Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə irəliləyiş ehtimalı var. Amma Azərbaycanın Ermənistan üzərində təsir rıçaqları qalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Stratfor” analitik mərkəzinin təhlilində deyilir.
Mərkəzin analitiklərinin fikrincə, İrəvan və Bakı sülh sazişini imzalamağa çalışacaq, amma regional nəqliyyat dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara mane olmaqda davam edəcək.
“Ermənistan Azərbaycana qarşı çıxmaq üçün Qərblə artan siyasi əlaqələrindən və sonuncunun hərbi dəstəyindən istifadə etməyə çalışacaq. Amma İrəvanın əlindəki təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, çox güman ki, Bakının Ermənistanın cənubundan (Zəngəzur) keçən yol və sərhədlərin delimitasiyası ilə bağlı tələblərini qəbul edəcək”, - mərkəz bildirir.
“Stratfor” iki ölkə arasında davam edəcək gərginliyin hansısa mərhələdə müharibəyə çevriləcəyini də iddia edir:
“İlin birinci yarısında mühüm irəliləyiş əldə olunmasa, genişmiqyaslı hərbi əməliyyatlar üçün əlverişli şəraitin yaranacağı yayda Azərbaycanın Ermənistanın cənubunda önəmli əraziləri ələ keçirməsi riski artacaq.
İrəvanın Moskvadan uzaqlaşmaq istəyi ilə bağlı artan siqnallara baxmayaraq, Rusiyanın Cənubi Qafqazda təsiri o qədər də azalmayacaq, Ermənistan KTMT-də qalacaq, ölkə iqtisadiyyatı Rusiya ilə sıx bağlı olacaq. Eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə yüksələcək. Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisi ilə həyata keçiriləcək”.
ABŞ mərkəzi Azərbaycan ərazisindən keçən İranla Rusiya arasında Şimal-Cənub dəhlizinin də reallaşacağını vurğulayır.