşən idmançılar Rio-de-Janeyro vəsiqə qazanacaqlar.
A.İlqarqızı: Avropa Oyunları bir idmançı kimi Sizdə hansı təəssüratlar oyadır?
- İlk Avropa Oyunları ilk Olimpiada kimi bir şeydir. Çox möhtəşəm yarışdır. Nəticə olsa da, olmasa da, Azərbaycanda belə bir böyük yarışın keçirilməsi bizdə xoş təəssüratlar yaradacaq. Çalışacağıq ki, bundan sonra da belə səviyyəli yarışlar ölkəmizdə keçirilsin.
A.Lətifov: Taekvondo idman növü üzrə neçə idmançı Azərbaycanı təmsil edəcək?
- Bizdən 4 oğlan, 4 qız Oyunlarda iştirak edə bilər.
N.Ehlamqızı: Artıq seçim olub? Kimlərin qatılacağı dəqiqləşib?
- İştirakçıların yarısı bəllidir. Mənim adım artıq rəsmiləşib.
Ruslan Bakiroğlu: Özünüzü neçənci yerdə görürsünüz? Ən güclü rəqibiniz kimdir?
- Taekvondo idman növü üzrə çox dəyişikliklər oldu. Həm jiletimiz, həm də kaskamız elektrondur. Yeniliklərə görə rəqiblərin kim olacağını təsəvvür etmək mümkünsüzdür. Dünya çempionatında da gördük ki, əvvəlki illərin çempionları bu il heç üçlüyə də düşə bilmədi. Ona görə də reytinqi olsa da, olmasa da, idmançı sonda 1-ci yer tuta bilər. İndi ad çəkmək mənim üçün çətindir. Çünki yarışlar hər bir idmançı üçün mürəkkəb olacaq.
Nərmin Muradova: Yəqin, Avropa Oyunlarında iştirak edəcək taekvondoçularla başqa yarışlarda qarşılaşmısınız.
- Reytinqdə olan 5 idmançının adını deyə bilərəm. İsveçdən Elin Yohansson, ikinci yerdə fransız idmançı Habi Niare, üçüncü yerdə rusiyalı Anastasiya Barışnikova, 4-cü yerdə türkiyəli Nur Tatar, 5-ci yerdə isə mən gedirəm.
“Atama dedim ki, taekvondodan ayrılmaq fikrim yoxdur”
N.Muradova: Niyə taekvondoçu oldunuz?
- 6 yaşından taekvondo ilə məşğul oluram. Səhhətimdə problemlər olduğu üçün həkim məsləhəti ilə 6 aylıq idmanla məşğul olmalı idim. Qan dövranımda problemlər vardı. Qusar rayonunda atamın iş yerinin yaxınlığında idman zalı fəaliyyət göstərirdi, taekvondo da təzə-təzə inkişaf edirdi. Taekvondoya yazıldım, bu idman növü ilə məşğul olmağa başladım, 1 ay sonra atama dedim ki, taekvondodan ayrılmaq fikrim yoxdur. Taekvondo mənə çox yaxın gəlirdi. Özüm dəcəl uşaq olmuşam, Şərq döyüş növlərini xoşladığım üçün əsasən də taekvondonun qaydaları məni cəlb etdi. Ona görə də taekvondo ilə ciddi məşğul olmağa başladım.
“Gücümü tatamidən kənar istifadə etməyi özümə sığışdırmıram”
A.Lətifov: Heç gücünüzü tatamidə yox, həyatda tətbiq etmisiniz?
- Yox, çünki milli yığmanın idmançıları zaldan kənar heç kəslə mübahisə etməməlidir. Bəzi idmançılar bəlkə də gücündən kənarda istifadə edir. Amma mən bunu qəbul etmirəm, özümə sığışdırmıram. İdmançıyam, əsəbi olanda insan gücünə sahib çıxa bilmir, nə isə olsa, sonra məni idmandan kənarlaşdıra bilərlər. Kiməsə görə o, mənə lazım deyil.
A.Lətifov: Kiçik yaşlarda da kimisə döyməmisiniz?
- Məktəb vaxtı sinifdəki oğlanları döymüşəm (gülür). Əslində, evdə bizə tapşırırdılar ki, kiminlə mübahisən olsa, həmin şəxsə sözlə cavab ver, nəinki güclə, sonra valideynləri evimizə gəlməsinlər. 5-ci sinifdə oxuyanda oğlanın qulağını elə burmuşdum ki, qulağı bir az cırılmışdı, anası məktəbə gəlmişdi (gülür).
N.Ehlamqızı: Onda taekvondo ilə məşğul idiniz?
- Bəli, artıq 3-cü sinifdən taekvondo ilə məşğulam.
A.Lətifov: Taekvondonun qadın üçün çətinliyi varmı?
- Çətinlik ondadır ki, milli komandanın üzvü olandan sonra sırf idmana bağlı olursan, evdə tapılmırsan, hərbi rejimdəki kimi məşqlər edirik. Səhər saat 8.00-da məşqə gəlirik, sonra yemək yeyilir, istirahət. Ardınca məşq, axşam yeməyi yeyirik, sonra 2 saat istirahət və yenidən məşq edirik. Axşam yatanda telefonları verib yatırsan, səhər eyni rejim davam edir.
A.Lətifov: Belə sıx qrafik hansısa yarış öncəsi olur, yoxsa il ərzində bu cürdür?
- Təlim-məşq toplanışı olanda belə rejimdə çalışırıq.
A.Lətifov: Təlim-məşq toplanışı ildə neçə dəfə olur?
- Yanvarın 5-də başlanan təlim-məşq toplanışı indiyədək davam edir.
N.Muradova: Nə zaman istirahət edirsiniz? Yayda məzuniyyət olmur?
- Klublarda olanda yayda 1 aylıq tətil verirdilər. Milli komandada üzvsənsə, istirahətə vaxt yoxdur. 2006-cı ildən yığmadayam.
A.Lətifov: Sonuncu uğurunuz hansı olub?
- 2013-cü ildə Avropa çempionu və dünya üçüncüsü oldum.
“Ermənilərdə qız taekvondoçusu yoxdur”
A.Lətifov: Orada kimlərlə döyüşdünüz, erməni rəqibləriniz vardı?
- Xeyr, ermənilərdə qız taekvondoçu yoxdur.
N.Muradova: Çəkiniz nə qədərdir?
- 67 kq.
A.Lətifov: Çəkinizi necə saxlayırsınız? Çəkiniz dəyişir?
- Olimpiya çəkisi olduğu üçün fikirəşirəm ki, axıra qədər 67 kq. çəki dərəcəsində yarışım. 2010-cu ildən 67 kq çəkidə qalmağa çalışıram. Pəhriz və məşqlərlə çəkimi stabil saxlayıram. 3 kq artıq çəkim olanda axşamlar yemək yeməməyə başlayıram.
A.İlqarqızı: İdmançı üçün əzələ mütləqdirmi?
- Əlbəttə, sürətə, gücə görə lazımdır.
N.Muradova: Taekvondoda boy nə dərəcədə önəmlidir?
- Mənim üçün boy çox vacibdir. Çünki rəqiblərimin hamısı məndən hündürdür.
A.Lətifov: Taekvondoda dəyişiklik, elektron taekvondoya keçid izləyicilər üçün də təsir etdi. Bunu hiss edirsiniz?
- Bundan əvvəl adi jilet olanda idmançılar xal götürmək üçün hücum edirdilər, müxtəlif zərbələr endirirdilər. Elektron jiletə görə idmançılar özünü qorumağa üstünlük verir. Balaca toxunuş xal itkisi deməkdir. Güc qoyulur, amma çox güc versən də, hərdən görürsən xal qazanmadın, çünki sensora düzgün toxunmur. Bəzən balaca toxunuşla xal itirirsən. Ona görə hamı müdafiəyə köklənir.
A.İlqarqızı: Bu, idmançılar üçün çətinlik yaradır?
- Dünya çempionatında yer tutan idmançıların əksəriyyəti gənclərdir. Çünki yeni taekvondo köhnə taekvondo ilə məşğul olan idmançılara çətin gəlir. Gənclər son dünya çempionatında daha çox qızıl medal qazandılar. Onlar başlanğıcdan təzə jiletə öyrəniblər.
A.Lətifov: Elektron jiletdən sonra hakim ədalətsizliyinin sıfıra endiyini demək mümkündür?
- Həqiqətən də, hakim ədalətsizliyi sıfıra enib. Yumruq və fırlanma zərbələrində elektron jilet 1 xal çıxara bilər, amma orta hakim 1, kənar hakimlər 2 xal çıxarırdı. 3 xaldan sonra yenidən 1 xal verilir.
N.Muradova: Adi jiletdə hakimin rolu olurdu?
- Bəli, hakimlərin idmançıya simpatiyasının da rolu vardı. Sən səhv edəndə hakim sənə cərimə xalı verəndə ona əl hərəkətləri ilə etiraz edəndə ola bilər yenə cərimə versin.
N.Muradova: Cəriməniz nədən olub?
- Döşəkdən kənara çıxanda, rəqib zərbə vuranda istəmədən onun ayağını tutanda, özüm sürüşüb yıxılanda cərimə almışam.
“Tatamidə daha aqressivəm, həyatda yox”
A.Lətifov: Döşəkdəki Fəridə Əzizova ilə həyatdakı Fəridə xanım arasında nə fərq var?
- Tatamidə daha aqressivəm, həyatda yox.
A.Lətifov: Taekvondoda bütün idmançılar eyni səs çıxarır. Bunun səbəbi nədir?
- Rəqibini qorxutmaq, öz gücünü toplamaq üçün səs çıxarırlar. Fikir vermisinizsə, ağırlıq qaldırmada idmançı zərbə bərk olsun deyə qışqırır. Bizdə elə olurdu ki, yaxşı zərbə vursan da, hakimlər dəqiq görməsələr belə sənin səsinlə rəqibə toxunduğunu əmin edirdin, sənə xal verirdi. Amma hazırda elə bir şey yoxdur.
N.Muradova: Taekvondoda yaş həddi var?
- Xeyr. 34 yaşı olan idmançı tanıyıram ki, dünya çempionatında 2-ci yerə çıxdı.
N.Ehlamqızı: Baş məşqçiniz kimdir?
- Baş məşqçi Koreya vətəndaşı Sun Mi Parkdır.
N.Ehlamqızı: Onunla hansı dildə ünsiyyət qurursunuz?
- Azərbaycan dilində bilir.
A.İlqarqızı: Məşqçiniz dilimizdə hansı sözü daha çox işlədir?
- Zarafatla deyirik ki, məşqlərdə ən çox işlətdiyi söz “axırıncı” sözüdür.
“Qadın məşqçilər kişilərdən daha ciddi olurlar”
A.Lətifov: Həmişə qadın məşqçi ilə işləmisiniz, yoxsa kişi məşqçi də olub? Hansı ilə çalışmaq, döyüş hazırlığını başa düşmək daha yaxşıdır?
- Əslində, bunun heç bir fərqi yoxdur. Onlar məşqdə olanda hamısı eyni səviyyədə ciddi olardı. Hətta deyə bilərəm ki, qadın məşqçilər kişilərdən daha ciddi olur.
A.İlqarqızı: Bu gün ən güclü taekvondoçular hansı ölkədə yetişir?
- Taekvondonun vətəni Koreyada.
N.Ehlamqızı: Adətən, rayon yerlərində mühafizəkar mühit olur. Vaxtilə qızların idmana yazılması bir o qədər geniş yayılmamışdı. Sizdə necə oldu, ailəniz nə əcəb icazə verdi?
