7 Dekabr 16:29
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman-zaman həm Paşinyan, həm də komanda üzvlərindən müxtəlif rəqəmlər səsləndirməklə sülh müqaviləsinin imzalanmasına yaxın olunduğu ilə bağlı sözlər eşidirik. Sülh danışıqları ilə bağlı proses bir xeyli irəliləyib. Həmçinin sona çox yaxınıq deyə bilərik. Amma nəzərə almaq lazımdır ki, sona çatmaq üçün bir neçə məsələ həll olunmalıdır ki, Ermənistan məhz olardan yayınmağa çalışır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı çox sadə bir formulu var:

"Azərbaycan Ermənistana təklif edir ki, bu, yalnız iki ölkə hakimiyyətləri arasında deyil, o cümlədən iki ölkə cəmiyyətlərinin əhvali-ruhiyyəsini əks etdirən bir müqavilə olmalıdır. Elə bir müqavilə olmalıdır ki, hansısa bir gərginliyə, problemlərə əsas yaratmasın və gələcəyə də hansısa bir sual doğuracaq məqamlar qalmasın. Məhz bunun üçün Azərbaycan vaxtilə beş baza prinsipindən ibarət təklifləri önə sürmüşdü və o təkliflərdən biri də ərazi bütövlüyünü qəbul etmək, qarşılıqlı şəkildə ərazi iddialarından imtina etmək və gələcəkdə hansısa ərazi iddialarla çıxış etməmək idi".

Onun sözlərinə görə, hazırkı Ermənistan Konstitusiyası və Ermənistan qanunvericilik aktlarında Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları yer aldığını və bunun açıq şəkildə ifadə olunduğunu görməkdəyik:

"Azərbaycan məhz bu qanunvericilik, hüquqi sənədlərdə dəyişikliklərin edilməsini irəli sürüb. Xüsusilə Konstitusiyada İstiqlaliyyət Bəyannaməsinə istinad məsələsinin dəyişdirilməsini tələb edir. Ermənistan bundan bir formada müxtəlif variantlarla yayınmağa çalışır ki, bu da prosesi əngəlləyən əsas amillərdən biridir".

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistana vaxtilə Qarabağ məsələsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edilməsini də təklif edir:

"Ermənistan buna da getmək istəmir. Ermənistan hesab edir ki, sülh müqaviləsi bağlanandan sonra bu mümkün ola bilər. Minsk qrupunun qalması o deməkdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edir. Digər bir məsələ Ermənistanın şərti sərhədlərdə yerləşmiş və müddəti gələn ilin fevralında bitəcək Avropa İttifaqının mülki adlandırılan, əslində isə kəşfiyyatçılardan ibarət missiyasının bölgədən çıxarılmasını təmin etməsidir. Bu missiya iki ildən artıqdır ki, bölgədə fəaliyyət göstərməkdədir və onların fəaliyyəti əslində bölgədə sabitliyə yox, gərginliyə rəvac verən bir amildir. Nəzərə alsaq ki, bu missiya fəaliyyətə başladığı gündən sərhədlərdə təxribatla məşğuldur və binokl diplomatiyası həyata keçirirlər".

Oqtay Qasımovun qənaətinə görə, həll olunmamış sözügedən məsələlər həllini tapmayana qədər sülh müqaviləsinin imzalanması mümkün deyil: "Xüsusilə də Ermənistandakı indiki vəziyyətdə, Ermənistan hakimiyyətinin əhval ruhiyyəsinə və onun davranışlarına diqqət etdikdə, bu ilin sonuna qədər qalan çox qısa müddətdə hansısa bir sənədin imzalanması real görünmür".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər