“Türkmənistan Rusiyanı özünün strateji partnyoru hesab edir. Amma bizim ölkə Avrasiya İttifaqına girməkdə maraqlı deyil”.
Bu sözləri Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini şərh edərkən deyib.
O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Bedriməhəmmədov rəsmi Aşqabadın xarici ölkələrdəki səfirlərlə görüşündə Avrasiya İttifaqı ilə bağlı məsələlərdən söz açıb. Səfirin sözlərinə görə Türkmənistan dövlət başçısı Rusiyanı strateji partnyor hesab edir. “Prezident bizimlə keçirdiyi müşavirədə Rusiya ilə əməkdaşlığın strateji xarakter daşıdığını bəyan etdi. Bu gün siyasi planda Türkmənistan və Rusiya BMT-də bir-birini dəstəkləyir. Avrasiya İttifaqı məsələsində isə Türkmənistan bitərəf xarici siyasətinə uyğun hərəkət edəcək. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Lakin Avrasiya İttifaqına üzvlük bizim gündəliyimizə daxil deyil”,-deyə türkmən səfir bildirib.
Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Bəzi siyasi şərhçilərin “Yeni SSRİ” kimi xarakterizə etdiyi Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir.
/modern.az/