Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 33 min 379 cinayət qeydə alınıb, onlardan 87,6 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 327 fakt təşkil edib. Cinayətlərin 94,4 faizi və ya 31 min 526-sı daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 90,3 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 87,3, qeyri-aşkar şəraitdə baş verənlərin 86, şəxsiyyət əleyhinə olanların 98,9, onlardan qəsdən adam öldürmələrin 96,6, adam öldürməyə сəhdlərin 95,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, mülkiyyət əleyhinə olanların 83,3 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri 3 faiz yaxşılaşaraq 87,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 3271 nəfər tutulub, 216 kriminal qrup zərərsizləşdirilib.
Davam etdirilən profilaktik tədbirlərin nəticəsi olaraq müqayisə edilən dövrə nisbətən 2024-cü ildə qrup halında baş verən cinayətlərin sayında 23,2, ictimai yerlərdə baş verənlərin sayında 9, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlərin sayında 8 faiz azalma qeydə alınıb. Ümumi cinayətlər 9,4, ağır və xüsusilə ağır cinayətlər 18,9, qeyri-aşkar şəraitdə baş verənlər 18,1, qəsdən adam öldürmələr 9,6, adam öldürməyə cəhdlər 16,9, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,5, xuliqanlıqlar 5, odlu silahın tətbiqi ilə törədilənlər 21, mülkiyyət əleyhinə olanlar 10,4, onlardan avtonəqliyyat vasitələrini qaçırmalar 9,5, habelə yol-nəqliyyat hadisələri 12,8, qəzalarda xəsarət alanların sayı 13,1, ölənlərin sayı 11,4 faiz azalıb.
Prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edildiyini, 630 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcminin yerinə yetirildiyini qeyd edib.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri yaxşılaşaraq 87,9 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 527 fakt müəyyən edilib, həmin cinayətlərə görə 247 nəfər tutulub. Ümumilikdə 7.227 odlu silah və 1 milyona yaxın sursat aşkarlanıb.
Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir V.Eyvazov bildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250 kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51 kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəli cinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib. Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksək qiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davam etdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında uğurlu nəticələri olan bir çox əməliyyatların keçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu, Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.
Nazir onların, eləcə də yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsin, o cümlədən ictimai fəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və media mənsublarının fəaliyyətini təqdir edərək hər birinə təşəkkürünü bildirib.
Qadınlara qarşı zorakılıqla müşayiət olunan cinayətlərin qarşısının alınması, açılması, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün qabaqlayıcı tədbirlərin davam etdirildiyini bildirən nazir qadınların təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində keçdikləri bütün cinayət işləri, o cümlədən materialların mütəmadi təhlil olunduğunu, onları cinayətə təhrik edən amillərin öyrənilib aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, o cümlədən aidiyyəti orqan və təşkilatlara vəsatətlər verildiyini qeyd edib. Zorakı əməllərdən və məişət zəminində baş vermiş cinayətlərdən zərər çəkən qadınların prosessual hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2024-cü ildə qadınlarla bağlı törədilmiş cinayətlərin ümumi sayında 47 fakt, o cümlədən ailə münaqişəsi zəminli cinayətlərin sayında 1,8 faiz azalma müşahidə olunduğunu vurğulayıb.
Nazir yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında 18,5 faiz azalmanın qeydə alındığını da bildirərək gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində 6.055, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan olan 4.468 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Eyni zamanda Nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu bildirib. “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış müraciətlərə də çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 80,3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin yaradıldığını, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını nəzərə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib.