28 May 07:36
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açıldı: “1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Parlamentinin 2-ci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ümummilli Lİder Heydər Əliyevin sözləri ilə desək: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi". Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi. Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb bir şəraitdə qazanmışdı. Ölkədə təcrübəsiz adamların hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən də, Ermənistan tərəfindən torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Məhz belə bir anda - 1993-cü ildə, çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanıldı. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu. Və bu gün ölkə başçısı İlham Əliyev tərəfindən bu prinsipləri əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayır.

Deputat bildirib ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir: “Cənab Prezidentin yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq. Onun həyata keçirdiyi uğurlu dövlət idarəçiliyi, sosial, iqtisadi, siyasi və kadr sahələrində aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə başçısı tərəfindən daha da gücləndirilən davamlı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir”.

Komitə sədri vurğulayıb ki, xalqımızın müstəqillik tarixində və qəhrəmanlıq salnaməsində yeni bir dönəm başlayıb: “Hər bir hadisə özü-özlüyündə fərqlidir, yenidir. Bunun da əsas səbəbi 30 illik həsrətdən sonra Qarabağa qovuşmağımız, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizdir. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdı. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra sanki, xalqımızın özünə inam hissi daha artdı. Məşhur bir şeir də deyildiyi kimi, “haqqım var, öyünüm Azərbaycan deyəndə” - bəli, bu haqqı bizə ölkəmizin başçısı, diplomat, sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. 20 il boyunca hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan diplomatiya Azərbaycanı strateji cəhətdən önəmli, nüfuzlu dövlətə çevirdi. Ölkədə aparılan nəhəng quruculuq işləri, əldə edilmiş mühüm siyasi və iqtisadi nailiyyətlər ictimai həyatın bütün sahələrində tərəqqinin bariz göstəricisidir. Azərbaycanın çoxlu sayda siyasi, mədəni, elmi və digər səpkili beynəlxalq tədbirlərə, forumlara, mötəbər musiqi və idman yarışmalarına ev sahibliyi etməsi qabaqcıl dünya dövlətlərinin sırasında qüdrətini hər zaman nümayiş etdirmişdir”.

Hicran Hüseynova söyləyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü hər bir təşəbbüsün Azərbaycan vətəndaşları tərəfindən alqışlanır, qarşıya qoyulan vəzifələri daha fəal, şövqlə həyata keçirməyə ruhlandırır: “Nəticə isə mükəmməl oldu, Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaq. Cənab Prezidentin də dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”. 106 il əvvəl öz müstəqilliyini elan edən Azərbaycan 23 ay fəaliyyət göstərdi. O zaman Azərbaycan müstəqillik yollarında kövrək addımlar atırdı və güclü siyasi dalğalar, yaranmış vəziyyət onu öz məqsədlərinə çatmağa imkan vermədi. Bu gün isə Azərbaycan möhkəm təməllər üzərində qurulur, inkişaf edir, onun siyasi, iqtisadi, hərbi gücü, nüfuzu durmadan artır, o təkcə Cənubi Qafqazın lideri deyil, həm də dünyanın qabaqcıl ölkəsidir. Bir daha Respublika Günü münasibəti ilə xalqımızı təbrik edirəm, inkişaf edən, çiçəklənən, güclü Azərbaycan naminə bir olaq, uğur, yüksəliş, sülh, əminamanlıq başımızın üzərindən əksik olmasın”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər