17 İyul 2014 12:25
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup hüquq müdafiəçisi və gənc fəal xuliqanlıq ittihamı ilə 6 il müddətinə həbs edilmiş “Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi”nin rəhbəri Həsən Hüseynlini müdafiə kampaniyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Alınan məlumata görə, kampaniya təşkilatçıları Gəncəni 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçmiş Avropa Gənclər Forumuna kütləvi müraciət göndəriblər, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Müraciətdə Hüseynlinin həbsinə etiraz bildirmək və Azərbaycan hakimiyyətindən onu azad etməyi tələb etmək xahiş olunur.

Müraciətdə Hüseynlinin Azərbaycanın qərb bölgəsində vətəndaş cəmiyyəti formalaşdırılmasında rolu və onun tamamilə uydurma ittihamla həbs edildiyi qeyd olunur.

Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiç artıq bu müraciətə cavab verib. O bildirib ki, bu məsələ forumun idarə heyətinin yaxın gələcəkdə keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Avqustun sonlarında Gənclər Forumunun missiyası Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı elan edilməsi ilə bağlı tədbirlərin hazırlanması üçün şəhərə gələcək.

Kampaniya təşkilatçıları missiyanın hakimiyyət qarşısında Hüseynlinin azad edilməsi məsələsini qaldıracağına ümid edirlər.

/faktxəbər/


Müəllif: