14 Mart 12:23
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı son aylarda tez-tez Türkiyənin İraqdakı hərbi bazalarına hücum edib. Hücumlarda çoxlu sayta türk hərbçisi şəhid olub, amma əməliyyatlarla təşkilata ağır zərbələr endirilib.

Teleqraf.com xəbər verir ki, hücumların artmasından sonra Türkiyə həm rəsmi Bağdad, İraq Kürd Muxtariyyətinin rəhbərliyi ilə diplomatik danışıqları intensivləşdirib.

“Middle East Eye” (MEE) agentliyinə danışan türk mənbələri Ankaranın yayda PKK-nı cənuba çəkilməyə məcbur etmək və İnkişaf Yolu Layihəsini (nəqliyyat dəhlizi ilə bağlı) reallaşdırmaq üçün antiterror əməliyyatına başlayacağını deyiblər.

Hərbi əməliyyatların Kürd Muxtariyyətinin qərb hissəsini əhatə edəcəyi də bildirilir. Bununla PKK-nın Mosula çıxışının bağlanacağı gözlənilir.

MEE-ni məlumatlandıran mənbə Fars körfəzindən Ovaköyə qədər uzanan 1200 km-lik magistral və dəmir yolu layihəsinə istinad edərək deyib:

“Türkiyənin məqsədi bəllidir. PKK-nın Metina və Qarada olması İnkişaf Yolu Layihəsini ciddi şəkildə təhdid etmək potensialına malikdir. Həm PKK-nı bu iki bölgədən çıxarmaq, həm də layihənin tikintisi üçün ərazini təmin etmək istəyirik. Hər iki məqsədə bir hərəkətlə nail olmağı hədəfləyirik”.

Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyə-İraq təhlükəsizlik toplantısı çərçivəsində bu gün Bağdaddadır.

Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin planlaşdırılması, Bağdadın PKK-nı terror təşkilatı kimi tanıması, İnkişaf Yolu Layihəsi və digər məsələlər müzakirə olunacaq.

Ərdoğan 2012-ci ildən sonra ilk dəfə İraqa rəsmi səfərə gedəcək. Səfərin aprelin sonuna qədər baş tutacağı gözlənilir.

Qeyd edək ki, Zəngəzur dəhlizi də İnkişaf Yolu Layihəsi daxilində dəyərləndirilir. Bu, nəqliyyat dəhlizlərinin şaxələndirilməsini ehtiva edən projedir.


Müəllif: Mənsur Rəğbətoğlu