Teleqraf.com-un “Portret” layihəsində tanınmış yazıçı Vaqif Nəsib mərhum dostu, tanınmamış şair Sərdar Əsəd haqqında danışır.
– Vaqif müəllim, Sərdar Əsəd kim idi? Onu heç kim tanımır.
– Sərdar şeirlərini sevə-sevə oxuduğum şairlərdən biri idi. O vaxt ədəbi orqanlardan cəmi “Ədəbiyayt qəzeti” və “Azərbaycan” jurnalı vardı. Sərdar da “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi kimi çalışırdı. Onun bir şeirini oxumuşdum.
Ürəkdən gələn hər söz mirvaridir, incidir.
Ürəkdən gəlməyən söz ürəkləri incidir.
Mən sonra univesritet qəzetində fəaliyyətə başladım, orada şeirlərə icmal yazmalı olurdum və hər dəfə o icmalları Sərdar Əsədin dediyi bu misralarla başlayırdım. O, olduqca istedadlı adam idi. Elələri var ki, münbit torpağa toxum kimi düşür, elələri də var ki, düşə bilmir. Məsələn, Sabir, Mirzə Cəlil və Məhəmməd Hadi... Sabir millətinin eyiblərini yazmaqla hətta Azərbaycanın hüdudlarından da kənara çıxa bildi. Amma Məhəmməd Hadi ondan da ağrılı şeirləri ilə kənarda qaldı. Mən onları iki bulağa bənəzdirəm. Biri xalqın ürəyi istədiyi vaxt içə bildiyi bulaqdır, biri isə hansısa dərədə öz-özünə çağlayan bulaq. Hadi ikinciyə aid idi. Sərdar Əsəd də elə Məhəmməd Hadi kimi talesiz şairlərdən biri idi, öz-özünə çağlayırdı.
O vaxt biz hamımız Yazıçılar Birliyinin sədrlərinin nəzarətindən vaxtaşırı keçirdik. Mehdi Hüseynin sədrliyi vaxtında Gənclər günü keçirilirdi. O tədbirlərdə şeir deyən şairlərin hamısına Mehdi Hüseyn çox diqqətlə qulaq asırdı. Orada Əli Kərim şeir oxudu, daha sonra Rüfət satirik şeirini oxudu və təsadüfən gülən Mehdi Hüseynin dodaqlarında təbəssüm yarada bildi. Sərdar Əsəd isə “Yağış” şeirini oxudu. Mehdi Hüseyn gözünü dörd açıb bu şeirə diqqətlə qulaq asırdı. Onda düşündüm ki, kaş mən də elə bir şeir oxuyardım ki, ədəbiyyata tərəzi olmuş bir adamın – Mehdi Hüseynin təəccübünü qazana bilərdim.
– Bildiyimizə görə, Sərdar Əsədin faciəvi bir həyatı olub...
– Bəli, çox faciəli həyat yaşamışdı. Sonda isə özünü asıb öldürdü. Əslində, onun intiharı da mübahisəli məsələ olaraq qaldı. Özü də yaxın dostu Əli Kərimin ad günündə özünü asmışdı. İndiyə qədər ədəbiyyata və elmə heç bir dəxli olmayan və “Ədəbiyyat qəzeti”nin uzun illər baş redaktoru olmuş Ayaz Vəfalının qonşusu Sərdar Əsədin son vəsiyyətləri məhv olub getdi. Və o vəsiyyətin məhvi də məhz Ayaz Vəfalı vasitəsilə baş verdi.
Mən indinin özündə də Sərdar Əsədlə tanışlığıma, dostluğuma görə fəxr edirəm. O, həm də ovçu idi. Bu ovçuluq Səməd Vurğun ənənəsindən gəlirdi, bəlkə də Səməd Vurğunun suyu sıçramışdı ona. Ailəsində bir az küskünlüyü vardı. Günlərin bir günü tüfəngi ilə birlikdə gəlib mənim İçərişəhərdəki kirayə evimdə qonaq da oldu. Ayaqqabısı palçıqlı idi, dedi, gərək sən palçıqları tanıyasan, bu, Sabirabad palçığıdır. Dedim, ovçu deyiləm axı. Dedi ki, Vaqif, ova evdən qaçdığım üçün getmişdim. Bu gün isə evlə barışacağam. Ovdan gətirdiyi təzə şeirlərini oxudu. Elə gözəl şeirlər idi ki... Mən hiss etdim ki, onun ilk oxucularından biri olmuşam.
