“Bəstəkarlar İttifaqının qurultayında hörmətli mədəniyyət naziri Adil Kərimli, eləcə də üzvlərimiz iştirak etdilər. Həmkarlarımla gözəl münasibətim var, məni seçən hər kəsə minnətdaram.”.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Bəstəkarlar İttifaqına yenidən sədr seçilən Xalq artisti Firəngiz Əlizadə deyib.
İttifaqın gələcək fəaliyyəti ilə bağlı məlumat verən Firəngiz Əlizadə nazir Adil Kərimlinin qurultaydakı çıxışına diqqət çəklib:
"Mədəniyyət naziri çox yaxşı çıxış etdi, bizə ümidlər verdi. Bildirdi ki, gənc bəstəkarların əsərləri nazirlik tərəfindən alınacaq. Düşünürəm ki, gənc bəstəkarların əsərləri daha intensiv şəkildə ifa olunmalı və alınmalıdır. Çünki onlar yaradıcılıq yolunun başlanğıcındadırlar.
Biz ittifaqın tərkibində Ağsaqqallar Şurası yaratdıq. Şuranın 80-90 yaşlı üzvləri var. Bəstəkar Tofiq Bakıxanov bizim bütün tədbirlərimizdə iştirak edir, əsərlər yazır, yaradır. Bu, çox sevindiricidir.
Planlarımız, hədəflərimiz çoxdur. Arzu edirəm ki, Azərbaycan musiqisi dünyada daha çox səslənsin, qəbul edilsin, sevilsin. Bu hədəflərin üzərində daim işləyirik".
Qeyd edək ki, Bəstəkarlar İttifaqının hazırda 160 üzvü var.