Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənahəli xan Şuşanı özünə paytaxt edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.
Şuşa XVIII əsrin ikinci yarısında Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuşdur. Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdır. Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdir. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdur.
Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdir. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılırdı. Gündən-günə abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdılar. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran edir, onları vəcdə gətirirdi.
XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşudbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar ovaxtkı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı. Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi.
Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.
Şuşanı kurort şəhərinə çevirmək ideyası da o illərə təsadüf edir. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən bu mənzərəli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı Turşsu deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Ürək-damar sisteminin, mədə və bağırsaqların fəaliyyətini tənzim edən bu suyun müxtəlif növlərindən istifadə olunmaq məqsədi ilə həmin yerdə müalicə otaqlarından, su vannalarından ibarət hamam da tikilmişdi. Şuşa sovet dövründə də ümumittifaq kurortu kimi tanınırdı. Şuşada bu cür müalicəvi suyun olduğunu eşidənlər yay aylarında buraya gələrək müalicə olunurdular.
XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan buraya gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: 42 ipək parça istehsal edən müəssisə, 28 pambıq parça toxuyan karxana, 20 gön-dəri zavodu, 1 kərpic və 1 sabun zavodu, 3 boyaqxana sexi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı.
1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalında qeyd edilir ki, Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olaraq Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdılar. Bundan əlavə, “Qafqaz” qəzetinin icmalçısı 1868-ci il 24 may tarixli şərhində göstərirdi: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-a, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov “Kavkazski sbornik” kitabında yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 insanın 24 min 522 nəfəri Şuşanın payına düşür”.
1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə ("Andlı öhdəlik") görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək əvəzində eyni adlı əyalət yaradıldı. 1840-cı il islahatı ilə "Qarabağ əyaləti"nin yerində yaradılan və Kaspi ( Xəzər) vilayətinə daxil edilən "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etdi. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya Komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil oldu.
Sovet hakimiyyəti illərində Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan “Stepanakert”ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndidən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndidəki erməni evlərinin əhatəsinə salınmışdı.
Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, erməni iddiaları hər zaman iflasa uğramışdı. Bu dövrdə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl - 1967-ci ildə ilk dəfə Şuşada olmuşdu. O vaxt Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.
1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda, Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxır və Azərbaycanın milli maraqlarını hər zaman uca tuturdu.
1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdir. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuşdur. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdır. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş miqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat vəsait xərclənmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salındı.
1979-cu il yanvarın 12-də “Ağdam-Xankəndi” dəmiryolu çəkildi və Ümummilli Liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri Molla Pənah Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.
Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya Evini açaraq Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də səsləndirdi. Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi.
1987-ci il oktyabrın 21-də ümummilli lider Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə verdiyi müsahibədə DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.
XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əsgəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşın karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın sonu, noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.
Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə ki, bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Şuşanın Xankəndidən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsildi, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olundu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qaldı. Eyni zamanda, Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-də axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.
Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycanın ərazisində növbəti cinayət törədərək yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Nəticədə 289 kvadratkilometr ərazisi, 24 min əhalisi, 1 şəhər və 30 kəndi olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.
Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri indi Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirib. Dövlətimizin başçısı işğal edilmiş bütün Azərbaycan torpaqlarının geri qaytarılmasının və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə dönmələrinin münaqişənin həllində əsas şərt olduğunu bildirib. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulayıb. Prezident İlham Əliyev bəyan edib ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti