Müsavat partiyasının sabiq sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.
Teleqraf.com sözügedən məsələ ilə bağlı İlkin Qəmbərin anası, şərqşünas alim Aida Bağırova ilə əlaqə saxlayıb.
Anası oğlunun çəkdiyi filmi şərh eləməkdən imtina edib: “Birincisi, mən nə bu filmi, nə də sözügedən məsələləri şərh edirəm. İkincisi, bu, tarixi kontentdir, yəni tarixi mövzudur”.
Aida Bağırova "İlkin bu filmi çəkməkdən imtina edə bilərdimi" sualını da şərh etmək istəmədiyini deyib: “İstəsəniz özünə müraciət edə bilərsiniz”.
Qeyd edək ki, İlkin Qəmbər 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşımında qeyd edib: “Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”.
Onun bu paylaşımı ciddi müzakirələrə və etirazlara səbəb olub. Belə ki, İsa Qəmbər Milli Azadlıq Hərəkatının liderlərindən biri, Ali Sovetin sədri, illərlə Müsavat Partiyasının başqanı kimi hər zaman milli mücadilə verən şəxs kimi tanınıb. 1980-ci illərdə İsa Qəmbər Zori Balayanın “Ocaq” cəfəngiyyatına tutarlı cavab yazması ilə tanınıb.