Xocalı soyqırımının 29-cu ildönümüdür. Bu il biz bu faciəli tarixi bir başqa əhval-ruhiyyədə keçiririk. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Onun fikrincə, Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir:
“İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır”.
Komitə sədri Xocalı soyqırımını törədən erməni cəlladları beynəlxalq hüquqi aktları BMT-nin "Uşaq hüquqları haqqında", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyalarını pozub:
“Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktını, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı ermənilər heçə sayıb. “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsi, eləcə də digər beynəlxalq norma və prinsiplər ermənilər tərəfindən kobud surətdə pozulub. Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində 17 ölkənin parlamenti və ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Lakin bununla yanaşı hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik”.
Millət vəkili Milli Məclisin rəhbəriliyinin dəstəyi ilə bütün parlamentlərarası dostluq qruplarına Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verildiyini bildirib:
“Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun adından Xocalı soyqırımı, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti barədə müraciət unvanlanıb. Təcrübə göstərir ki, vahid informasiya sisteminin qurulması və davamlı şəkildə təbliğat-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. 2020-ci ilin iyul ayında erməni hərbi təxribatı, eləcə də Vətən müharibəsi zamanı həm cənab Prezidentin xalqa müraciət və müxtəlif aparıcı ölkələrin medialarına müsahibələr verib. Azərbaycanın uğurlu hərbi əməliyyatları, diplomatik fəaliyyəti, Ermənistan tərəfindən tərəfində dinc əhaliyə qarşı terror aktlarının törədilməsi ilə bağlı müxtəlif informasiya mənbələrində aparılan informasiya mübarizəsi buna əyani sübutdur. Bu işlərin daha da gücləndirilməsinə ehtiyac var. İnformasiya müharibəsində uduzmağa haqqımız yoxdur. Eyni zamanda, müxtəlif ölkələrdə, Avropa, Amerikada yaşayan azərbaycanlılar ölkəmizlə bağlı əsl həqiqətləri çatdırır, layihələr həyata keçirir. Ölkəmizin haqlı mövqeyini müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Hər birimiz öz səlahiyyətlərimiz daxilində fəaliyyətimizi məhz bu istiqamətdə qurmalıyıq. Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirilməlidir. Bu proseslər davamlı və ardıcıl şəkildə aparılmalıdır”.
Hicran Hüseynova bildirib ki, Ermənistan Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrinə qadağan olunmuş silahlardan atəşə tutub:
“Nəticədə onlarla insan, o cümlədən, uşaq və qadın həlak olub, yüzlərlə insan isə yaralanıb. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana öz dədə-baba torpaqlarına qayıtmaq və öz əsas hüquqlarını bərpa etmək imkanı yaradılıb”.
Professor Ermənistanın təcavüzkar siyasətinin bundan sonra da iflas uğrayacağını söyləyib:
“Bölgədə, dünyada yeni reallıqlar yaranıb. Azərbaycan güclü və diktə edən tərəfdir. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Ölkəmiz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa edib. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlanılıb. Düşmən üzərində tarixi qələbə qazanılıb. Buna baxmayaraq, xalqımız yaşadığı tarixi faciələri heç zaman unutmamalıdır. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələri, qan yaddaşımızdır. Gələcək nəsil, dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, terrorunun nümunələrini əks etdirən açıq muzeylər, abidələr yaradılacaq. Xocalıda soyqırımı hadisəsini ifadə edən xüsusi bir memorial abidə-kompleksinin yaradılması da vacibdir”.