Ötən gün “El” Hərəkatının Məclis sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev müxalifətin böhrana düşməsi və son 20 ildə bir araya gələ bilməməsinin əsas səbəbi kimi aparıcı müxalifət partiyalarını göstərib.
Quliyev bəyan edib ki, məhz müxalifətdə olan aparıcı partiyalar bu düşərgədə birliyin əldə edilməsinə əsas əngəldir. Müxalifətdə aparıcı partiyaların AXCP və Müsavat olduğunu nəzərə alsaq, Quliyevin kimləri nəzərdə tutduğunu müəyyən etmək elə də çətinlik yaratmaz.
Eldəniz Quliyevin bu ittihamlarına cavab verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, “El” Hərəkatının Məclis sədri müxtəlif vaxtlarda bir-birinə zidd olan fikirlər söyləməklə məşhurdur:
“Odur ki, bu adam müxalifətin birliyinə hansısa müxalifət partiyalarının maneə yaratdığını deməsi mənim üçün qaranlıqdır. Mən bilmirəm ki, bu şəxs hansı partiyaları nəzərdə tutur. Əgər Eldəniz Quliyev və digərləri Azərbaycanda birliyin baş tutmamasında Müsavatı və ya AXCP-ni günahkar bilirsə, bu doğru mövqe deyil. Bu partiyalar Azərbaycanın mənafeyinə uyğun olaraq hərəkət edən partiyalardır. Birliklərin yaranması və parçalanması həmişə bu partiyalar arasında baş verməyib. Bu daha çox situasiya və yerli şəraitdən asılı olub. Odur ki, bu haqda fikir söyləyənlər reallığa və faktlara əsaslansalar, daha ağıllı olar”.
Gülağa Aslanlı deyib ki, Eldəniz Quliyev şəxsən ona deyib ki, Müsavat partiyasına simpatiyası var: “Bir müddət əvvəl “El” Hərəkatı ilə Müsavat Partiyasının arasında müttəfiqlik sazişi ilə bağlı görüşü olmuşdu. Həmin görüşə Eldəniz Quliyevin Müsavat Partiyasına nə qədər böyük hörməti olduğunu şəxsən onun dilindən eşitmişdim. İndi bilmirəm ki, niyə Müsavatın əleyhinə danışır. İndiki şəraitdə onu buna nəyin vadar etdiyini də dəqiq bilmirəm. Amma Eldəniz Quliyevin Müsavata simpatiyasının olduğunu şəxsən özü deyib. İndi isə onun dediklərini sizdən eşidirəm. Əgər özündən eşitsəm, fikrimi üzünə deyəcəyəm”.
Müsavat funksioneri əlavə edib ki, kiminsə fikirlərini oxumayanda ona rəy bildirməkdə bir qədər ehtiyat edir. Onun sözlərinə görə, kiminsə fikrini konteksdən çıxarıb söyləyəndə həmin adamı düşmən də, dost da etmək olar: “Mən Eldəniz Quliyevi Müsavata düşmən görmürəm”.
İsa Qəmbərin müavini Müsavat Partiyasının yay mövsümündə məzuniyyətə çıxması məsələsinə də aydınlıq gətirib:
“Partiya olaraq bütün strukturların eyni zamanda məzuniyyətə çıxması məsələsi mümkün deyil. Sadəcə olaraq bizdə ilboyu Divan və digər strukturlar fəaliyyət göstərir. Amma partiya rəhbərliyində təmsil olunan şəxslər müalicə və ya istirahətlə bağlı 10-15 günlük istirahətə çıxa bilərlər. Amma bizdə hamının eyni zamanda məzuniyyətə getməsi anlayışı yoxdur. Məzuniyyətə gedən Divan üzvləri, müavinlər və digər şəxslər bu haqda partiya rəhbərliyinə öncədən məlumat verirlər”.
Cavidan