Qlobal ümumi daxili məhsul (ÜDM) maliyyə sistemindəki parçalanma səbəbindən 5,7 trilyon dollar itirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu (WEF) tərəfindən Davosda keçirilən 55-ci iclas çərçivəsində qlobal maliyyə sistemindəki parçalanmaya dair təqdim edilən yeni hesabatda qeyd edilib.
Hesabatda artan geoiqtisadi parçalanmanın mühüm risklər yaratdığı vurğulanıb.
Ölkələrin tətbiq etdiyi məhdudlaşdırıcı ticarət siyasətləri kimi dövlətçilik siyasətlərindən irəli gələn parçalanmanın ticarətin və sərhədlərarası kapital axınlarının azalmasına, eləcə də iqtisadi məhsuldarlıq itkisinə səbəb olduğu üçün qlobal iqtisadiyyata 0,6 trilyon ABŞ dollarından 5,7 trilyon dollara qədər zərər vura biləcəyi təxmin edilir. Sözügedən 5,7 trilyon dollar ÜDM-in 5 faizinə bərabərdir.
Məlumata görə, artan geoiqtisadi parçalanmanın iqtisadi təsirinin 2008-ci il maliyyə böhranının və ya COVID-19 pandemiyasının yaratdığı problemlərdən daha böyük ola biləcəyi ehtimal edilir.
Ölkələrin öz geosiyasi hədəflərinə çatmaq üçün sanksiyalar və subsidiyalar kimi müxtəlif proteksionist siyasətlər vasitəsilə maliyyə sistemindən istifadə etməsi qlobal iqtisadiyyatda əməkdaşlıq və dayanıqlı inkişaf üçün ciddi təhlükə yaradır.
Hesabatda 2017-ci ildən bu yana bütün dünyada sanksiyaların 370% artdığı qeyd edilib.