Wall Street Journal qəzeti yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının prezident Barack Obamanı impiçment etmək istəməsi real təhlükədir. Nümayəndələr palatası 201 səsə qarşı 225 səslə Barack Obamanı səlahiyyət həddini aşdığına görə məhkəməyə cəlb etməyə səs verdi.
Qəzet hesab edir ki, Nümayəndələr Platasının bu məsələni qaldırması Amerika hakimiyyətinin necə qurulması və hakimiyyət bölgüsü haqda fundamental suallar yaradır.
Nümayəndələr palatası hesab edir ki, ümumi tibbi sığorta ilə bağlı planının bütün maddələrini konqresdən keçirə biıməyən prezident bəzi hüquqi məsələləri prezident fərmanları ilə həll edib, bu da qanuna ziddir. Nümayəndələr palatasının sədri Boehner deyir ki, prezident öz məqsədlərinə çatmaq üçün Konqresə verilən bütün qanunverici hakimiyyəti mənimsəyib.
Prezidenti məhkəməyə vermək işinin memarları olan Rivkin və Foley hesab edirlər ki, Obama siyasi məsuliyyətin əsaslarını laxladır, hakimiyyətin bir qolundan digərinə həddən artıq hakimiyyət ötürür.
Qəzet onu da yazır ki, prezidentin qanunu pozması ilə bağlı Ali Məhkəmə özəl qrupların bir sıra iddilarını bundan qabaq rədd edib. Obama təyinatlar, dini azadlıqlar məsələlərində səlahiyyət həddini aşmaqda ittiham olunurdu.
New York Times qəzeti yazır ki, Nümayəndələr Palatasının sədri Boehner deyib: “Prezident hansı qanunu xoşlayır, onu icra edir, hansını xoşlamır, icra etmir, siz buna imkan vermək istəyirsinizmi?”
Ancaq qəzet vurğulayır ki, ABŞ-ın bəzi tanınmış mühafizəkarları bu impiçment məsələsinə gülürlər. Bloqqer Erick Erickson Barack Obamanın məhkəməyə cəlb olunmasını “vergi ödəyənlərin pulunu dağıdan siyasi teatr” adlandırır.
Populyar radio aparıcı və Ronald Reagan dövründə hökumət rəsmisi olan Mark Levin Nümayəndələr Palatasının qərarını “axmaq hərəkət” adlandırır.
Barack Obamanın özü isə bu barədə deyib ki, “hamı bunun siyasi gediş olduğunu başa düşür. Ancaq bu , daha pis hərəkətdir. Bu yolla qazanılan seçici səsi o deməkdir ki, belə səsi alan sizə real heç nə verməyəcək.”
Obama Nümayəndələr Palatasında bu məsələni qaldıran respublikaçılara məsləhət də verir: “həmişə nifrət etməyi dayandırın. Gəlin, birlikdə işləyək”. Rəy sorğularına görə, respublikaçıların 56 faizi prezidentin impiçmentini istəyir.
Onları ən çox narazı salan, onların dediyinə görə, prezidentin fərmanlar vasitəsilə yeni qaydalar yaratmasıdır. Bu da onların fikrincə, ABŞ-da qanununların aliliyi prinsipini pozur.
/qafqazinfo/