Suriya müxalifəti paytaxt Dəməşqin azad edildiyini elan edib. Bəşər Əsəd rejimi devrilib və onun paytaxtdan qəfil qaçmasından sonra prezident fəal şəkildə axtarılır.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN yazır.
Müxaliflər onun hərəkətlərindən xəbəri ola biləcək Suriya ordusu və kəşfiyyat rəsmilərini dindirirlər.
Müxaliflər bu gün səhər tezdən paytaxta daxil olduqdan bəri Suriya liderini görmək mümkün olmayıb.
Jurnalist Barak Ravid bildirib ki, Əsəd dünən gecə yarısı Dəməşqdən çıxıb və oradan Moskvaya getmək niyyətilə Suriyadakı Rusiya bazasına uçub. Onun Suriyanı tərk edib-etmədiyi bəlli deyil.
ABŞ nümayəndəsi jurnalistə deyib ki, amerikalılar Əsədin dünən axşam Dəməşqdən çıxmasını izləyiblər. Onun Moskvaya uçmağı planlaşdırdığı gözlənilir.
"Reuters"in Suriyadakı iki mənbəyə istinadla yazdığına görə, Əsədin təyyarə qəzasında ölməsi ehtimalı çox yüksəkdir. Əsədi daşıyan təyyarənin niyə radarlardan itməsi sirr olaraq qalır.
“Radardan itdi, ola bilsin, transponder söndürülüb, amma məncə, təyyarənin vurulması ehtimalı daha yüksəkdir”, - suriyalı mənbələrdən biri söyləyib.
Artıq müxaliflər prezident sarayına daxil olublar. Nəşr qeyd edir ki, müxaliflərin gəlişi paytaxtda bayram ab-havası yaradıb. Televiziya ilə yayımlanan bəyanatda müxaliflər Suriyanın paytaxtı Dəməşqin azad edildiyini bəyan ediblər.
"Dəməşq azad edildi, tiran Bəşər Əsəd devrildi və rejimin həbsxanalarındakı məzlum məhbuslar azad edildi. Yaşasın bütün suriyalılar üçün azad Suriya", - bəyanatda qeyd olunur.
Suriyanın devrilmiş liderinin üz tuta biləcəyi digər ölkə kimi İranın adı çəkilir.