10 Fevral 2017 22:25
2 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan mediası Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər etdiyi üçün Belarusda saxlanılan və Azərbaycana təhvil verilən Aleksandr Lapşinlə bağlı yeni şou kampaniyasına başlayıb.

“RİA-Novosti” agentliyinin bu gün yerləşdirdiyi materialda Belarus Baş Prokurorluğunun nümayəndəsinə istinadən A.Lapşin barəsində beynəlxalq deyil, dövlətlərarası axtarış elan olunduğu bildirilib: “Vətəndaş Lapşin dövlətlərarası axtarışda olub və MDB ölkələri arasında mövcud olan razılaşmaya müvafiq olaraq saxlanılıb” .

Bundan əvvəl təcavüzkar ölkənin KİV-lərində Ermənistan polisinin nümayəndəsinə istinadən belə bir məlumat yayılmışdı ki, onlar A.Lapşinin axtarışa verilib-verilmədiyinə dair Beynəlxalq Cinayət Polisi İdarəsi – İnterpola sorğu göndəriblər. İnterpoldan isə onlara sözügedən şəxsin bu təşkilatın xətti ilə heç vaxt axtarışda olmadığı bildirilib.

“RİA-Novosti”nin xəbərə birtərəfli, Ermənistanın mövqeyinə üstünlük verən yanaşmasına baxmayaraq, xəbər xüsusi şərh edilməyib. Ermənistanın “Nyus.am” saytı isə xəbəri “Belarus Baş Prokurorluğu təsdiqlədi: Lukaşenko açıq yalan danışıb” başlığı ilə verib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun yalan danışması da nə imiş? A.Lukaşenko fevralın 3-də “Prezidentlə geniş söhbət” adlanan jurnalistlərə görüş zamanı Lapşinin işi ilə bağlı TASS-ın əməkdaşının sualına cavab olaraq deyib: “Onu İnterpolun qərarı ilə saxlayıblar və bütün qanunlara və normalara uyğun olaraq biz onu mütləq Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz ümumiyyətlə, onu buraxa bilərik, ancaq bu, düzgün olmazdı”. Vəssəlam. Göründüyü kimi, Ermənistan tərəfi həmişəki kimi bulanıq suda balıq tutmağa çalışır. Məgər şəxsin saxlanılması üçün onun barəsində İnterpol xətti ilə, yaxud dövlətlərarsı axtarış edilməsinin bir fərqi var? Hər ikisi eyni hüquqi qüvvəyə malik deyilmi? Bu məsələdən şou düzəltməyə çalışmaq, guya Beleras prezidentinin yalan danışmasını iddia etmək nə dərəcədə düzgündür?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, ixtisasca hüquqşünas olan Fazil Mustafa bildirib ki, MDB çərçivəsində imzalanmış Kişinyov konvensiyasına əməl etmək onu imzalamış hər bir ölkənin borcudur. Onun sözlərinə görə, dövlətlər konvensiyaya əməl etməklə bağlı öz üzərlərinə öhdəlik götürüblər: “Konvensiyada ekstradisiyaya dair tələb var və bu tələb sənəddə birmənalı şəkildə təsbit olunub. Heç İnterpol xətti ilə olmasa da belə, başqa xətlə – Kişinyov konvensiyası vasitəsilə bu məsələ müsbət həll olunub”.

F.Mustafa deyib ki, bu məsələdə Rusiyanın canfəşanlığı aşkar nəzərə çarpır: “Rusiyanın canfəşanlığını anlamaq mümkün deyil. Çünki Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır və onun qaytarılması üçün Rusiya tərəfi nə vaxtsa bu cür hay-küy, şüvənlik salmayıb. Necə olur, dövlət öz vətəndaşının biri üçün fədakarlıq edir, digərinə əhəmiyyət vermir?! Bu, gülməli bir haldır. Ona görə də bu məsələdə hüquqi cəhətdən hər hansı bir şəkildə boşluq yoxdur və Lapşinin təhvil verilməsi qanunauyğundur”.

Bu məsələdən şou düzəldilməsinə çalışıldığını deyən F.Mustafa bunun Rusiya ilə Ermənistanın şousu olduğunu vurğulayıb: “Çalışırlar ki, bunun hüquqi cəhətdən doğru olmadığını müəyyən qədər əsaslandırsınlar. Amma Rusiya öz sərhədlərini qanunsuz keçən adama necə münasibət bəsləyər?! Azərbaycan da eyni münasibəti bəsləyib”.

Deputat onu da bildirib ki, A.Lapşin üç ölkənin vətəndaşıdır: “Necə ola bilər ki, İsrail və Ukrayna bu qədər canfəşanlıq etmir, ancaq Rusiya edir?! Rusiya Ermənistanı dəstəklədiyini bir daha göstərmək istəyir, tərəfli mövqe tutduğunu bir daha açıq-aşkar ortaya qoyur. Bu, Rusiyanın özünə ziyan gətirən bir addımdır. Çünki bu gün hüquqa bu cür münasibət sabah Rusiyanın özünə qarşı çevrilə bilər”.

F.Mustafa Rusiyanın bu məsələdən bir bəhanə kimi istifadə etdiyini vurğulayıb: “Vətəndaş məsələsində Rusiya ilişib. Maraqlıdır ki, Rusiya girovluqda olan öz vətəndaşı ilə bağlı heç bir addım atmayıb, amma indi Ermənistanın marağından çıxış edərək Lapşin haqqında bu qədər hay-küy qaldırıblar. Səfirliyin əməkdaşları onunla görüşür, bunu xüsusi bir hadisəyə çevirmək istəyirlər, amma bu adi bir hüquq prosedurudur və bunu da Azərbaycan adi bir şəkildə, beynəlxalq hüquqa uyğun qaydada gerçəkləşdirib”.

Səxavət HƏMİD


Müəllif: