11:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda arvadını öldürməyə cəhddə ittiham olunan 1976-cı il təvəllüdlü Abbas Mirzəyevin apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Abbas Mirzəyevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Abbas arvadı Nigarın ona başqa şəxslərlə xəyanət etməsi gümanı və qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.

2022-ci il iyunun 29-da saat 15.00-da evdən bıçaq götürürək arvadının valideynləri yaşayan Maştağa qəsəbəsindəki ünvana gəlib. Əvvəlcə cinayətkar niyyətini gizlədərək Nigarla təklikdə danışmaq, guya onunla barışmaq və yaşadığı evə aparmaq istədiyini deyib.

Abbas evin yataq otağına daxil olduqdan sonra bıçağı çıxararaq Nigarın boğaz nahiyəsinə zərbə vurub, daha sonra onun bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq xəsarəti yetirib.

Hadisə yerinə gələn Nigarın anası və atalığı, həmçinin iş üzrə zərərçəkmiş Vaqif Seyidovun mane olmağa çalışmasına baxmayaraq, o öz cinayətkar əməllərini davam etdirib.

Abbas valideynlərin gözü qarşısında Nigara yenidən zərbələr endirməyə cəhd edəndə Vaqifin onun hərəkətlərinin qarşısını almağa çalışmasından hiddətlənib. O, Vaqifin də bədənin müxtəlif nahiyələrinə zərbələr vurub.

İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd etmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər