26 Avqust 2021 13:54
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas içindədir, o biri tərəfdən Azərbaycanla münasibətləri korlamaq istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçılarla yanaşı, Rusiyanın da regional problemləri artıb: “Xankəndidə su kəsilir, rusiyalı hərbçilər su daşıyırlar, silah anbarında partlayış baş verir, alovu söndürməyə çalışırlar, mobil əlaqə kəsilir, bunun bərpası haqqında düşünmək məcburiyyətində qalırlar. İndi də rusiyalı hərbçilər tökülüşüblər Gorus-Qafan yoluna, ərazimizə düşən və azərbaycanlı sərhədçilərin bağladığı yolu açmağa çalışırlar.

Rusiyalı hərbçilər özlərini Abxaziyada, Cənubi Osetiyada, qeyri-rəsmi var olduqları Dnestr və Donbas bölgəsində daha rahat hiss edirlər, çünki ayırıcı xətlər bəllidir, toqquşmalar yox dərəcəsindədir, mövqelərini qoruyurlar. Qarabağ və Azərbaycan-Ermənistan sərhədində isə durum tam fərqlidir, Moskvanın vasitəçiliyi ilə müharibənin bitməsini şərtləndirən iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərglinliklər davam edir, faktiki münaqişənin yeni fazasına daxil olmuşuq, anti-terror əməliyyatın həyata keçiriləcəyi də istisna deyil”.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas içindədir, o biri tərəfdən Azərbaycanla münasibətləri korlamaq istəmir:

“Ancaq Moskva üçün ikisini bir arada tutmaq getdikcə çətinləşir. Azərbaycan cəmiyyəti Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıları tərksilahını tələb edir. Ermənilərin artan təxribatları bizdən bu prosesi sürətləndirməyi tələb edir.

Kreml iki yoldan birini seçməlidir: ya Ermənistanı təxribatlardan çəkindirməli, iki dövlət arasında sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşdirilməsini, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirməli və bununla bölgədə sabitliyə nail olmalı, ya da Ermənistana və onun təxribatlarına dayaq durmaqla tədricən Azərbaycanla münasibətlərin gərginləşdirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər