Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə başçısı bu müsahibələrdə hər zaman Azərbaycanın dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırır. Ötən ay Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə COP29 beynəlxalq tədbirinə hazırlıq işləri, eləcə də, Azərbaycanın təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çox mühüm tarixi uğurlar qazanıb: “Bu uğurlar ölkəmizi bütün dünyaya tanıdıb. Eyni zamanda bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə ev sahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübə toplayıb. Qeyd etmək lazımdır ki, COP29-un Bakıda keçirilməsi qərarı ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyini ifadə edir. Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Bu baxımdan cənab Prezident “Euronews” telekanalına müsahibəsində COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını xüsusilə qeyd edib”.
Deputat bildirib ki, cənab Prezidentin müsahibədə vurğuladığı mühüm məqamlardan biri də, Azərbaycanın irəli sürdüyü təşəbbüslə əlaqədar idi: “Ölkə başçısı qeyd edib ki, “COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”. Bu təşəbbüs müxtəlif regionlarda yerləşən ölkələrin təcrübəsindən birgə istifadə etmək və daha uğurlu nəticələr əldə etmək baxımından olduqca önəmlidir”.
Millət vəkili hesab edir ki, COP29 beynəlxalq tədbirində uğurlu nəticələrin əldə olunacağına heç bir şübhə yoxdur: “Ölkəmizin sahibi olduğu geniş təcrübə və təşəbbüskarlıq bunu deməyə əsas verir. Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il müddətində körpü rolunu oynamaqda böyük təcrübə qazanıbr. Bu bir reallıqdır ki, ötən illər ərzində ölkəmiz həqiqətən də, 120 ölkə arasında körpü rolunu oynamaqla, ciddi tərəqqiyə nail olub”.
Tamam Cəfərova ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasətin önəmindən bəhs edib: “Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq”.