- Məni kluba çağıranda atam icazə verdi, özüm də bilmirdim. Bəlkə də bizim ailəmiz bir az müasir düşüncəli olduğundandır, yaxud bəxtim gətirib ki, atamın xoş əhvali-ruhiyyəsinə düşüb, elə bilib 1 aydan sonra qayıdacağam. Haradan bilərdi ki, gedən bir də qayıtmayacaq (gülür). Həm də əvvəllər taekvondo ilə məşğul olan çox sayda qızlar və oğlanlar vardı. Hazırda hər bir idmançı üçün şərait var, amma idmançıların sayı azalır.
N.Ehlamqızı: Sizcə, səbəb nədir?
- Artıq gənc nəsil bundan əvvəlki nəsil kimi əziyyət çəkmək və sağlam həyat yaşamaq istəmir. Təəssüf ki, indi kompüter, siqaret çox gəncin həyatının ayrılmaz hissəsinə çevrilib.
A.Lətifov: Görünüşcə ciddi insan təsiri bağışlayırsınız. Bu, idmanla bağlıdır yoxsa xarakteriniz belədir?
- Xarakterim belədir. Ailə üzvlərim də irad tuturlar ki, evdə rahat ol. Özümdən asılı deyil.
N.Muradova: Saç düzümünüz həmişə belə olub? Yoxsa tekvondoya görə qısaltmısınız?
- Yox, bizdə elə qızlar var, saçları çox uzundur. Saç idmançı üçün problem deyil. Sadəcə olaraq, stilim belədir. 10 yaşımdan qısa saçdayam. Düzdür, indi idmana görə saçımı qısa saxlayıram. Çünki gündə 3 dəfə məşq edirəm, tərləyirik, çiməndən sonra soyuq havalarda soyuqlaya bilərəm.
N.Muradova: Ali təhsil almısınız?
- Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram. Quba Dövlət Sosial İqtisadi kollecini bitirmişəm. Akademiyadakı təhsilimi qurtarandan sonra başqa bir universitetdə oxumaq istəyərəm. Hüquq sahəsi məni cəlb edir.
“Dövlət işində çalışmaq istəyərəm”
N.Muradova: Gələcəkdə məşqçi kimi qalmaq niyyətin var, yoxsa tamamilə ayrılmaq istəyirsən?
- Özümü məşqçi kimi sınamaq istəyərəm. Çünki bildiklərimi, taktikalarımı gənc nəslə öyrətmək arzusundayam. Məsləhət olmazsa, ayrılaram. İdmançılar birbaşa dövlətə qulluq edir. Mən də dövlət işində çalışmaq istəyərdim. Məsələn, polis ola bilərəm. Məşqçi işi elədir ki, tələbələrin nəticə verə bilmirsə, praktiki olaraq işsiz qalırsan. Ya da yeniyetmə dövründən idmançıları yetişdirənə kimi işləyirsən. Dolanmaq üçün başqa iş lazımdır. Ona görə də çox istəyərəm ki, hansısa bir dövlət işində çalışım, yenə dövlətə qulluq edim. Heç kəsə sirr deyil ki, olimpiya və dünya çempionlarına iş təklifləri olur. İşlə təmin olunmaq olar, amma öyrənmədən başım çıxmadığı sahədə çalışmaram. Savadımı artırıb təklifi qəbul edərəm.
A.İlqarqızı: Sizdən nə isə öyrənmək istəyən yeniyetmələr varmı?
- Yeniyetmələr arasında Qusar rayonundan idmançı var. Dünya çempionatında da iştirak edirdi. Yarışlara gələndə Bakıda mənimlə qalır. Ona kömək edirəm.
A.İlqarqızı: Hansısa məsələ ilə bağlı qərar verəndə çox düşünürsünüz, yoxsa ani qərara üstünlük verirsiniz?
