Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin üzvləri ilə görüşüb.
AVCİYA Seçki Qərargahından Teleqraf.com-a verilən məlumata görə, M. Zülfüqarlı assosiasiyanın parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə qonaqlara qısa məlumat verib. O qeyd edib ki, AVCİYA seçkilərlələ bağlı “Aralıq Hesabat”, “ Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Etiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair analitik təhlil” və digər sənədləri hazırlayaraq ictimaiyyətə təqdim edib. M. Zülfüqarlı həmçinin qeyd edib ki, seçici fəallığını artırmaq məqsədi ilə Seçki Qərargahı regionlarda sentyabrın 12-dən treniqlərə start verib.
AŞPA-nın nümayəndə heyəti rəhbəri Azərbaycanda insan haqlarının vəziyyəti və seçki mühiti ilə bağlı sualla Seçki Qərargahının rəhbərinə müraciət edib. M. Zülfüqarlı bildirib ki, “ölkədə mövcud olan stabillik, ictimai-siyasi mühit normal seçkilərin keçirilməsinə imkan verir. Beynəlxalq müşahidəçilərin, o cümlədən AŞPA müşahidəçilərinin seçilərin monitorinqində iştirakı seçkiləri daha şəfaf və ədalətli keçirilməsinə kömək edə bilər”.
Görüşün sonunda AŞPA seçkiqabağı missiyasının rəhbəri qeyd edib ki, məruzəçilər təyin olunmuş ölkələrdə seçkilərin də müşahidəsi təşkil edilməlidir. Azərbaycan da həmin ölkələr sırasındadır.
Görüşdə insan haqları və seçkiərlə məşğul olan bir sıra yerli QHT rəhbərləri də iştirak ediblər.
BƏXTİYAR