22 İyul 2014 11:55
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşəcək.

Alınan məlumata görə, bu barədə C.Uorlik öz twitter səhifəsində yazıb.

Amerikalı həmsədr qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsində sülh nail olunmasını müzakirə etmək üçün indicə Brüsselə çatdım. Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq"

Qeyd edək ki, amerikalı həmsədr nazirlər ilə bugün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində görüşəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sədrlik edəcəyi görüşdə 2015-ci ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti, assosiasiya sazişlərinin, eyni zamanda dərin və hərtərəfli azad ticarət zonası barədə sazişlərin icrası və birgə öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər məsələlərə xüsusi diqqət yetiriləcək.

/trend/


Müəllif: