Yaxın Şərq regionu getdikcə sarsılır, indiki böhran fonunda KTMT öz potensialını artırmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Onun sözlərinə görə, təşkilat öz məsuliyyət sahəsində mövcud və mümkün çağırışlarla üzləşməyə hazır olmalıdır:
“KTMT-nin işi regional və qlobal vəziyyətin deqradasiyası, eləcə də beynəlxalq münasibətlərdə mövcud böhran fonunda davam edir. Əsas aktorlar beynəlxalq hüququn ümumbəşəri normalarından səmərəli şəkildə imtina ediblər ki, bu da təhlükəsizlik səviyyəsinin aşağı düşməsi və problemlərin həllində güc üsullarından istifadənin artmasına səbəb olub. Bunların həlli perspektivləri qeyri-müəyyən olaraq qalır”.
Vasilyev vurğulayıb ki, KTMT Avrasiyada yeni təhlükəsizlik sisteminin əsas elementlərindən birinə çevrilməlidir: “Məhz bu əsasda Rusiya Prezidenti Vladimir Putin Avrasiyada mövcud regional strukturlar əsasında təhlükəsizlik arxitekturasının yaradılması ideyasını irəli sürüb”.
Xatırladaq ki, KTMT-yə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya və Ermənistan daxildir.