Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev yanvarın 23-də Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, veb-kameraların quraşdırılması istiqamətində reallaşdırılan son hazırlıq işləri ilə tanış olublar.
Teleqraf.com xəbər verir ki, bələdiyyə seçkilərində veb-kameraların tətbiqini birgə layihə çərçivəsində və sıx əməkdaşlıq şəraitində gerçəkləşdirən qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi ilə bağlı atılan yekun addımlar barədə məlumat verilib. Sözügedən fəaliyyəti həyata keçirən mütəxəssislərlə söhbət zamanı veb-kameraların seçkilərin şəffaflığının təmin olunmasındakı mühüm rolu bir daha vurğulanaraq, veb-kameraların quraşdırılması və tənzimlənməsi prosesində qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb və zəruri tövsiyələr verilib. Media subyektləri nümayəndələrinin bilavasitə iştirakı ilə baş tutan tədbirdə jurnalistlər üçün brifinq də keçirilib.
Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub.
Xüsusilə qeyd edilib ki, ölkəmizin seçki praktikasında uzun illərdir müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişinin internet üzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən, habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç bir qeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır. Müxtəlif kateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asan iştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir.
O da diqqətə çatdırılıb ki, MSK veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkilərində də 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər.
Brifinqdə, həmçinin bələdiyyə seçkiləri ilə bağlı tamamilə yekunlaşmaqda olan hazırlıq işlərinin gedişatı barədə məlumat verilib və media mənsublarının sualları cavablandırılıb.
***
09:23
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bələdiyyə seçkiləri ilə əlaqədar məntəqələrdə quraşdırılmış veb-kameraların texniki nəzarət mərkəzinə baxış keçirirlər.
Teleqraf.com xəbər verir ki, rəsmilər MSK-nın binasında yerləşən mərkəz, həmçinin müvafiq məsələlər haqqında məlumatlandırılıblar.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində şəffaflığı təmin edilməsi məqsədilə 1000 məntəqədə veb-kameralar quraşdırılıb.