Qlobal iqlim dəyişikliyinə qarşı fəaliyyət göstərən “Just Stop Oil” qrupunun üzvləri Londondakı Vestminster Abbatlığında məşhur təbiətşünas Çarlz Darvinin məzarını boyadıqları üçün həbs olunublar.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Alison Li və Di Blay adlı iki qadın fəal Darvinin ağ mərmərdən olan məzar daşının üzərinə narıncı rəngli boya ilə “1,5 is dead!” (“1,5 ölüb!”) sözlərini yazıblar. Bu ifadə, 2024-cü ildə qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C həddini keçməsinə işarə edir.
Fəallar bu hərəkətləri ilə iqlim dəyişikliyinə diqqət çəkib və hökuməti təcili tədbirlər görməyə çağırıblar.
London polisi iqlim fəallarını saxlayıb.
“Just Stop Oil” qrupu qlobal iqlim probleminə qarşı kəskin etiraz aksiyaları ilə fərqlənirlər. Daha öncə onlar ABŞ səfirliyinin binasını və Van Qoqun rəsmlərini boyamışdılar.