31 Mart Azərbaycan xalqına qarşı törədilmiş soyqırım tarixinin ən qanlı səhifələrindən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırım hadisəsindən 106 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Bu qanlı hadisəni xatırlamaq və erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etməkdə fayda var. Həmin dövrdə ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədib. Ermənilərin fasilələrlə, düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirib. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılıb.
Bunu Teleqraf.com-a 1918-ci il 31 Mart soyqırımı ilə bağlı tarixi həqiqətləri şərh edən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Martın 30-dan Aprelin 2-ə qədər Bakıda davam etmiş və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalıb: “Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yayırdılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi”.
Millət vəkili həmin vaxt Şamaxıda törədilmiş kütləvi qırğınlara xüsusilə diqqət çəkib: “Hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri davam etdirildiyinə görə erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıb. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub”.
Deputat əlavə edib ki, Mart soyqırımına siyasi qiymət ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib: “1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti var. eyni zamanda 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Məhz bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına başlanılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında, Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirib ki, “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin 106 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 28-də Sərəncam imzalayıb. Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabr ayında həyata keçirdiyi antiterror əməliyyatında qazandığı şanlı zəfərlə tarixi ədaləti bərpa etdi: “Bu tarixi qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.
Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır”.