24 İyul 2014 12:47

Azərbaycan Respublikasının Prezidenti yanında yeni yaradılan Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq.

Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Fondun məlumatında o da qeyd edilib ki,Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısında iştirak edən Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sözlərinə görə, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası iləəlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.

Fondun Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək.

Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənildi. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verdi. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndirdilər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr verdilər.

Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oktay Əlipaşa oğlu Səmədov Prezidentin digər Sərəncamı iləBilik Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun İcraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən,Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

/trend/


Müəllif:
Загрузка...