- Atalar misalı var, yüz dəfə ölç, bir dəfə biç, ona əməl edirəm. Hər dəfə alınmasa da, çalışıram belə edim.
A.Lətifov: Döşəkdə 100 dəfə ölçüb, bir dəfə biçmək olmur axı. Bunun həyata təsiri var?
- Yox, idman riskdir.
“Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindəyəm”
A.Lətifov: Hədəflər nədir?
- Mənim udacağım çox yarışlar var. Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindəyəm, hələ dünya çempionu da olmamışam.
“Dünya idmançılarının çəkindikləri rəqibəm”
A.Lətifov: Sizin çəki dərəcənizdə dünyada qorxulu rəqibsiniz?
- Qorxulu deməzdim, amma idmançıların çəkindikləri rəqibəm.
N.Ehlamqızı: Olubmu rəqiblərinizlə sonra dostluq münasibəti saxlayasanız?
- Bəli, mən hamı ilə danışıram. Hətta döyüşə çıxanda bir-birimizə uğurlar da arzulaya bilərik. Reytinqdə olan ingilisdilli idmançılarla çox da yaxşı ünsiyyət qura bilmirəm. Amma Türkiyə idmançısı ilə döyüşdən sonra da danışırıq.
A.Lətifov: Türkiyə idmançısı ilə döyüşəndə hansı hissləri keçirirsiniz?
- Döyüşdən kənar dostuq. Amma döyüşdə olanda hər bir şəxs, hətta Azərbaycan idmançısı belə olsa rəqibimdir. Döşəkdən kənarda onunla dost, bacı, qardaş, yoldaş ola bilərəm.
A.İlqarqızı: Tatamidə vurduğunuz zərbəyə görə Sizdən inciyənlər olubmu?
- Tatamidə onu udduğum üçün kənarda mənimlə danışmayan idmançılar olub. Onlara demişəm ki, vaxt keçəndən sonra başa düşəcəksən ki, düzgün eləmirsən. Mən təmiz döyüş xoşlayıram. İdmançını əzmək kimi çirkin döyüşü qəbul etmirəm. Zərbə vuranda ona diz qoymaq xoşuma gəlmir.
R.Bakiroğlu: Qayda ilə zərbə vuranda diz qoymağa icazə var?
- Yox, amma xalı çox olan idmançılara yarım xallıq cərimə gəlsə də, rəqibi ona çata bilməyəcək deyə qəsdən diz qoyur. Rəqibin ayağın zədələnəndən sonra bir də o ayaqla vura bilmir.
N.Muradova: Sizin zədələriniz çox olub?
- Bəli. Dizimdən, topuğumdan zədələnmişəm.
N.Muradova: Əməliyyat olunmusunuz?
- Bəli, 6 il əvvəl dizimdən əməliyyat olunmuşam.
N.Muradova: Siz də döyüş filmləri sevirsiniz?
- Bəli, döyüş filmlərini xoşlayıram. Xüsusən də, real idmançılarla bağlı çəkilən filmlərə baxmağı bəyənirəm. Xokkeyçi, gənc gimnast haqda film çəkilib, izləmişəm də.
A.Lətifov: İstəyərdiniz Sizinlə bağlı film çəkilsə, orada idmançı kimi çıxış edərsiniz?
- İstəyərdim. Kinoya bir dəfə təklif etmişdilər, sonra alınmadı.
A.Lətifov: Maddi imkanınız olsa, kiməsə təklif edərsinizmi məni baş rolda çəkin?
- Bəli, arzulayaram.
A.İlqarqızı: Taekvondodan başqa daha çox hansı idman növünü həvəslə izləyirsiniz?
- Boks yarışlarını izləyirəm.
N.Muradova: Necə dincəlirsiniz?
- Məşqdən sonra paltarlarımızı dəyişib, sadəcə, çarpayıya uzanmaqla (gülür).
“Ən çox Çingiz Abdullayevin kitablarını oxuyuram”
N.Muradova: Söhbətə başlamazdan əvvəl öyrəndik ki, kitablarla aranız yaxşıdır. Bəs, kitabı nə zaman oxuyursunuz?
- Kitaba səhərlər və gündüzlər çox vaxt olmur. Məşqdən sonra elə yorğun oluram ki, dincəlib yatmalıyam ki, gücüm bərpa olsun. Axşam məşqindən sonra sakitləşmək üçün kitab oxuyuram. Ən çox Çingiz Abdullayevin kitablarını oxuyuram.
A.İlqarqızı: Maşın sürməklə aranız necədir?
- Çox yaxşıdır.
N.Ehlamqızı: Öz avtomobiliniz var?
- Yoxdur. Kirayə götürüb sürürəm, yaxud dostumun maşınından istifadə edirəm. 2 il əvvəl Prezident İlham Əliyev ev vermişdi, onun təmiri ilə bağlı hələ maşın ala bilməmişəm.
N.Muradova: Ev hansı uğurunuza görə təqdim olundu?
- Avropa çempionu olduğuma görə verildi.
A.Lətifov: 19 yaşında bu qədər uğur qazanmaq başgicəlləndirici deyil ki?
- Gənc yaşında böyük nəticələr qazanıb növbəti illərdə həmin nəticələri yaxşılaşdırmalısan. Bu alınmayanda deyirlər ki, idmançı formadan düşdü, qocalır. Bu sözlər deyilməsin deyə daha çox məşğul olmalısan.
N.Muradova: Bir az da şəxsi həyatınız barədə danışaq. Ailə həyatı qurmaqla bağlı nə düşünürsünüz?
- Hazırda ailə həyatı qurmağı düşünmürəm. Subaylıq sultanlıqdır.
N.Muradova: Yəqin idmançı ilə ailə qurmaq istəyərsiniz?
- Bilmək olmaz. İnanın, bu haqda fikirləşmirəm.
N.Muradova: Oğlan taekvondoçularımızın çıxışı ümidvericidirmi?
- Əlbəttə, biz yarışda olanda qardaş-bacı kimi bir-birimizə dəstək oluruq. Yarışlara gedəndə Taekvondo Federasiyanın işçiləri, müəllimlər daxil olmaqla bütün idmançılar bir ailə kimidir.
N.Ehlamqızı: Sizə hər zaman dəstək verən həmkarınız varmı?
- Rəfiqəm Yaqut Fərəcova mənə daim dəstək verir. O da taekvondo ilə məşğul olub. Hətta elə olur mən oteldə oluram, ona zəng edirəm evdən əşyalarımı gətirib mənə verir.
N.Muradova: Hansı ölkələrdə olmusunuz?
- Avstraliya, Kanada, İsveçrədə olmuşam. İsveçrə və Hollandiyada yaşamaq istəyərəm. Orada çox sakitlikdir, bu, məni özünə cəlb edir. Orada dincəlmək istəyərdim. Əslində, Azərbaycandan kənardan yaşaya bilmərəm. Həm də vətəni qoyub hara gedəsən?
A.Lətifov: Qohumlara yardım edirsiniz?
- Ailəyə kömək etməyə çalışıram. Ailəm Qusarda yaşayır, valideynlərimə həmişə yardım edirəm.
N.Muradova: Ailədə neçə uşaqsınız?
- 2 qardaşım var, biri balacadır. Biri böyük. 8 yaşlı balaca qardaşım da idmançıdır. Regionlarası yarışlarda çempion olub.
A.İlqarqızı: Zəng edib qələbə sevincini səninlə bölüşür?
- Hə, zəng edib deyir ki, bacı mən də çempion olmuşam, mənim də medalım var.
N.Ehlamqızı: Hansı janrda mahnılara qulaq asırsınız?
- Məşqlərdə dinamik mahnılara qulaq asıram.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD