15 İyul 2014 21:49
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində qalib olaraq Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin dəstəyi ilə "Əcnəbi gənclər Gəncədə" adlı layihə həyata keçirilib. Layihə 13-14 iyul 2014-cü il tarixlərində Gəncə şəhərində icra olunub.

Layihənin əsas məqsədi Gəncə Avropa Gənclər Paytaxtı - 2016 çərçivəsində Gəncə şəhərinin əcnəbi gənclər arasında tanıdılması olub. Gəncə gənclərinin də iştirak etdiyi layihənin təqdimat mərasimində layihə rəhbəri Nigar Süleymanlı ətraflı məlumat verib. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Toğrul Məmmədliyev çıxış edərək, Gəncənin digər ölkələrə tanıdılmasında bu layihənin böyük rolu olduğunu vurğulayıblar.

Qonaqlar layihə haqqında öz fikirlərini bölüşdükdən sonra Gəncə Avropa Gənclər Paytaxtı Gəncə-2016-nın təqdimat videosu əcnəbi gənclərə təqdim olunub, layihə iştirakçılarının sualları cavablandırılıb. Layihə çərçivəsində əcnəbi gənclər Gəncə şəhərinin tarixi-memarlıq abidələri,muzey və digər turistik əraziləri ilə yaxından tanış olub, gəncəlilərin adət-ənənə və mədəniyyətləri haqqında məlumat əldə ediblər.

Həmçinin, şəbəkələşmənin güclənməsi məqsədilə əcnəbi gənclərlə Gəncə gəncləri arasında diskusiya təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

/trend/


Müəllif: