İlon Maskın “Tesla” şirkəti ABŞ, Kanada və Avropada “Model Y”ın yeni, daha baha qiymətə olan versiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu avtomobil şirkətin ən çox satılan modeli hesab olunur və ilk dəfə bir neçə həftə əvvəl Çində satışa buraxılıb.
Yeni uzun mənzilli və tam ötürücülü “Model Y” versiyası ABŞ-də elektrik avtomobili istehsalçısının rəsmi veb saytına əsasən, 59,990 dollara başa gəlir. Bu, 47,990 dollar qiymətində olan əvvəlki modeldən 25% bahadır.
Yeni versiya nəzarətli tam avtopilot proqram təminatı ilə təchiz olunub. Xatırladaq ki, bu funksiya əvvəlki “Model Y” avtomobillərində yox idi. Hazırda əlavə 8000 dollar ödəməklə istifadəçilər bu proqramı əldə edə bilirlər.
“Tesla” bu avtomobilin çatdırılmasına mart ayında başlayacaq.
Qeyd edək ki, bu təqdimatla “Tesla” indi ABŞ-də Model Y-nin dörd versiyasını təklif edir. Yeni avtomobil ən yüksək qiymətə malikdir və hətta idman üslublu “performans” versiyasından da bahadır.
Şirkətdən verilən açıqlamaya görə, yeni versiya yenilənmiş eksteryer, təkmilləşdirilmiş daxili xüsusiyyətlər və 320 mil (515 km) məsafəyə qədər artırılmış yürüş ilə təchiz edilib.
“Tesla” “Model Y”ı ilk dəfə 2020-ci ildə satışa çıxarıb və bu avtomobil 2023-cü ildə dünyanın ən çox satılan avtomobili olub. Lakin köhnələn model ötən il satış dinamizmini itirib. Buna Çindəki rəqiblər tərəfindən yaradılan rəqabət və digər bazarlarda elektrik avtomobillərinə olan tələbatın zəifləməsi səbəb olub.