“Fevralın 17-də bəzi kütləvi informasiya vasitələrində “Gömrük işçiləri sahibkarı necə soydu?” başlıqlı cəfəng ittihamlarla dolu yazı dərc olunub, eləcə də Cabir Alışov adlı şəxs tərəfindən edilən videomüraciət yerləşdirilib”.
Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı yaydığı açıqlamada belə deyilir.
Dövlət Komitəsindən bildirilib ki, 5 yanvar 2017-ci il tarixdə saat 12:30 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı arxa oturacağın üzərində olan gödəkçənin və idman gödəkçəsinin ciblərində gömrük orqanına bəyan etmədiyi külli miqdarda - 88000 ABŞ dolları aşkar edilib götürülüb.
Faktla bağlı 23 yanvar 2017-ci il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə 172970024 nömrəli cinayət işi başlanılıb.
Cinayət işi üzrə Alışov Cabir Sənham oğlu və baxış keçirilməsində iştirak etmiş gömrük əməkdaşları dindirilib, həmçinin digər şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb, Cabir Alışovla gömrük əməkdaşlarının ifadələri arasında ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirilmələr həyata keçirilib.
Cinayət işi üzrə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilərək icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilib.
Alışov Cabir Sənham oğlundan götürülmüş 88000 ABŞ dolları istintaq orqanı tərəfindən maddi sübut kimi tanınıb və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçün Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilib.
Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 dövlət nömrə nişanlı minik avtomobili ilə 05 yanvar 2017-ci ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar qeydə alınmış video görüntülər istintaq orqanı tərəfindən götürülərək cinayət işinə əlavə edilib və baxış keçirilib.
Cinayət işi üzrə Alışov Cabir Sənham oğlunun üzərində olan 88000 ABŞ dollarını Rusiya Federasiyasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib-keçirməməsinin müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müvafiq sorğular verilib.
Cinayət işi üzrə Alışov Cabir Sənham oğlunun şəxsiyyətinin barəsində məlumatların əldə edilməsi üçün səlahiyyətli orqanlara sorğular göndərilib, həmçinin iş üzrə əhəmiyyət kəsb edə biləcək xüsusatların müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilib, sorğulardan bəzilərinə cavablar alınaraq cinayət işinin materiallarına əlavə edilib. Cinayət işi üzrə Alişov Cabir Səhnam oğlunun, Alışov Sabir Sənham oğlunun və Alışova Sara İbadulla qızının müxtəlif dövlət orqanlarına ünvanladıqları şikayət ərizələri cinayət işinə əlavə edilib və ərizədə göstərilən xüsusatlar istintaq orqanı tərəfindən araşdırılır.
Göründüyü kimi, hələ istintaq başa çatmamış Alışov Cabir Sənham oğlunun bəzi kütləvi informasiya vasitələrində etdiyi ittiham dolu çixışlar yalnız ibtidai araşdırmanın obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaqla, istintaq orqanına təsir göstərmək məqsədi daşıyır. Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq tədbirləri davam etdirilir.
İlhamə ƏBÜLFƏT