Ona bir dəfə də böhranlı, üzü tüklü vaxtlarında rast gəlmişdim. Onda Sərdar Əsəd də işdən çıxarılmışdı, Əli Kərim də. Mən də daxil olmaqla üçümüz də işsiz idik və gözələyirdik ki, bəlkə bizə bir araq alan olar. Yadıma gəlir, Sərdar axır ki, bir araqalan tapdı. Talıbov adlı yerlisindən on manat götürdü. O vaxt bu pul dəyərli idi. Əli Kərimlə mən çox sevindik, dedik ki, gedək içək. Sərdar dedi ki, yox, hələlik icazə verin, gedim üzümü qırxdırım. Çünki üzümü pis adamlara tutmuşam, o pisliklərini mütləq qırxdırmalıyam. Sərdar üzünü qırxdırandan sonra oturub vurduq.
Cəmil Əlibəyov o vaxt onu elə-belə bir işə götürmüşdü, işsiz qalmasın deyə. Mənim maaşım isə 5-6 gün yeyib-içməyə ancaq çatırdı. Baxırdıq ki, kim bizə qonaqlıq verə bilərdisə, onun həm şeirini çap etdirirdik, həm də araq tilovuna salırdıq. (gülür)
– 1969-cu ildən sonra bir sıra ziyalı və ədəbiyyat adamları rəvac verdilər ki, Əli Kərimin də, Sərdar Əsədin də şeirləri çap olunsun. Deyirsiniz ki, Sərdar Əsəd də Əli Kərim səviyyəsində şairdir. Ancaq Sərdarın təbliği müəyyən müddətdən sonra dayandırıldı. Bu mahiyyətdə bir adamın yaradıcılığı sonrkı dövrlərdə niyə üzə çıxmadı və dəyərləndirilmədi? Siz buna necə aydınlıq gətirərdiniz?
– Guya indi Əli Kərim yada düşür? Bəxtiyar Vahabzadə uzun illər Bakı Sovetinin ad komissiyasının sədri olub. Əli Kərimin adına bir şey olubmu? Halbuki, Bəxtiyar deyirdi ki, Əli Kərim dahidir. O dahinin adına bir şey qoyuldumu?
– Bəs sizcə, Sərdar Əsədin yaradıcılığının dirilmək ehtimalı varmı?
– Azərbaycan təfəkkürü ilə oxunan əsərlərin heç biri doğru-düzgün qiymət almır. Əksinə, get-gedə də qiymətdən düşür. Misal üçün, iki gözü çıxan qardaşınız Vaqif Nəsib! Sərdar Əsədin mənə verdiyi imzalı “Simlərin tufanı” adlı kitab var. O vaxt onu ən tələbkər redaktor Ələkbər Salahzadə redaktə edib. O mənə demişdi ki, mən Sərdar Əsəd yaradıcılığına məftun oldum.
– Vaqif müəllim, demək istəyirsiniz ki, bir gün siz də həyatda olmayacaqsınız və haqqınızda Sərdar Əsəd kimi danışılacaq?
– Dost, onu demə, xahiş eləyirəm, mənə ölüm demə. Onu deyəndə gözümdə cəllad olursan. Vaqif Səmədoğlu ən böyük artist idi. Bir dəfə onunla möhkəm içmişdik, “Vəsiyyət” adlı şeirini mənə oxudu. Soruşdum ki, Vaqif, sən öləndə məzarına nə qoyaq? Dedi ki, öləndə məzarıma nə qoyursunuz, qoyun, məni qoymayın. Ona görə sən də o sualı mənə vermə.
– Sərdar Əsəd cəmiyyət tanımır, mühit tanımır. Bəs o, indi harda yaşayır? Bircə sizin ürəyinizdə?
