Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya Suriyadakı hərbi bazalarını itirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklərə görə, Suriyada baş verənlər Kremli ciddi nəticələrlə təhdid edir. Rusiya Tartusdakı hərbi dəniz bazası ilə Aralıq dənizində özünə yer eləyib, buradan NATO-nun cənub cinahını təhdid altında saxlayır.
Təhlilçilər söyləyirlər ki, Suriyadakı bazaların itirilməsi Rusiyanın logistikasını, eləcə də onun təchizatı və Afrika Korpusunun rotasiyasını pozacaq.
ISW-nin fikrincə, Rusiya alternativ olaraq Liviya və Sudandakı hərbi mövcudluğundan istifadə edə bilər, amma Kremlin bu ölkələrlə rəsmi razılaşmalarının və lazımi infrastrukturun olmaması onları qeyri-adekvat əvəzedicilərə çevirir.
Bundan əlavə, ABŞ analitikləri vurğulayırlar ki, Əsədin devrilməsi və Prezident Vladimir Putinin onu xilas edə bilməməsi Rusiyanın etibarlı müttəfiq kimi qlobal imicinə də xələl gətirəcək: “Bu, onun Kremlin dəstəkləməyə çalışdığı afrikalı avtokratlar üzərində təsirini təhlükə altına qoyur və Rusiyanı qlobal supergüc olmaq kimi daha böyük geosiyasi məqsədini təhdid edir”.