2 Noyabr 17:32
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Sözsüz ki, bünya birliyinin Azərbaycana, onun Liderinə olan inam və etimadının bariz nümunəsidir. Ölkəmiz böyük mahiyyət kəsb edən tədbirlərin təşkilatçısı və ev sahibi kimi qlobal miqyasda yüksək nüfuza malikdir. Mövcud olan inkişaf, ictimai-siyasi sabitlik, uğurlu siyasətin mahiyyəti Azərbaycanın bu gün yüksək səviyyədə etimad edilən, hörmət göstərilən bir ölkəyə çevrilməsinə zəmin yaradıb.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, məhz bu kontekstdə də COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi növbəti dəfə ökəmizin dünyanın diqqət mərkəzində olmasıdır: “Sözsüz ki, bu Azərbaycana göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Dünya miqyasında ölkəmiz çox güclü mövqelərə sahib olub. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Aparılan müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa olan bağlılıq, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi bu mənada mühüm önəm kəsb edir. Təbii ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Bu ölkəmizə olan yekdil mövqenin bir daha özünü göstərməsi demək idi. Ötən il məhz 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazisində həyata keçirdiyi antiterror tədbirlərindən sonra belə bir mötəbər qərarın verilməsi ölkəmizə onun həyata keçirdiyi siyasətə olan birmənalı münasibətin təzahürü oldu. Sözsüz ki, hər zaman olduğu kimi antiterror tədbirlərindən sonra da bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürdü. Təbii ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini təmin edib. Azərbaycan eyni zamanda bütün humanitar normalara riayət edərək öz suvenliyini bərpa etməyə nail olub”.

Millət vəkili bu gün bır sıra “X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktlarının olmasına diqqət çəkib:

“Bu faktlarla bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyi birgə açıqlama yayıb. Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir. Beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd edilir. Bu cür saxta məlumatlar əsasında təşkil olunmuş fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdan ibarətdir. Sözsüz ki, hər zaman ölkəmizdə keçirilən mühüm tədbirlər öncəsi bu kimi qarayaxma və anti-təbliğat rüporları işlə salınır. Erməni lobbisinin, anti-Azərbaycan mərkəzlərinin bu cür gözdənsalma, qaralama kampaniyası əhəmiyyətsizdir. Azərbaycanın COP29 tədbirlərini də ən yüksək səviyyədə keçirəcəyinə heç bir şübhə yoxdur”.

Sevinc Hüseynova hesab edir ki, COP29 beynəlxalq konfransı Azərbaycanda yüksək səviyyədə keçiriləcək: “Bu növbəti dəfə ölkəmizin, xalqımızın böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Bütün dünya görəcək ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir. Ölkəmizin qlobal ekoloji təhdidlərə qarşı olan birmənalı mövqeyinin açıq ifadəsi məhz COP29 beynəlxalq tədbirlərində bir daha dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər