12:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri 22 yanvar tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC–yə məxsus özəl tibb müəssisəsində planlı yoxlama aparıb və proses 23 yanvar tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinin qanunauyğunluğu araşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirlib ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartmaqla hədələyiblər) və müqavimət göstərilib.

Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.

“Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub. Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür”,- qeyd olunub.

Məsələylə bağlı “Laser Beauty Estetik Klinikası” ilə əlaqə saxladıq.

Klinikanın vəkili bildirdi ki, məsələylə bağlı araşdırma aparılır: “Hazırda araşdırma gedir, məlumat verməyimiz düzgün deyil. Araşdırmanın nəticəsi yekunlaşdıqdan sonra məlumat veriləcək”.

Fotodakı “Laser Beauty Estetik Klinikası” MMC- nin baş həkimi Rəna Soltanovadır.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər