Şəxsi arxivimdə Türkiyədə azərbaycanlı mühacirlərin qurduğu Azərbaycan Gənclik Dərnəyinin çap etdiyi bir broşura var. “Meşhedi İbad – O olmasın – bu olsun” adlı broşura Üzeyir bəyin məşhur əsərinin oynanılması ilə bağlıdır.
Broşuranın üzərində belə qeyd də verilib: “Unutmayaq, bu gün əsir olan Azərbaycan bir Türk yurdudur”. Broşuranın arxa hissəsində əsəri səhnəyə qoyan və Məşədi İbad obrazını oynayan şəxsin adı qeyd olunub: Səttar Güldür. İç səhifələrdə isə Üzeyir bəyin həyatı və əsərləri haqqında bilgi verilib.
Səttar Güldür Türkiyənin Qars şəhərində məşhur teatr aktyoru olub. 1904-cü il iyulun 1-də Gəncədə (Qarsdakı sənəddə Külverən kəndi yazılıb) Heydər bəy və Zinnət xanımın ailəsində doğulub. Bakıda qısa müddət teatr təhsili alıb, bir müddət Azərbaycanda fəaliyyət göstərib, Cümhuriyyətin işğalından sonra Qarsa mühacirət edib.
Səttar bəy Qarsda ilk teatr qruplarını yaradan şəxslərdən olub, eyni zamanda 38 il məmur kimi fəaliyyət göstərib. Qısa zaman ərzində “Artist Səttar” adını qazanan Güldür həyat yoldaşı Gülpəri xanımla birgə Qars Türk Ocağı, Qars Xalq Evi və Qars Xalq Təhsil Mərkəzində uzun illər sənət fəaliyyəti ilə məşğul olublar.
Mustafa Kamal paşanın qarşılanması
S.Güldürün həyatındakı ən maraqlı hadisələrdən biri Mustafa Kamal paşanın Qarsda qarşılanma mərasimində iştirakıdır. 1924-cü il oktyabrın 6-da Atatürk Lətifə xanımla birgə Qarsa gəldiyi zaman onu qarşılayan heyət arasında Qarsın tanınmış sənətkarlarından Tağı Oşenyüzen və Səttar Güldür də olublar.
Səttar bəy o günləri sonralar belə xatırlayıb: “Vağzalda böyük bir tünlük və coşqu vardı. Türk Ocaqları Təmsil və Musiqi qolu olaraq paşanı “Xoş gəlişlər ola Mustafa Kamal paşa” marşıyla qarşıladıq. Azərbaycan türklərindən Mehmed Türkel bəy tərəfindən böyük öndərə ithaf edilən bu əsər daha sonra Türkiyənin hər köşəsində sevgiylə oxundu.
Eyni gün Qars Türk Ocağı şöbəsinə gələn Mustafa Kamalı bu səfər sözləri Azərbaycanın böyük şairi Əhməd Cavad bəyə, bəstəsi Üzeyir Hacıbəyliyə aid olan “Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına” mahnısıyla qarşıladıq. Axşam yeməyindən sonra Türk Ocağı Təmsil və Musiqi Qrupunu hüzuruna çağırdı. Rəhbərimiz Həmid Ersöz bəy gözləri yaşararaq etdiyi həssas çıxışının ardından Mustafa kamal fəaliyyətimizdən məmnun olduğunu və “Şeyx Şamil” oyununu izləmək istədiyini buyurdu. Dağıstanlı Adil və Mirzə bəylər Qazinin istəyi üzərinə düz 3 dəfə bu oyunu oynadılar. Qısa bir müddət sonra Mustafa Kamal paşa tərəfindən Ankaraya çağırıldıq. Karpiç səhnəsində Atamızın və məiyyətinin hüzurunda “Arşın mal alan” operettasından qısa bir bölüm və Azərbaycan folklorundan və musiqisindən nümunələr təqdim etdik”.
Türk jurnalist, musiqişünas Salih Şahin bu hadisə ilə bağlı maraqlı məqamlara toxunub: “Həmin gecə Atatürk və məiyyəti üçün ordu evində bir gecə tərtib edildi. “Xoş gəlişlər ola” türküsü gecədə yenidən oyun halında təqdim olundu. Heyətin başında Qarsda tanınmış teatr aktyoru “Artist Səttar” ləqəbli Səttar Güldürün qızı Gülçöhrə Güldür (Əsgəran) oynayırdı. Türkülü oyunun sonunda qoynundan çıxardığı Türk bayrağını Atatürkə təqdim etdi. Ulu öndər Atatürk də Gülçöhrə Əsgəranı mükafatlandırmaq istədi.
Heyətə müxtəlif hədiyyələr verilərkən Gülçöhrəyə də indiki Mərkəzi poçtun binasının qarşısında yerləşən evinin olduğu yer Atatürkdən ərməğan edildi. O gecədən sonra bu türkülü oyunun sonunda həmişə Türk bayrağının çıxarılması adətə çevrildi”.
Səttar Güldürün də daxil olduğu teatr heyəti “Məşədi İbad”ı, müxtəlif Qafqaz rəqslərini oynadıqdan sonra Mustafa Kamal paşanı bu türkü ilə vuğurlayıblar:
Sənsən mənim ayım, günüm, hilalım
Hami-səhər sənsən mənim Kamalım.
Çəkərəm nazını hər dəm nə qədər nazı-bac olsan,
Qurban ollam adına, ay-ulduz bayrağına
Səni çox-çox sevərəm qoy dolanım başına pərvanə tək
Salma məni çöllərə divanətək.
Çəkərəm nazını hər dəm nə qədər nazı-bac olsan,
Qurban ollam nazına, səsinə avazına,
Səni çox-çox sevərəm.
S.Güldürün Qarsda yaratdığı teatr heyəti peşəkar teatr aktyorları deyildilər. Jurnalist, müəllim, məmur, tacir, evdar xanım və s. məsləkdə olan şəxslər bir araya toplanaraq xalqa teatrı sevdirməyə çalışıblar. Erməni zülmünə məruz qalan Qars şəhəri yenidən aydınlıq üzü gördüyü üçün məhəlli teatrlar, səhnələr toplum üçün həm yeni idi, həm də maraqlı.
Ona görə də Səttar bəyin teatr qrupu yerli mətbuatda təriflənir, yaxın bölgələrə də səfər edilirdi.
1933-cü ildə Qarsa gələn Kemal Sahir Teatrının diqqətini çəkən Səttar bəy İstanbula dəvət olunub. Bir il İstanbulda qalan Səttar bəy Muhsin Ertuğrulun “Lüküs Hayat” operettasında rol alıb. O zamana qədər xalq arasında “Artist Səttar” kimi tanınan Səttar bəy 1934-cü il soyad qanununa əsasən sənətinə uyğun olaraq Güldür soyadını qəbul edib.
1944-cü ildə Qars Xalq Evində Səttar Güldürün rejissorluğunda, yazıçı Fuad Araslının nəzarətində Əhməd Nurinin “Himmətin oğlu” əsəri oynanılıb. Xeyriyyəçilik məqsədilə də səhnəyə çıxan heyət 1958-ci ildə vərəmlə mübarizə məqsədilə “Məşədi İbad”ı oynayıblar. 1959-cu ilin martın 4-də eyni əsər Sarıqamışda da oynanılıb.
Səttar bəyin heyətində Tağı Durmaz, Tahir Ekinci, Nadir Taşdemir, Mehmet Hüseyin Berk, Sadık Çetinkaya kimi məhəlli aktyorlar yer alıb. İlk vaxtlar qadın rollarını da kişilər oynayıblar.
İstanbula doğru
1963-cü ildə Səttar bəy təyinatı çıxdığı üçün ailəsi ilə birlikdə İstanbulun Sarıyer bölgəsinə gedib.
Burada da teatr fəaliyyətini davam etdirən Səttar bəy 1964-cü ildə Sarıyerdə ilk dəfə olaraq teatr qrupu yaradıb, Xalq Təhsil Mərkəzində fəaliyyət göstərib. 1968-ci ildə Səttar bəy “Türk səhnə sənətləri dərnəyi”nə aktyor və rejissor kimliyi ilə üzv olub.
Səttar bəy 1979-cu ildə İstanbulda vəfat edib.
Səttar Güldürün 7 qızı, 3 oğlu olub. Qızlarından Gülçöhrə Əsgəran (Gülçehre Askeran) 1955-ci ildən 1987-ci ilədək fasiləsiz 32 il Türk Qadınlar Birliyinin Qars şöbəsinin sədri kimi bir çox vəzifələr daşıyıb. Gülçöhrə xanım siyasi fəaliyyətlə yanaşı xeyriyyəçilik və idman sahəsində də öz gücünü göstərib, Qarssporun başqanı olub. 2008-ci ildə vəfat edib.
Gülçöhrə xanımın həyat yoldaşı Dr.Çingiz Əsgəran (Cengiz Askeran) Rəfibəylilərdən Cümhuriyyətin məşhur zabiti Qafar bəyin oğludur, 1925-ci ildə Qarsda doğulub. 1943-cü ildə Qars liseyindən, 1949-cu ildə İstanbul Tibb fakultəsindən məzun olub. 1948-ci ildə Gülçöhrə xanımla ailə həyatı qurub. Bu evlilikdən Handan, Nesrin adlı qızları, İlhami adında oğlu dünyaya gəlib. Çingiz bəy 28 noyabr 1996-cı ildə vəfat edib. Nesrin xanım Məhəmmədəmin Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyinin hazırki rəhbəri Cəmil Ünalla evlidir, dərnəyin qadın qolunun rəhbəridir.
Handan xanım hazırda Bursada yaşayır, “Askeran” adlı əczəxananın sahibidir. Eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəridir.
Qaynaq:
1. Aydan Gürlüyer. 1938–1960 Yılları Arasında Kars’ta Sosyo-Kültürel Hayat. Qars, 2010.
2. Gürkan Hacır: Erdoğan 'hoşgörü'yü izleseydi... (www.gazetekars.com. 16 yanvar, 2011).
3. “Hoş Gelişler Ola” türküsünün hikayesi! (karshakimiyet.com, 04 may, 2020)