Sabah bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti başa çatır.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. 23 siyasi partiyanı təmsil edən namizədlərin ümumi sayı 8 min 429 nəfərdir. Həmçinin 25 min 685 müşahidəçi də akkreditasiyadan keçib. Yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat kampaniyası yanvarın 28-i saat 08:00-da başa çatacaq.