6 Dekabr 19:50
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehi Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- İraqda olan türkmənlərin həyatı hər zaman diqqət mərkəzində olub. Hazırda Kərkükdə ümumi vəziyyət necədir?

- İraq türkmənləri Kərkük bələdiyyələri və parlamentində təmsil olunurlar. Mən də Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədriyəm. Daha yaxşı yerlərdə olmaq istəyərdik. Əfsus ki, hökumətdə yetərincə təmsil olunmuruq və onların fəaliyyətlərindən razı deyilik. Çünki hökumət məzhəbyönümlü fəaliyyət göstərir. Bizim üçün önəmli olan millət anlayışıdır. Məzhəb mənimlə Allah arasındadır. Dini siyasətlə eyni arada tutmaq düzgün deyil. Sözügedən addıma son qoyulmasını tələb edirik. Buna görə, türkmənlər Nazirlər Kabinetindən uzaq düşüblər. Çətinliklərə rəğmən, millətimizi bacardığımız qədər təmsil edirik və gələcəklərini qorumağa davam edəcəyik.

- Hökumətin məzhəbyönümlü siyasət apardığını vurğuladınız və buna son qoyulmağı tələb etdiyinizi bildirdiniz. Qarşı tərəf tələblərinizi necə qarşılayır?

- Hökumət daxilindəki siyasi qüvvələr türkmənləri məzhəblərə bölmək istəyirlər. Ərəblərə bəslənən münasibətin eynisini tələb edirik. Təsəvvür edin, bizə deyirlər ki, vəzifəyə təyin etdiyiniz şəxs filan məzhəbə aid olsun. Kimin idarəetmə bacarığı varsa, həmin insan öndə olmalıdır. Hədəflərimizə yaxın olan şəxsi seçməliyik. Hökumət nə qədər ki səhv siyasət aparacaq, İraq ciddi zərbələr alacaq və parçalanacaq.

- Kərkük ətrafında, həmçinin İraq ərazisindəki türkmənlərin sayı nə qədərdir və hansı məzhəbin daşıyıcılarıdır?

- Öncəliklə, onu vurğulamaq istəyirəm ki, türkmənlər sadəcə Kərkük ətrafında yaşamırlar. Mosul və Təlafərdə 400 min civarında soydaşımız məskunlaşmışdı. 2014-cü ildə İŞİD həmin əraziləri işğal edəndə onlar da torpaqlarından didərgin düşdülər. Bir hissəsi Cənubi İraqa, digəri də Türkiyəyə sığındılar. Lakin bu, olduqca təhlükəlidir. Çünki torpaqlarımızı ərəblər zəbt edə bilərlər. Bir sözlə, coğrafiyamız dağınıqdır. Kərkük demoqrafik dəyişikliklərə məruz qalıb. Səddam Hüseyndən əvvəl ərəbləşdirmə, daha sonra kürdləşdirmə siyasəti aparılıb. Say məsələsinə gəldikdə, 1957-ci ilin rəqəmlərinə istinad etsək, soydaşlarımız 500 min nəfər idi. Ancaq bu rəqəm indi təxminən 2.5-3 milyon civarındadır. Lakin maraqlı olan bir məsələ var. Sən hökumət daxilində ciddi şəkildə təmsil olunmursansa, onda nə qədər olmağının əhəmiyyəti yoxdur. Məzhəb məsələsinə toxunduqda isə aramızda digər dinlərdən da insanlar var. Bundan başqa, şiələr və sünnilərlə də birlikdə, problem olmadan yaşayırıq.

- Bir müddət türkmənlərin muxtariyyət məsələsi gündəmdə idi. Ötən il Türkməneli Respublikasının yaradılması haqda çağırış etmişdiniz. İndi necə, bu yöndəki tələblərinizin gedişatı nə yerdədir?

- Hər millətin coğrafiyası və torpağı var. Əgər torpağınız yoxdursa, sizin mövcudluğunuz sual altına düşər. Biz geniş əraziləri əhatə edirik. İraq, Suriya və s. Ancaq niyyətimiz Suriya və ya başqa ölkəni parçalamaq deyil. Əks halda terrorçular daha da güclənə bilərlər. Dediyiniz məsələdə sadəcə biz xəritə üzərində öz coğrafiyamızı işarə etmişik. Təəssüf bəziləri bunu fərqli yöndə şərh ediblər və düzgün başa düşülməyib.

- Suriyanın adını qeyd etdiniz və hazırda adıçəkilən ölkədə müxalifətlə hökumət qüvvələri arasında ölüm-dirim mübarizəsi gedir. Orada yaşayan türkmənlərlə koordinasiyanı necə tənzimləyirsiniz?

- Biz Suriyanın daxili işlərinə qarışmırıq. Sadəcə qardaşlarımıza tapşırmışıq ki, öz torpaqlarınızı qoruyun. Başqalarının terror əməllərindən uzaq olun.

- Sözügedən münaqişə onların fəaliyyətinə necə təsir edir?

- Suriya türkmənləri coğrafiyalarını qorumağı bacarsalar, o zaman həmin ölkə bütöv qalacaq. Türkmənlər həmin ərazilərdə mütləq yaşamalıdırlar. Bayaq da qeyd etdiyim kimi, bu olmayacağı halda, ərazilər parçalanacaq.

- Bəs Suriyadakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Suriyadakı vəziyyət bir az təhlükəlidir. Müxalifət nəzarəti ələ keçirəcəksə, ölkənin gələcəyi də sual altında qalacaq. Bu barədə ciddi narahatlıqlar mövcuddur. Türkmənlərin də vəziyyətlərini yaxından izləyirik. İstəyirik ki, soydaşlarımız gələcəkdə Suriyanın hökumətində təmsil olunsunlar.

- Kürd amilinə münasibətiniz nədir? Söhbət PKK və YPG kimi terror qruplaşdırmalarından gedir...

- Onlar kürdlərin haqqını tələb etmirlər. Terrora dəstək verirlər. YPG, PKK kimi quruplaşmalar terrorun fəaliyyətinə xidmət edir.

- Türkmənlərin ümumi vəziyyətindən bəhs edək. Problemləri və ehtiyacları nədən ibarətdir?

- Ümumilikdə, türkmənlərin bir neçə əsas problemi var. Bunlar əhali, ərazi, ən vacibi isə iqtisadiyyatdır. Pul olduqdan sonra yaxşı silahlar alır və torpaqlarını qorumağı bacarırsan. Bundan sonra isə insan sayı artır. Bütün məqamlar bir-birinə bağlı olan məsələlərdir.

- Bəs iqtisadiyyatı gücləndirmək üçün nələr edirsiniz?

- Ortaq ticarətin aparılması şərtdir. Azərbaycan, Türkiyə, ümumilikdə isə Türk Dövlətləri Taşkilatı (TDT) ilə əlaqələr daha da genişləndirilməlidir. Bu, bizim imkanlarımızı daha da artırar.

- Yeri gəlmişkən, TDT hökumətləri ilə əlaqələriniz nə yerdədir və onların sizə hər hansı dəstəyi olur?

- Hazırda Azərbaycan və Türkiyə istisna olmaqla digərləri bizə yardım etməyib. Türkiyə mədəni fəaliyyətimizə ciddi dəstək verir. Bundan başqa, bu yaxınlarda cənab İlham Əliyevin bizə böyük hədiyyəsi oldu. Kərkükdə Füzuli məktəbinin açılışı baş tutdu. Prezidentə, Xarici İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk. Bizim gözümüz yoldadır. Qız qalası kimi Kərkük qalası da var. Qalamızın üzərində məscid olub. Səddam Hüseynin dövründə isə dağıdıldı. İlham Əliyevdən də xahişim odur ki, adı Füzuli olan məscidi təmir etdirsin.

- Azərbaycanla əlaqələrinizi necə dəyərləndirirsiniz?

- Biz can Azərbaycanla İraq arasında ciddi əlaqələrin qurulmasının tərəfdarıyıq. Mədəni fəaliyyətin güclənməsini istəyirik. Hazırda İraqda çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Xüsusilə, İraqın Mərkəzi Bankını Azərbaycan şirkəti inşa edir. Bu da bizim üçün önəmlidir. Azərbaycan dünyada söz sahibinə çevrilən dövlətlərdəndir. İstəyirik ki, biz də ölkənizlə ciddi əlaqələr yaradaq. Bu, bizim üçün də faydalıdır.

- Dünən Bakıda Qərbi Azərbaycanlılarla bağlı keçirilən tədbirdə beynəlxalq hüququn işləmədiyini qeyd etdiniz. Bildirdiniz ki, Qərbi Azərbaycan və türkmənlərin həqiqətlərini dünyana çatdırmaq üçün Türk dövlətləri bir əl, bir hədəf olmalıdır. Bu məsələdə TDT hansı addımları ata bilər?

- TDT müstəqil dövlətlərdən ibarətdir. Biz isə müstəqil deyilik. Onlardan tələbimiz təşkilatın sammitinə müşahidəçi olaraq qatılmaqdır.

- Bu yöndə rəsmi müraciətiniz olub?

- İndiyə qədər olmayıb. Prezident İlham Əliyevdən bunu gözləyirik. Bir dəfə İraqdakı, daha sonra Suriyadakı və ya Uyğur türklərinin dəvət olunmasının tərəfdarıyıq. Təki biz də hiss edək ki, həmin təşkilatın bir parçasıyıq.

Foto: Elnur Muxtar


Müəllif: Qurban Yaquboğlu, Məlik Məlikov

Oxşar xəbərlər