Təl Rıfat şəhərinin PKK/YPG terror təşkilatından alınmasından sonra Mənbiçə doğru hərəkət başlayıb. İntensiv hazırlıq görən müxalif Suriya Milli Ordusu (SMO) bölgənin bir çox nöqtəsində kəşfiyyat işləri aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
SMO-dan nəşrə Mənbiçdən 1 km məsafədəki komanda mərkəzində hücum təlimatı gözlədiyi bildirilib. Mənbənin sözlərinə görə, hazırda Mənbiçdə 1500 terrorçu var.
Müxalif ordunun komandiri Rusiya və rejim qüvvələrinin bölgədən çəkildiyini və əməliyyat üçün hazır vəziyyətdə gözlədiklərini deyib. Suriyalı müxalif ən qısa zamanda Mənbiçi azad edəcəklərini vurğulayıb.
Suriyadakı son proseslərdə Mənbiçin qərbində nəzarət etdikləri əraziləri itirən PKK/YPG də bölgədə mövqelərini gücləndirməyə çalışır. Təşkilat yerləşdikləri ərazilərin SMO-nun mühasirəsinə düşməsinin qarşısını almaq üçün yeni cəbhə və təchizat xətləri qurmağa çalışır.
“Yeni Şafak” xatırladır ki, ABŞ Türkiyəyə Təl-Rıfatın İŞİD terror təşkilatından təmizləndikdən sonra PKK/YPG-nin bölgəni tərk edəcəyinə dair söz versə də, buna əməl etməmişdi.