– İndiki cəmiyyətdə yalançı bir yazarlar qrupu yaranıb və o dövr şairlər demək olar ki, ölüb. Əli Kərim dövrü də ölüb. Nə vaxtsa Sərdara qiymət veriləcəkmi, üzə çıxacaqmı, dəqiq deyə bilmərəm. Bircə onu bilirəm ki, mən öləndən sonra Sərdar Əsəd ikinci dəfə öləcək və ümumiyyətlə, yox olacaq.
– Övladları da yoxdurmu ki, atalarının irsini qorusun, tanıtsın, yaşatsın...
– Qızı da var, oğlu da. Görünür, vəzifələri yoxdur.
– Ümumiyyətlə, Sərdarın sanballı bir yaradıcılığı varmı?
– Bu nə sualdır, a kişi?! Ağzımda deyirəm ki, poeziyamızın ritorika vaxtı yazıb ki:
Ürəkdən gələn hər söz mirvaridir, incidir.
Ürəkdən gəlməyən söz ürəkləri incidir.
– Neçə yaşında dünyasını dəyişdi?
– Təxminən, 40-42 yaşı olardı. Biz bir səfərdən qayıdırdıq, eşitdik ki, Sərdar özünü öldürüb. Son vaxtlar çox qəribsəmişdi, bilirdim ki, dünyada özünü tək hiss edir. Qəbrini ziyarətə gedəndə gördük ki, anası sanki, oğlunun qəbri üstündə canlı bayatı olub, tənhadır, ağlayır. Mən ordan qayıdandan sonra bir şeir yazdım, çap olunub. Sərdar Kələntər Kələntərlərinin ən birinci dostu idi.
– İntihar səbəbi bilinmir?
– Yalandan dedilər ki, guya onların nəsillikcə psixoloji problemləri var. Guya bacısı dəlixanada olub. Son vaxtlar içkini də tərgitmişdi. Sərdar Əsəd təfəkkürlü adam idi, axırıncı kitabından pul alanda dedi ki, gedək oturaq. Qayıtdım ki, a kişi, sən içmirsən axı. Dedi, istəyirəm sən içəsən, mən də baxam. Mənə ağayana qulluq elədi. Ağsaqqal idi, hamı ona dədə Sərdar deyirdi. Həmin gün onun sağlığına çox içdim. Birdən cibindəki son pulları çıxarıb dedi ki, bunlarla nə həyatımı qura bilmişəm, nə ailəmi istirahətə apara bilmişəm.
– Onun intiharı ilə bağlı sizin versiyanız nədir?
– Bilmirəm. Məktub yazmışdı, vəsiyyət eləmişdi, Ayaz Vəfalı isə onun vəsiyyətini ört-basdır elədi.
– Məktubu Ayaz Vəfalı götürdü?
– Hə... Gizlətdi və məktub bir daha ortalığa çıxmadı. Sərdarın son dövrlər yazıları, fikirləri də çap olunmurdu. Onda dövlətə qarşı müəyyən fikirlər vardı. Bütün sferadan onu çıxarmağa çalışırdılar, o da artıq dəli olurdu, dözmürdü. Əli Kərimlə sıx dost idilər, yaradıcılıqları arasında da yaxın tellər vardı.
Həmin dövrdə mühit küçə şairləri yaratmışdı. O küçə şairlərindən biri də mən idim. Hamımızı Natavanın heykəli önünə yığışırdıq. Yusif Həsənbəy, Sərdar Əsəd, Əli Kərim, mən oralarda gəzişirdik ki, kimsə gəlib bizə araq alsın. Küçə şairi adlandırılmağımızın da səbəbi o idi ki, biz sovet ideologiyasını təbliğ etməyi bacarmırdıq, ümumiyyətlə, o dövrlə yaşamağı bacarmırdıq, yaradıcılığımız dövrün veridyi sifarişə uyğun gəlmirdi. Yazdığımız şeirlər də senzuradan keçə bilməyib faciə ilə qarşılaşırdı. Sərdar Əsəd də o küçə şairlərinin ən istedadlısı idi...